Siyasət 

Şuşa Bəyannaməsi: Qardaşlığın əbədi simvolu

Qarabağın tacı, mədəniyyət paytaxtımız Şuşanın şahidliyi ilə imzalanan, Milli Məclisin fevralın 1-də təsdiqlədiyi Azərbaycan-Türkiyə müttəfiqlik sənədi münasibətlərimizin  bundan sonrakı inkişafının aydın mənzərəsini təqdim edir

«Şuşa Bəyannaməsinin  imzalanması bizim münasibətlərimizi  daha da yüksək səviyyəyə  qaldırdı. Faktiki olaraq  biz Şuşa Bəyannaməsinin imzalanması ilə de-fakto olan münasibətlərimizi  de-yure  səviyyəsinə qaldırdıq, yəni, müttəfiqlik səviyyəsinə. Onsuz da bu, hər sahədə  müttəfiqlik  əlaqələri idi.  Ancaq  biz bunu artıq  rəsmiləşdirdik və bu, gələcək fəaliyyət üçün  bir yol istiqamətidir. Biz bu yolla gedəcəyik.  Gündən-günə  möhkəmlənən  münasibətlər, artan birgə layihələr və bizim həmrəyliyimiz, qardaşlığımız  hesab edirəm ki, bu gün bütün qonşu  ölkələr üçün bir örnəkdir” söyləyən dövlət başçısı İlham Əliyev onu da  qeyd edir ki, əgər bütün qonşular Türkiyə ilə Azərbaycan kimi münasibətlər qursaydılar, o zaman dünyada  heç bir savaş, heç bir müharibə olmazdı.

2020-ci ilin   27 sentyabrından başlanan Vətən müharibəsinin davam etdiyi müddətdə daim Azərbaycanın yanında olduğunu bəyanatları, dəstəyi ilə bildirən Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan kimi, qardaş ölkənin dövlət rəsmilərinin ölkəmizlə həmrəylik nümunəsi olan sözləri xalqımıza dəstək idi. 2020-ci ilin dekabr ayının 10-da paytaxtımızda keçirilən   Zəfər paradını Azərbaycan Prezidenti İlham Əliyevın  türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla birgə izləməsi  dostluğun əbədi simvolu idi. Türkiyə kimi müttəfiqi olan Azərbaycan İkinci Qarabağ savaşında tarixi missiyanı yerinə yetirdi, ədaləti, ərazi bütövlüyünü bərpa etdi və dünyaya ədalət, beynəlxalq hüquq kimi məfhumların mövcudluğunu çatdırdı.

Vətən müharibəsinin davam etdiyi, eyni zamanda, postmünaqişə dövründə xarici mətbuata müsahibələrində  Azərbaycan xalqının Qələbəsində qardaş Türkiyənin mənəvi dəstəyindən bəhs edən Prezident İlham Əliyev bu fikri xüsusi qeyd edir ki,  müharibə başlandığı ilk gündən qardaş Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğanın «Azərbaycan tək deyil» bəyanatı dünyaya ciddi mesaj oldu.  44 günlük Vətən müharibəsinin hər gününü Azərbaycanla birgə yaşayan, qələbə xəbərlərini böyük coşqu ilə qeyd edən qardaş ölkənin postmünaqişə dövrünün reallıqlarının təsdiqində və  təqdimatında da Azərbaycanın yanında olması qürurvericidir.  Bu gün ölkəmizin həyatında yaşanan yeni mərhələdə- işğaldan azad edilmiş ərazilərimizdə aparılan bərpa və qurulucuq işlərinin yüksək səviyyədə həyata keçirilməsində Türkiyə şirkətlərinin fəal iştirakı da dünyaya ciddi mesajdır.  Türkiyə Prezidenti  Zəfər paradındakı nitqində bildirmişdir: «Qarabağ artıq Ana Vətəninə qovuşmuş,  otuz illik həsrət  sona çatmışdır. Türkiyə və Azərbaycan olaraq  bundan sonrakı hədəfimiz  bu torpaqları daha abad, daha inkişaf etmiş, uşaqlarımızın  daha yaxşı yaşayacağı  bir yerə çevirmək üçün  mübarizə aparmaqdır.  Türkiyə və Azərbaycan  kürək-kürəyə verdikcə  Allahın izni ilə  çətinliklərin  öhdəsindən gəlməyə, uğurdan-uğura çatmağa  davam edəcəkdir.»

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan işğaldan azad edilmiş ərazilərə ilk səfər edən xarici ölkənin  dövlət başçısıdır. Onun  ailəsi ilə birgə  Şuşada keçirilən həmrəylik, birlik tədbirlərində iştirakı, böyük tarixi əhəmiyyətə malik Müttəfiqlik Bəyannaməsinin imzalanması bu dostluğun, qardaşlığın sarsılmazlığının nümayişidir.  Şuşa görüşünü hər iki xalqın həyatında əlamətdar gün, tarixi hadisə adlandıran «Bu səfərin tarixi əhəmiyyəti var. Çünki bu gün imzalanmış Birgə Bəyannamə – Müttəfiqlik haqqında Bəyannamə əlaqələrimizi ən yüksək zirvəyə qaldırır. Bəyannamənin adı Müttəfiqlik haqqında Bəyannamədir və bu ad özü-özlüyündə hər şeyi göstərir, hər şeyi deyir. Biz bu gün keyfiyyətcə yeni əlaqələr qurmuşuq və bu Bəyannamədə göstərilən bütün müddəalar bizim gələcək iş birliyimizin təminatçısıdır» söyləyən Prezident İlham Əliyevin vurğuladığı kimi, Türkiyə və Azərbaycan arasındakı tarixi, mənəvi, ortaq etnik köklərə bağlılıq, oxşar dilimiz, dinimiz, milli dəyərlərimiz, milli maraqlarımız, xalqlarımızın qardaşlığı, həmrəyliyi dünya miqyasında nadir əməkdaşlıq, iş birliyi, müttəfiqlik nümunəsidir. İmzalanmış Bəyannamə isə ulu öndərlərin – «Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir» söyləyən Mustafa Kamal Atatürkün, “Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir” aforizminin müəllifi Heydər Əliyevin vəsiyyətlərinə sadiqlikdir. «Biz bu vəsiyyətə sadiqik və XXI əsrdə azad edilmiş Şuşada Müttəfiqlik Bəyannaməsini imzalayarkən əcdadlarımıza sadiqliyimizi nümayiş etdiririk və gələcək nəsillərə yol göstəririk» söyləyən Prezident İlham Əliyev onu da bildirir ki,  Müttəfiqlik Bəyannaməsində 100 il bundan əvvəl imzalanmış tarixi Qars müqaviləsinə istinad olunmaqla, dövlətlərarası iş birliyinin gələcək istiqamətləri də əksini tapır. Tarixi sənəddə beynəlxalq müstəvidə birgə əməkdaşlıq, siyasi, iqtisadi-ticarət əlaqələri, mədəniyyət, təhsil, idman, gənclər siyasəti kimi mühüm sahələrin əhatə olunması, hər iki dövlətin təşəbbüsü ilə reallaşan enerji, nəqliyyat layihələrinin əhəmiyyətinin, müdafiə sahəsində əməkdaşlığın, iş birliyi məsələsinin ön planda göstərilməsi tarixi nailiyyətdir. Başqa sözlə, Türkiyə ilə Azərbaycan hər iki ölkənin təhlükəsizliyinin qorunmasında da birgə iştirak edəcək. Bəyannamədə bu da İkinci Qarabağ savaşından sonra yaranmış yeni geosiyasi vəziyyətin nəticəsidir. Bu gün beynəlxalq müstəvidə aktual olan Zəngəzur dəhlizinin açılması ilə bağlı Bəyannamədə çox aydın ifadələrin əksini tapması bu dəhlizin bərpasına mane olanların cəhdlərinin əsassız olduğunu təsdiqləyir. Prezident İlham Əliyevin «Bu gün biz Türkiyəni və Azərbaycanı dəmir yolu ilə, avtomobil yolu ilə birləşdirəcək Zəngəzur dəhlizi haqqında nəinki danışırıq, bu dəhlizi əməli işlərlə yaradırıq. Müttəfiqlik haqqında imzalanmış Birgə Bəyannamədə bu məsələnin əks olunması böyük məna daşıyır» sözləri dəhlizlə bağlı revanş çağırışlar səsləndirən Ermənistana və  onun havadarlarına  xəbərdarlıqdır. Şuşada Azərbaycan və Türkiyənin bayraqlarının qoşa dalğalanması,  Türkiyənin bütün bölgələrindən gələn mesajlar, təbriklər, dəstək, həmrəylik ifadələri bir daha bütün dünyaya Türkiyə- Azərbaycan birliyini nümayiş etdirdi. «Bölgədə təsiri olan hər kəsi həqiqətləri görməyə, Azərbaycan xalqının Zəfərini qəbul etməyə və gələcəyə baxmağa dəvət edirik. Atəşkəs razılaşmasından sonra artıq bölgədə bütün tərəflər üçün yeni əməkdaşlıq imkanları yaranıb. Azərbaycanlı qardaşlarımın bu məsələdə son dərəcə istəkli olmalarının ən yaxın şahidiyik» söyləyən Rəcəb Tayyib Ərdoğan bölgədə sabitliyi təmin edəcək Rusiya, Türkiyə, Azərbaycan, Ermənistan, Gürcüstan və İranın daxil olduğu altılı platformanın regiona  sülh, firavanlıq gətirəcəyini qeyd etdi və bölgədəki yeni reallığa fayda vermək istəyən hər kəsi nifrət və təhrik siyasətindən əl çəkərək sülh və əməkdaşlığı təşviq edən sabitliyə qoşulmağa çağırdı.

Azərbaycanın  ötən il oktyabrın 26-da Qarabağın hava qapısını qardaş Türkiyə ilə birgə dünyaya açması da özündə bir çox məqamları ehtiva edir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə keçirilən tədbir dostluğumuzun, qardaşlığımızın dünyaya növbəti mesajı oldu. Türkiyə Prezidenti Füzuli Beynəlxalq Hava Limanına ilk xarici uçuşu həyata keçirən dövlət başçısıdır.  Bu mühüm layihə də birgə iki qardaş ölkənin birgə səylərinin nəticəsidir. Belə ki, Füzuli  Beynəlxalq Hava Limanı  Türkiyə və Azərbaycan mühəndislərinin ortaq fəaliyyətləri əsasında  inşa edilib. Bu, Azərbaycanın işğaldan azad edilmiş ərazilərimizdə həyata keçirdiyi ilk böyük layihədir. Onu da qeyd edək ki, bu səfər çərçivəsində Zəngilanda həyata keçirilən «ağıllı kənd» layihəsi ilə yaxından tanış olan hər iki dövlətin Prezidenti, eyni zamanda, «Dost Aqropark»ın təməlini qoydular. Bu da iki qardaş ölkənin birliyinin dünyaya təqdimatı olan investisiya layihəsidir.

Hər bir uğurlu addım, mühüm əhəmiyyət kəsb edən tarixi gün keçilən yolun təhlilini bir zərurət kimi ortaya qoymaqla yanaşı, qarşıdakı dövrün konturlarının cızılmasında stimulverici amil rolunu oynayır. Milli Məclisin fevralın 1-də Şuşa Bəyannaməsini təsdiqləməsi,  bir daha  son bir ildən artıq dövrdə Azərbaycan-Türkiyə münasibətlərinə əlavə olunan yenilikləri təhlil etməyi bir zərurət kimi qarşımıza qoydu.  Bu inam ifadə edilir ki, bundan sonra da Türkiyə-Azərbaycan birliyinin təcəssümü kimi yeni-yeni layihələr gündəmə gətiriləcək və onların  uğurlu icrası ilə tariximizə mühüm səhifələr yazılacaq.

Hər iki dövlətin siyasi iradəsi əsasında reallaşan layihələr Türkiyə-Azərbaycan qardaşlığının daha da möhkəmlənməsinə qoyulan sərmayələr kimi dəyərləndirilir. Nəzərə alsaq ki, ölkəmiz yeni inkişaf mərhələsini- işğaldan azad edilmiş torpaqlarda bərpa və quruculuq işlərinin həyata keçirilməsi dövrünü yaşayır, əminliklə deyə bilərik ki,  bu kimi layihələr saysız-hesabsız olacaq.

Daha çox xəbərlər