Siyasət 

Böyük Qayıdışa böyük hazırlıq

İşğaldan azad edilən rayonlarda aparılan inşaat işlərinin sürəti və həcmi dünyanı heyrətləndirir

Ermənistanın 30 ilə yaxın işğal altında saxladığı Azərbaycan  torpaqlarında həyata keçirdiyi cinayətlərin miqyası insanı dəhşətə gətirir. Belə ki, rəzil düşmən xalqımızın mədəniyyətinə, irsinə, respublikamızın təbiətinə qarşı tarixdə görünməmiş vandallıq törədib.  Təbii ki, Azərbaycan dövləti güclüdür və düşmənin onilliklər ərzində ölkəmizə, xalqımıza vurduğu maddi yaraların hamısını sağaldacaq. Məhz İkinci Qarabağ müharibəsinin başa çatmasından ötən qısa müddətdə Qarabağda və Şərqi Zəngəzurda aparılan bərpa və yenidənqurma işləri Prezident İlham Əliyevin  siyasi gücünün və qüdrətinin təsdiqidir.

Qeyd edək ki, işğaldan azad olunmuş ərazilərimizdə bərpa işləri hələ İkinci Qarabağ müharibəsinin davam etdiyi günlərdən başlamışdı. Düşməndən azad edilən Suqovuşana və Talışa gedən yolun çəkilişinə start veriləndə hələ hərbi əməliyyatlar davam edirdi. Torpaqlarımızın geri alınmasından dərhal sonra müxtəlif infrastruktur layihələrinin həyata keçirilməsinə başlanıldı. Müzəffər Ali Baş Komandan İlham Əliyevin azad edilmiş ərazilərə ilk səfəri Zəfər yolunun təməlinin qoyulması ilə yadda qaldı.

2021-ci il həm növbəti möhtəşəm layihələrin təməlinin qoyulması, həm də icra edilən layihələrin başa çatdırılması ilə əlamətdar oldu. Güləbird Su-Elektrik Stansiyasının, işğaldan azad edilmiş ərazilərdə 7 yarımstansiyanın, Suqovuşan və Talışa gedən yolların istifadəyə verilməsi, Şuşanın su və elektrik təchizatının təmin edilməsi, Bülbülün ev-muzeyinin, Molla Pənah Vaqifin məqbərəsinin, o cümlədən büstünün, Üzeyir bəy Hacıbəylinin heykəlinin,  Xarıbülbül və Qarabağ hotellərinin açılışı göstərdi ki, işğaldan azad edilmiş ərazilərimizin bərpası həm də kompleks xarakter daşıyır. Zəfər yolu,  Füzuli Beynəlxalq Hava Limanı kimi nəhəng və möhtəşəm layihələrin tam başa çatdırılması isə müharibədən yeni çıxmış dövlətimizin gücünü bir daha bütün dünyaya nümayiş etdirdi. Qısa dövrdə bu cür iri infrastrukturların yaradılması birmənalı olaraq bütün dünyada heyrət və maraq doğurur. Bütün bu layihələr dövlətimizin öz maddi imkanları ilə həyata vəsiqə almışdır.

Hazırda Qarabağ və Şərqi Zəngəzurda çoxsaylı layihələrin icrası davam etdirilir. Ötən il Prezident İlham Əliyevin işğaldan azad olunmuş rayonlarımıza səfərləri zamanı Ağdam,  Füzuli şəhərlərinin Baş planları təsdiq olunaraq təməlləri qoyulub. Eyni zamanda, Şuşada birinci məhəllənin, Ağdam şəhərində ilk yaşayış binasının və 1 saylı məktəbin, Ağdam Sənaye Parkının,  Laçın Beynəlxalq Hava Limanının, Cəbrayılda «Araz Vadisi İqtisadi Zonası» Sənaye Parkının, «KamAZ» ASC ilə «Gəncə Avtomobil Zavodu» İstehsalat Birliyinin birgə servis mərkəzinin, mərkəzi xəstəxananın, akademik Mehdi Mehdizadə adına tam orta məktəbin, ilk çoxmənzilli yaşayış məhəlləsinin, memorial kompleksin, Füzulidə çoxmənzilli yaşayış məhəlləsinin, Rəqəmsal Stansiya İdarəetmə Mərkəzinin, Dövlətyarlı kəndində «ağıllı kənd»in, Zəngilan rayonunda «ağıllı kənd»in, Beynəlxalq Hava Limanının, Rəqəmsal Yarımstansiyanın, «Dost Aqropark»ın təməli qoyulub. Dövlət başçısı İlham Əliyev Şuşada Radio-Televiziya Yayım Stansiyasının, mərkəzi xəstəxananın təməlqoyma mərasimində iştirak edib.

Bütün bunlarla yanaşı, Qarabağ və Şərqi Zəngəzurda işğaldan azad edilmiş bütün əraziləri əhatə edən yol şəbəkəsi qurulur. Əhmədbəyli-Füzuli-Şuşa, Füzuli-Hadrut, Hadrut-Cəbrayıl-Şükürbəyli, Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd, Bərdə-Ağdam, Toğanalı-Kəlbəcər-İstisu, Kəlbəcər-Laçın, Xudafərin-Qubadlı, Laçın, Qubadlı-Eyvazlı, Füzuli-Ağdam  yolları ən müasir standartlar səviyyəsində inşa olunur. Bu layihələr üzrə avtomobil yollarının uzunluğu 700 km-dən artıq olacaq. Bu yolların bir qismi ən mürəkkəb relyef şəraitində inşa olunur. O cümlədən azad edilmiş torpaqlarımızda yeni dəmir yolu infrastrukturu da yaradılır. Horadiz-Ağbənd dəmir yolu xətti həm azad olunmuş torpaqlara, həm də Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında gediş-gəlişinin təminatında əhəmiyyətli rol oynayacaq. Ağdam-Bərdə dəmir yolu xətti də Ağdam və işğaldan azad edilmiş digər rayonlarda aparılan tikinti-bərpa və abadlıq-quruculuq işlərinə töhfə verəcək.

Prezident İlham Əliyev yanvarın 12-də yerli televiziya kanallarına müsahibəsində bildirmişdi ki, bu il artıq infrastruktur layihələri ilə yanaşı, şəhərsalma layihələri icra ediləcək: «Biz indi məktəblərin, xəstəxanaların təməlini qoyduq. Ağdam, Füzuli şəhərlərinin Baş planı hazırdır. Digər şəhərlərin Baş planlarının hazırlanması ilə bağlı müvafiq şirkətlərlə sazişlər imzalanıb. Biz istəyirik ki, hər şey əsaslı olsun. Həm tez edək, eyni zamanda, tələskənliyə yol verməyək. Çünki hər şey əsaslı olmalıdır və ora qayıdacaq insanlar ən yaxşı şəraitlə təmin edilməlidir. Çünki bu insanlar 30 il ağır vəziyyətdə yaşayırdılar. Düzdür, onların bir çoxu dövlət tərəfindən ayrılmış gözəl mənzillərdə yaşayırdı, ancaq onlar həmişə Vətən həsrəti ilə, öz torpaqlarının həsrəti ilə yaşamışlar. Biz elə şərait yaratmalıyıq ki, onlar bundan sonra rahat yaşasınlar. Ona görə həm vaxt itirməməliyik, həm də tələsməməliyik. Hər şey əsaslı olmalıdır».

Təbii ki, işğaldan azad olunmuş ərazilərimizdə görülən işlər bununla bitmir. Doğma yurdlarından köçkün düşmüş vətəndaşlarımızın öz evlərinə qayıtması üçün görülən işlər bütün sahələri əhatə edir. Bu baxımdan 2022-ci il Qarabağ və Şərqi Zəngəzurun bərpa və quruculuğunda növbəti mühüm mərhələ olacaq.

Daha çox xəbərlər