Siyasət 

Zakir Həsənov Türkiyədə – masada nələr var?

Hərbi ekspert: “Müzakirə edilən məsələlərin məxfi xarakter daşıması da mümkündür”

Türkiyənin milli müdafiə naziri Hulusi Akarın dəvəti ilə Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov fevralın 1-də Türkiyəyə işgüzar səfərə gedib.

Bu barədə  Müdafiə Nazirliyindən məlumat verilib.

Səfər çərçivəsində Türkiyə milli müdafiə naziri ilə görüşdə regional təhlükəsizlik, iki qardaş ölkənin orduları arasında qarşılıqlı əlaqənin inkişafı, eləcə də hərbi-texniki, hərbi təhsil və hərbi tibb sahələri üzrə əməkdaşlıq və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə ediləcək.

Səfər NATO-Rusiya münasibətlərinin gərgin dövrünə təsadüf edir. Ukraynada hər an müharibə təhlükəsi var. Bir neçə gün əvvəl Z.Həsənov İranda da səfərdə olub və regional təhlükəsizliklə bağlı məsələlər orada da müzakirə olunub. Z.Həsənovun İrandan dərhal sonra Türkiyəyə səfəri regional təhlükəsizliklə bağlı üçtərəfli müzakirələrin aparıldığını təsdiqləyir. Maraqlıdır ki, səfər Şuşa Bəyannaməsinin parlamentdə ratifikasiya olunduğu günə də təsadüf edir. Şuşa Bəyannaməsi beynəlxalq sənədlər kateqoriyasında geniş və əhatəli bir sənəddir. Burada əldə edilən razılıqların əksəriyyəti digər sənədlərdə də öz əksini tapıb.

Murad Sadəddinov | Banker.az

Murad Sadəddinov 

Politoloq Murad Sadəddinov “Yeni Müsavat”a bildirdi ki, son vaxtlar Azərbaycan müdafiə nazirinin regionda aktiv olan dövlətlərə ard-arda səfərləri müşahidə olunur. Nazirin İrana səfər etməsi, yüksək səviyyəli görüşlər keçirməsi, bu ölkə istehsalı olan silahların nümunələri ilə tanışlıq onu göstərdi ki, Tehranla Bakı arasında olan münasibətlər növbəti mərhələyə keçir: “Bu mərhələ o cümlədən hərbi-texniki əməkdaşlığa keçməyə də işarə sayıla bilər. Regionda təhlükəsizlik məsələləri ilə bağlı aktivlik var. İran regionun böyük dövlətidir və Cənubi Qafqaza təsir imkanlarına malikdir. Bu ölkə ilə əməkdaşlıq sülh prosesinə təsirini göstərəcək.

Müdafiə nazirinin Türkiyəyə səfəri regionda təhlükəsizliyə müsbət təsir edəcək səfərdir, eyni zamanda Türkiyə-Azərbaycan hərbi müttəfiqliyinin möhkəmlənməsində yeni addımların atılacağına hazırlıq kimi də edilən səfər sayıla bilər.

Ermənistanda revanş əhval-ruhiyyəsi yenidən müşahidə olunmaqdadır. Bu baxımdan da Azərbaycan hər cür situasiyaya hazır olmaq üçün hərbi, siyasi hazırlıqlarını davam etdirməkdə haqlıdır. Türkiyə Azərbaycan üçün ən əsas strateji partnyordur, hərbi müttəfiqdir. Türkiyə ilə bizim hərbi əməkdaşlığımız hər keçən gün daha da genişlənməlidir. Sevindiricidir ki, hər iki tərəf məhz bu xətti yürüdür. Bundan sonrakı fəaliyyətdə və ortaya çıxan hər hansı bir yeni vəziyyətlərdə həmçinin Şuşa Bəyannaməsindən irəli gələn məsələlər də önə çıxarılacaq. Hulusi Akar bu yaxınlarda da bəyan edib ki, ordumuzla Azərbaycanın yanındayıq və yanında olacağıq. Azərbaycan üçün hər hansı bir təhdid yaranarsa, müttəfiq Türkiyənin silahlı qüvvələri Azərbaycanın yanında olacaq”.

Orduda TÜRKİYƏ MODELİ: “Bir generalı eyni vəzifədə bir neçə ildən çox  görməyəcəyik” – Rövşən Məhərrəmov – Yenicag.Az

 Rövşən Məhərrəmov

Hərbi ekspert, polkovnik Rövşən Məhərrəmov isə bildirdi ki, Azərbaycan Ordusu regionun ən güclü ordularından biridir, ancaq bununla kifayətlənmək olmaz, ordunun güclənməsi davamlı həyata keçirilməlidir. Azərbaycan müdafiə nazirinin son zamanlar güclü ordusu olan qonşu dövlətlərə səfərlərində məqsədlərdən biri də məhz budur: “Azərbaycan Ordusu Türkiyə ordusu modelinə keçir. Azərbaycan Ordusunda komando briqadaları yaradılır. Bu briqadalar sırf türk ordusu modelində qurulur. Müdafiə nazirinin Türkiyə səfərində Türkiyə ordusunun rəhbərliyi bu məsələlərdə bundan sonrakı fəaliyyətin müzakirə olunacağı, bu istiqamətdə ciddi qərarlar, razılaşmalar əldə olunacağı şübhəsizdir. Yeni komando briqadaları da bundan sonra formalaşdırılacaq. Azərbaycanla Türkiyə arasında hərbi müttəfiqliyi təsdiqləyən Şuşa Bəyannaməsi artıq Milli Məclisdə imzalandı. Bu müttəfiqlik Azərbaycana hər hansı xarici təhdid olarsa Türkiyə ordusunun Azərbaycana dəstəyini, hərbi-texniki əməkdaşlığı, hərbçilərin təhsili, birgə təlimlərini də əhatə edir. Hərbinin elə bir sahəsi olmayacaq ki, Türkiyə-Azərbaycan müttəfiqliyini əhatə etməsin. Ən vacib məsələlərdən biri Türkiyənin istifadə etdiyi ən müasir və keyfiyyətli silahların Azərbaycan Ordusunun arsenalına cəlb edilməsinin davam etdirilməsidir. Yəqin ki, nazirlərin görüşündə bu məsələlər müzakirə olunacaq. Müdafiə nazirinin səfərində şübhəsiz ki, müzakirə edilən və qəbul edilən qərarların sırasında elə məsələlərin də olması mümkündür ki, məxfi xarakter daşısın. Yəni elə məsələlər var ki, onu bilməyəcəyik”.

Daha çox xəbərlər