Əsas səhifə 

Vətənpərvər, intellektual və qəhrəman gənclər çağdaş tariximizin yaradıcılarıdır

Prezident İlham Əliyevin iştirakı ilə keçirilən Azərbaycan Gəncləri Gününün 25 illiyinə həsr olunmuş Gənclər Forumu çox önəmli məqamlarla yadda qaldı. Daha çox sual-cavab formatında keçirilən bu Forumda bir daha aydın oldu ki, ölkə rəhbərliyi çağdaş Azərbaycan gəncliyi ilə qürur duyur.

Bu, bir reallıqdır ki, dövlətimizin milli dəyərlər üzərində qurulan gənclər siyasəti yeni və mükəmməl gənclik ordusu yetişdrib. Biz bunu 44 günlük Vətən mühribəsində də gördük. Bəli, məhz Ermənistanın 30 illik işğalına qətiyyətli, özünəinamlı və cəsur Azərbaycan gəncləri son qoydu. Forumdakı çıxışında Prezident bu barədə dedi ki, Vətən uğrunda düşmənin üzərinə gedənlərin əksəriyyəti gənclər idi: « Bu, hər birimiz üçün qürur mənbəyidir. Çünki son illər elə bir gənc nəsil yetişdi ki, hətta Qarabağı görməyən, o acı tarixi görməyən gənclər Qarabağ uğrunda, Vətən uğrunda, milli ləyaqət uğrunda ölümə getdilər və şəhid, qazi oldular.»

Xalqımızın Vətən müharibəsində tarixi Qələbəsi böyük milli potensialımızı üzə çıxardı. Reallıq göstərdi ki, müstəqillik dövründə Azərbaycanda dövlətçilik dəyərlərimizə bağlı, tarixi yaddaşı qoruyub saxlayan, vətənpərvər və əzmkar bir nəsil yetişib. Bu nəsil xalqın milli maraqlarının pozulmasına heç zaman yol vermədi və verməyəcəkdir. Azərbaycanın vətənpərvər gənci haqqımız olanın əlimizdən alınması ilə barışmır. Xalqımızın övladları canları-qanları bahasına da olsa, Azərbaycanın adının, bayrağının ucalarda olmasını təmin edirlər.

Vətən müharibəsinin gedişində hər yeri bayraqlarımızla bəzəyən, gur səsi ilə cəmiyyətimizi qələbə ovqatına kökləyən, inam yaradan da əsasən gənclərimiz idi. Prezidentin səfərbərlik çağırışına on minlərlə gənc mərdliklə cavab verdi.

Ölkə rəhbərinin «neft kapitalının insan kapitalına çevrilməsi» istiqamətində həyata keçirilən tezisinin reallaşdırılması tədbirlərin əsas subyekti, təbii ki, Azərbaycan gəncliyidir. Bu reallıq nəzərə alınaraq Azərbaycanda gəncliyə keyfiyyətli təhsil imkanlarının təmin edilməsi, fərdi inkişaf mühitinin hər kəs üçün əlçatanlığı naminə, demək olar ki, bütün imkanlar səfərbərliyə alınır. Azərbaycan Prezidentinin ölkə gəncliyinə əsas çağırışları da məhz təhsillə, biliklərin, innovativ bacarıqların əldə olunması ilə bağlıdır. Xüsusilə dövlət büdcəsindən gəncliyin inkişafına ayrılan vəsaitin həcmi genişlənir. Forumda xaricdə təhsil proqramı ilə bağlı sualı cavablandıran Prezident İlham Əliyev dedi: «Biz bunu ona görə edirdik ki, azərbaycanlı gəncləri yetişdirək, onlar gözəl peşə sahibləri olsunlar, mütəxəssis olsunlar. Əsas məqsəd budur – xalqımızın intellektual potensialının möhkəmləndirilməsi.»

Dövlət başçısının sözlərinə görə, gənclər 30-dan çox ölkənin 300-dən çox ali məktəblərinə ezam edilib və bu məqsədlər üçün 200 milyon manat vəsait xərclənib. Prezident bildirdi ki, 2016-cı ildə biz bu proqrama başlayanda Azərbaycanda vəziyyət elə idi ki, bir çoxları bəlkə də orada, xaricdə qalmağı seçə bilərdilər. Ancaq buna baxmayaraq, dövlət xətti ilə oxuyanların böyük hissəsi Azərbaycana qayıdıb.

Prezident İlham Əliyev yeni proqramın artıq işlənildiyini və müvafiq sərəncamın keçən il verildiyini xatırladaraq bildirib: «Yəqin ki, bu ildən başlayaraq, biz bu proqramı bərpa edəcəyik, yeni formada bərpa edəcəyik. Yəni, əvvəl birinci proqramın tutaq ki, çatışmazlıqları nəzərə almaq şərtilə. İldə təqribən 400-ə qədər gənc dünyanın aparıcı ali məktəblərinə göndəriləcəkdir.»

Hazırda Azərbaycan gəncliyi ölkəmizdə aparılan davamlı islahatların əsas kadr bazası kimi də çıxış edir. Dövlət rəhbəri gəncləri müxtəlif yüksək dövlət vəzifələrinə irəli çəkir. Onlara etimad göstərir. Gənclərin simasında idarəetmə sistemi zamanın çağırışlarına uyğun dəyişir, ölkə həyatına mütərəqqi meyillər daxil olur. Azərbaycan gəncliyi öz bilik və bacarıqları ilə ölkəmizdə aparılan inkişaf proseslərinə töhfə verir.

Daha çox xəbərlər