Müstəqil dövlətimizin fəal qurucuları
Bu gün Azərbaycan gəncliyi ictimai həyatın bütün sahələrində öz intellekti və fəallığı ilə seçilir. Respublikada bütün istiqamətlər üzrə fəaliyyət göstərən gənc nəslin inkişafı üçün yaradılan geniş imkanlar onları cəmiyyətin aparıcı qüvvəsinə çevirib. Ötən əsrlə müqayisədə gənclərimizin beynəlxalq aləmə inteqrasiyasında nəzərəçarpan dönüş yaranıb. Əlbəttə, bu inkişaf dövlətimizin gəncliyə göstərdiyi diqqət və qayğının nəticəsidir. Vaxtilə ulu öndər Heydər Əliyevin bir çox addımları ilə bərabər, Azərbaycanın gənclər siyasətinin formalaşmasına dair apardığı siyasətin bariz nümunələri də bu gün ölkə gəncliyinin, cəmiyyətin inkişafına töhfə verir. Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi prinsiplər əsasında Prezident İlham Əliyevin çağırışlarına uyğun olaraq milli dəyərlərə bağlı, sağlam düşüncəli, vətənpərvər Azərbaycan gəncliyi formalaşdırılır.
Gənclərlə bağlı görülən tədbirlər Azərbaycan gəncliyinin inkişafına təkan verdi, onların cəmiyyətdə özlərini təsdiq etməsində böyük rol oynadı. 2002-ci il aprelin 9-da “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edildi. Bu Qanun Azərbaycan Respublikasında gənclər siyasətinin məqsədlərini, prinsiplərini, istiqamətlərini, təşkilati-hüquqi əsaslarını müəyyən edir və bu sahədə yaranan münasibətləri tənzimləyir. 2005-2009-cu illərdə gənclər siyasəti üzrə Dövlət Proqramı reallaşdırılmış və bu proqramın 100-dən çox bəndi həyata keçirilmişdir. “Xüsusi istedada malik olan uşaqların (gənclərin) yaradıcılıq potensialının inkişafı üzrə Dövlət Proqramı (2006-2010-cu illər)”, “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı, “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”,“Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramı da bu qəbildən olan proqramlardandır. Əlbəttə, bu və bir sıra digər mühüm sənədlərin qəbul olunması və uğurla həyata keçirilməsi ölkəmizdə gənclərin potensialının inkişaf etdirilməsi, onların faydalı məşğulluğunun təmin edilməsi istiqamətində böyük əhəmiyyət kəsb edir.
Nəzərə çatdıraq ki, Prezident İlham Əliyevin Sərəncamı ilə 2007-ci ilin “Gənclər ili” elan edilməsi də əhalinin bu təbəqəsinin ölkənin ictimai-siyasi həyatında daha fəal iştirakına zəmin yaratdı. Ölkə başçısı cənab İlham Əliyev təhsil, mədəniyyət, incəsənət və idman sahəsində qazanılan nailiyyətlərdə gənclərin rolunu yüksək dəyərləndirərək bəyan etmişdi: “Gənclər siyasətinə gəldikdə , həmçinin olduqca mükəmməl qanunvericilik bazası mövcuddur. Gənclər siyasəti ilə bağlı qanun var. Azərbaycanda gənclərlə bağlı iki Dövlət Proqramı qəbul olunub. Bu yaxınlarda biz Gənclər Fondu yaratmışıq. Dövlət büdcəsindən bu fonda ayrılan vəsaitlər gənclərə özlərini cəmiyyətdə təqdim etməyə şərait yaradır.”
Gənclər siyasətində qarşıya qoyulan vəzifələrdən biri də yeni nəslin nümayəndələrinə etimad göstərilməsi, məsul vəzifələrə, idarəetmə işinə irəli çəkilməsi, qabiliyyət və bacarıqlarını nümayiş etdirmək üçün şəraitin yaradılmasıdır. Artıq gənc kadrların irəli çəkilməsi siyasəti öz müsbət nəticələrini göstərir. Ölkə gənclərinin hərtərəfli inkişafına ən yüksək səviyyədə diqqət və qayğı göstərən Prezident İlham Əliyevin 2019-cu il 26 iyul tarixli Sərəncamı ilə “Yüksəliş” müsabiqəsi təsis edilib. Bu müsabiqənin əsas məqsədi intellektual səviyyəsi və idarəçilik keyfiyyətləri yüksək olan perspektivli rəhbər şəxslərin müəyyən edilməsi, dəstəklənməsi və ölkədə kadr ehtiyatı bankının yaradılmasıdır.
Prezident İlham Əliyevin gənclərin potensialının gerçəkləşməsinə, onların vətənpərvər, savadlı kadr kimi yetişməsinə, gənc ailələrin sosial təminatına yönələn tədbirləri dövlətin uzaqgörən siyasətinin göstəricisi kimi qiymətləndirilməlidir.
Gənclər siyasəti gənc nəslin ictimai-siyasi həyatdakı rolunun artmasına, ölkənin aparıcı qüvvəsinə çevrilməsinə, bütövlükdə, kreativ gəncliyin formalaşmasına şərait yaradıb. Dövlətin gənclərə dəstək və diqqət göstərməsinin nəticəsində Azərbaycan gəncliyində özünə, öz gücünə, istedadına inam hissi artıb. Gənclərimizin potensialının, fəallığının, məsələlərə yeni baxışlarının cəmiyyət üçün çox lazımlı olduğunu diqqətə alan Prezident İlham Əliyev 2019-cu il dekabrın 30-da Azərbaycan Respublikasında 2020-ci ilin “Könüllülər ili” elan edilməsi haqqında Sərəncam imzalayıb. Ölkəmizdə təxminən 20 min gənc könüllü olaraq çalışmış və indi onlar ayrı-ayrı təşkilatlarda müxtəlif vəzifələrdə işləyirlər. Könüllülər hərəkatının cəmiyyətin inkişafında xüsusi əhəmiyyəti var. Bu, cəmiyyətdə xeyirxahlıq, yeni davranış qaydalarını təbliğ edir. Könüllülər hərəkatı “ASAN xidmət”dən başladı və bu gün “ASAN xidmət”də işləyənlərin böyük əksəriyyəti gənclərdir.
Təbii ki, görülən işlər sadalananlarla yekunlaşmır. Gənclərin İnkişaf və Karyera Mərkəzi 2018-ci ilin noyabr ayında Azərbaycan Respublikası Gənclər Fondunun nəzdində fəaliyyətə başladı. Prezident İlham Əliyevin 1 oktyabr 2019-cu il tarixli Sərəncamına əsasən, gənc vətəndaşların dövlət gənclər siyasətinin tələblərinə uyğun şəkildə hərtərəfli inkişafının təmin olunması məqsədilə ölkənin şəhər və rayonlarındakı Heydər Əliyev mərkəzlərində Gənclərin İnkişaf və Karyera Mərkəzinin (GİKM) nümayəndəliklərinin yaradılması və fəaliyyətinin təmin edilməsi qərara alınmışdır. Gənclərin hərtərəfli inkişafının təmin olunması, əlavə bilik və bacarıqlara yiyələnmələri üçün GİKM nümayəndəlikləri tərəfindən müxtəlif peşə təlimləri, təhsil və təcrübə, könüllülük, görüşlər, seminarlar, intellektual oyunlar və digər tədbirlər təşkil olunur. Nümayəndəliklər vasitəsilə regionda yaşayan gənclər dövlət tərəfindən onlar üçün yaradılan imkanlar barədə məlumat və məsləhət almaq, həmçinin müxtəlif proqramlara müraciət və onlarda iştirak etmək imkanı qazanırlar. Respublikanın 55 şəhər və rayonunda Gənclərin İnkişaf və Karyera Mərkəzinin nümayəndəlikləri fəaliyyət göstərir.
Bugünkü Azərbaycan gəncliyi ulu öndər Heydər Əliyevin ideyaları ətrafında sıx birləşmiş və hazırda Prezident İlham Əliyevin uğurlu, son dərəcə çevik siyasəti nəticəsində iri addımlarla gələcəyə doğru inamla irəliləyən təbəqədir. Ümummilli lider Heydər Əliyevin dahiyanə uzaqgörənliklə müəyyənləşdirdiyi siyasətin son 18 ildə Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində adımız tarixə qısa müddətdə- 44 gündə Zəfər qazanmış ölkə kimi yazıldı. Zəfərin əldə edilməsində istər ön cəbhədə, istərsə də arxa cəbhədə öz intellektuallığı, dünyagörüşü ilə yanaşı, həm də olduqca vətənsevər Azərbaycan gəncliyinin fəaliyyəti danılmazdır. Rəşadətli Azərbaycan Ordusunun sıralarında Vətən uğrunda mətanətlə vuruşan qəhrəman gənclərimiz öz adlarını xalqımızın ən yeni tarixinə qızıl hərflərlə yazdılar. Məhz onların qorxmazlığı, igidliyi, Vətənə, xalqa olan sevgisi sayəsində əldə olunan bu şanlı Zəfər ölkəmizin ərazi bütövlüyünü bərpa etdi. Xalqımız otuz illik həsrətdən sonra tarixi torpaqlarımıza qovuşdu. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev bununla bağlı demişdir: “Bu gün Azərbaycan gəncləri cəmiyyətimizin fəal hissəsidir. Biz haqlı olaraq gənclərimizlə fəxr edə bilərik. Bizim gənclərimiz torpaq uğrunda, Vətən uğrunda vuruşurlar. Bizim şəhidlərimizin böyük əksəriyyəti gənclərimiz olubdur. Bizim gənclərimiz hərbi qələbələrimizi şərtləndiriblər.” Qeyd etdiyimiz kimi, gənclərimiz Vətən uğrunda döyüşlərlə yanaşı, həm də arxa cəbhədə yüksək fəallıq göstərib, ölkəmizlə bağlı həqiqətlərin, işğalçı Ermənistanın əzəli torpaqlarımızda törətdikləri vandalizm aktlarının beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılmasında fəal iştirak ediblər.
Ümummilli lider Heydər Əliyev həmişə gənclərimizə böyük ümidlər bəsləyirdi və dəfələrlə qeyd edirdi ki, Azərbaycanın gələcəyi gənclərin əlindədir. Azərbaycanda dövlət gənclər siyasətini daha da inkişaf etdirmək, gəncləri dövlət idarəçiliyində aparıcı yerlərdən birini tutan qüvvəyə çevirmək və onların sosial-iqtisadi problemlərinin həllini təmin etmək məqsədi ilə ölkə rəhbərliyi bütün lazımi tədbirləri həyata keçirir.
Aparılan siyasətin, görülən işlərin nəticəsi kimi tam əminliklə deyə bilərik ki, bu gün Azərbaycan gəncliyi öz intellektual, kreativ və mənəvi-ideoloji yetkinliyi ilə dünya gəncləri arasında qibtə olunacaq nüfuz qazanıb.

