Siyasət 

“Kasıb uşaqları ac yatır” deyənə baxın…

Xalqın adından danışmağı, xalqın dərdlərindən və problemlərindən bəhs etdiyini fasiləsiz vurğulamağı, “Mən xalqın yayındayam!” şüarını mantraya çevirməyi sevən, sevib də siyasi fəaliyyət modelinə çevirən siyasətçi əksər hallarda ikiüzlü, yalançı və yaramaz birisidir.

Ən naqis istəklərinə, ən rəzil planlarına “xalq” kəlməsi ilə kölgə salaraq gizlətməyə çalışan belə siyasi kapusinlər hər ölkədə var.

Türkiyədə də.

Türkiyənin “ana müxalifət” partiyası sayılan Cumhuriiyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıcdaroğlu istisnasız olaraq hər çıxışında və bəyanatında, müraciətində “xalq” kəlməsini həvəslə, fasiləsiz işlədir.

Partiyasının adındakı “xalq” kəlməsi onu başçılıq etdiyi strukturun məhz vətəndaşların rifahını, xalqın maraqlarını ön plana çəkməsini, fəaliyyətinin alfa və omeqasına çevirməyi zəruri, hətta ehtiva edir.

Fəqət, sən demə, hər şey əksdir.

Türkiyədəki hakimiyyəti tənqid edərək “kasıb uşaqları ac yatır, bu hakimiyyət vətəndaşları düşünmür!” deyən Kamal Kılıcdaroğlu əslində lüks həyat, dəbdəbəli yaşam düşkünüdür.

Üstəlik, çox bəsirətsiz, istedadsız və primitiv yalançıdır.

CHP funksioneri, İstanbulun bələdiyyə sədri Əkrəm İmamoğlunun bu günlərdə, şəhərin güclü qar səbəbindən iflic olduğu dönəmdə dəbdəbəli restorana balıq yeməyə getməsi təəccüblü deyil. Həmin restorandakı şam yeməyinə görə İmamoğlunun 48 min türk lirəsi ödəməsi, onun mətbuat katibi Muran Ongünün 500 min lirəlik “sadə” qış tətili də heyrətamiz olay deyil.

Çünki bu adamların siyasi lideri ikiüzlü, siyasətçi ləyaqətinin və əxlaqının nə olduğunu çoxdan unutmuş Kamal Kılıcdaroğludur.

CHP lideri nə qədər sadə, təvazökar, sutkada az qala 24 saat xalqı düşünən adi insan olduğunu göstərmək üçün Twitter akkauntunda əvvəlcə mətbəxdə masa arxasında oturduğu anlarda çəkilmiş fotosunu, sonra da bir otağın küncündəki masa arxasında çalışdığı məqamın fotosunu paylaşıb.

“Adi, sıradan bir mənzildə sadə həyat sürən insan” obrazı yaratmağa çalışan Kılıcdarğlunun PR xidməti bu dəfə çox ciddi səhvə yol verib.

Kamal Kılıcdarğoğlunun “gecənin bir aləmində yatmayaraq çalışdığı sadə iş otağı”nın fotosu əslində, onun mənzilində çəkilməyib.

CHP-nin gənclər təşkilatı da “lider”lərinin həmin fotosunu Türkiyə hakimiyyətini nəzərdə tutaraq “Sarayın trolları ifşa olundu” heşteqi ilə paylaşıb. Yəni sən demə, Türkiyə iqtidarının mənsubları və hakimiyyətdəki AKP tərəfdarları Kılıcdaroğlunu tənqid edirsə, həmin tənqidçilər yalan danışır və trollinqlə məşğul olurlar.

Bu fotoda K.Kılıcdarğlu İstanbuldakı “İstanbul Hilton Bosphorus” beşulduzlu otelinin superlüks, “Presidential Suite” tipli nömrəsində əks olunub.

Bir zamanlar Türkiyədə mediamaqnat olmuş milyarder Aydın Doğana məxsus sözügedən oteldəki həmin nömrənin bir sutkalıq qiyməti 6454 avrodan başlayır.

“Bu ölkədə kasıb uşaqları gecələr ac yatır” deyən Kamal Kılıcdaroğlu sürəkli olaraq həmin oteldə, bəhs etdiyimiz nömrədə qalmağı sevir.

CHP lideri sosial şəbəkələrdə də saxtakar və fırıldaqçıdır. Belə ki, onun sürəkli təriflədiyi, “geniş xalq kütlələrinin mənə verdiyi dəstəyin nişanəsi” kimi təqdim etdiyi Twitter akkauntundakı daimi təqibçilərinin 44,6 faizi botlardır.

“Sənin neçə siman var, Kılıcdaroğlu?” sualının ritorikliyini səsləndirmirəm.

Zira cavab bəlli – saysız…

Daha çox xəbərlər