Böyük Qayıdış başlayır!
Prezident İlham Əliyev: Bu il ilk keçmiş köçkünlər öz doğma torpaqlarına qayıdacaqlar
Vətən müharibəsində qazandığımız möhtəşəm Qələbədən sonra işğaldan azad edilmiş torpaqlarımızda başlanan sürətli bərpa-quruculuq işləri planlı formada həyata keçirilir və yeni innovativ yanaşmalar tətbiq olunmaqla mərhələli şəkildə bütün sahələri əhatə edir. İlk olaraq yol infrastrukturu və kommunikasiyaların bərpası istiqamətində görülən işlər digər iri layihələrin də reallaşdırılmasına şərait yaradır. Bu baxımdan artıq istifadəyə verilmiş Zəfər yolu əsas olmaqla ilkin yol şəbəkəsi sahəsində, həmçinin elektrik enerjisi təchizatı, su xətlərinin çəkilişi, bərpası və digər istiqamətdə görülən işlər müstəsna əhəmiyyət daşıyır.
Fevralın 2-də Bakıda Azərbaycan Gəncləri Gününün 25 illiyinə həsr olunmuş Gənclər Forumunda iştirak edən Prezident İlham Əliyev gənclərlə səmimi dialoq zamanı işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işləri ilə bağlı sualı da cavablandırdı. Bu işlərin geniş vüsət aldığını bildirən dövlətimizin başçısı qeyd etdi ki, bu il həm ənənəvi işlər, yəni, infrastruktur işləri davam etdiriləcək, həm də artıq keçmiş məcburi köçkünlər üçün nəzərdə tutulmuş yaşayış binalarının inşasına başlanacaq.
Nəzərə almaq lazımdır ki, ermənilər tərəfindən tamamilə dağıdılmış kənd və şəhərlərimiz, yollarımız, əkin və otlaq sahələrimiz, hətta qəbiristanlıqlarımız faşistcəsinə piyada və tank əleyhinə minalarla, partlamamış döyüş sursatları ilə çirkləndirilib. Vəhşi düşmənin insanlığa sığmayan bu addımı nəticəsində Qarabağda və Şərqi Zəngəzurda yüzminlərlə partlamamış minalar mövcuddur və Azərbaycan əraziləri belə çirkləndirilmiş dünya ölkələrinin ilk beşliyindədir. Bu səbəbdən azad edilmiş torpaqlarda həyata keçirilən bərpa və quruculuq işlərinin ilk mərhələsi minaların təmizlənməsidir və təbii ki, bu proses müəyyən qədər vaxt aparır. Ancaq bütün bunlara baxmayaraq qısa vaxtda kifayət qədər böyük layihələrin reallaşdırılmasına nail olunub, düşmən tapdağından azad edilmiş torpaqlarımıza həyat qayıdır.
Görülən işlərin miqyasını bərpa-quruculuq işlərinə dövlət büdcəsindən ayrılan vəsaitin məbləğinə əsasən daha aydın təsəvvür etmək mümkündür. Belə ki, bu il işğaldan azad olunmuş ərazilərin bərpasına dövlət büdcəsindən 2,2 milyard manat vəsaitin ayrılması nəzərdə tutulub. Gələcəkdə həmin məbləğin lazım olan qədər artırılacağı, habelə özəl sektor tərəfindən ayrılacaq vəsaitləri və xarici investisiyaları da bura əlavə etsək, məbləğin daha çox olacağı istisna edilmir.
Bu il həyata keçirilməsi planlaşdırılan layihələr haqqında danışan Prezident İlham Əliyev Zəngilan rayonunun Ağalı kəndinin inşasının artıq tamamlanmasını qeyd etdi və bildirdi ki, bunun böyük rəmzi mənası var. Çünki artıq bu il ilk keçmiş köçkünlər öz doğma torpaqlarına qayıdacaqlar: “Ağalı kəndi elə bil bizim istədiyimizin təcəssümüdür. Biz bu torpaqlarda hansı səviyyə görmək istəyirik, insanlar üçün yaradılacaq hansı rahatlığı görmək istəyirik, bu layihədə öz əksini tapıb. Amma, eyni zamanda, bu, pilot layihədir. Bu layihə ilə bağlı gedən işlərə ondan sonra qiymət veriləcək, təhlil aparılacaq və növbəti layihələr əminəm ki, bütün bu təhlili nəzərə alacaq. Amma bu, çox böyük rəmzi xarakter daşıyır. Çünki belə çıxır ki, müharibədən heç iki il keçməmiş biz haradasa, yaz-yay aylarında Ağalı kəndinin sakinlərini artıq orada yerləşdirmək istəyirik. İki il keçmədən artıq qayıdış başlayır.”
Dövlətimizin başçısı bildirdi ki, azad olunmuş torpaqlarda keçən il bütün enerji şəbəkəsi qurulub. Ancaq bəlli olduğu kimi, ermənilər Kəlbəcər və Laçın rayonlarını tərk edəndə onlara verilən müddət ərzində vəhşicəsinə bizim meşələrimizi qırmış, evləri yandırmış, eyni zamanda, orada mövcud olan su elektrik stansiyalarını da söküb dağıtmışlar. Odur ki, 2021-ci ildə su elektrik stansiyalarının tikintisinə də başlanılıb və bu il azad edilmiş torpaqlarda 5 su elektrik stansiyası inşa ediləcək. Bu isə həm ümumi enerji potensialımızı gücləndirəcək, həm də hər yeni yaradılan infrastruktur obyekti iş yerlərinin yaranmasına gətirib çıxarır. Gənclərin bu işlərə cəlb olunmasının əhəmiyyətini vurğulayan Prezident İlham Əliyev bildirdi ki, bütün şəhərlərimiz dirçəldikcə bu iş yerlərində, ilk növbədə, müasir biliklərə malik olan gənclər, azad edilmiş rayonlardan olan gənclər işləməlidirlər: “Məsələn, Şuşa şəhərində oteldə və digər yerlərdə işləyənlərin bir çoxu şuşalıların uşaqlarıdır, şuşalılardır. Düzdür, onlar uşaq olublar, onlar sizin kimi gəncdirlər. Amma onlar orada artıq fəaliyyət göstərirlər. Zəngilan Hava Limanı bu il açılacaq. Orada da kifayət qədər iş yerləri açılacaq, o cümlədən gənclər üçün. İnfrastruktur layihələri, Zəngəzur dəhlizi… Biz 2023-cü ildə dəmir yolunu mütləq Ermənistan sərhədinə gətirəcəyik, avtomobil yolunun da tikintisi gedir. Yəni, bütün bu işlərdə gənclər fəal iştirak edirlər. Çünki orada müxtəlif sahələrdə indi minlərlə insan çalışır.”
Qeyd edək ki, işğaldan azad olunmuş ərazilərin iqtisadi dirçəlişi istiqamətində prioritet sənaye layihələrinin həyata keçirilməsi bölgənin təbii resurs potensialının ölkənin iqtisadi artımına yönəldilməsini də dəstəkləyəcək. Bütün layihələrin reallaşdırılması zamanı isə müasir innovativ yeniliklərin tətbiqi nəzərdə tutulur və Dördüncü Sənaye İnqilabı ərəfəsində bu amil xüsusi əhəmiyyət daşıyır. Odur ki, yeni tələbləri qarşılamaq üçün gənclərin potensialından istifadə edilməsi təqdirəlayiqdir. Dövlətimizin başçısı bununla bağlı bildirdi ki, azad edilmiş torpaqlar “ağıllı şəhər” modeli əsasında qurulacaq: “ağıllı kənd”, yaşıl enerji zonası – bütün bu yeni sahələr, yeni peşələr, əlbəttə, gənclərin sərəncamında olacaq. Çünki Dördüncü Sənaye İnqilabı ilə bağlı olan yeniliklər, ilk növbədə, Azərbaycanda gənclər tərəfindən mənimsənilir və gənclər xətti ilə biz bu siyasəti icra edəcəyik.”
Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında planlı şəkildə həyata keçirilən bərpa-quruculuq işlərinin miqyası bir daha göstərir ki, işğaldan azad olunmuş ərazilərimizin dirçələcəyi, o yerlərə yeni və xoşbəxt həyatın qayıdacağı günlər uzaqda deyil. Bütün bu işlərin reallaşmasında isə müasir gəncliyin əvəzsiz töhfəsi olacaqdır. Vətənin azadlığı uğrunda müsəlləh əsgərə çevrilmiş Azərbaycan gəncliyi indi həmin torpaqlarımızda aparılan bərpa-quruculuq işlərində də ən yüksək səviyyədə iştirak etməyə hazır və qadirdir.

