Sosial 

Ölkəmizin artan iqtisadi gücü geniş tikinti-quruculuq işləri və infrastruktur layihələrin icrası üçün yeni imkanlar açır

Prezident İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində ölkəmiz gündən- günə inkişaf etməkdədir. Azərbaycanın iqtisadi potensialının düzgün istiqamətləndirilməsi, bu sahədə şəffaflığın təminatı görülən işlərin kəmiyyət və keyfiyyət baxımından yüksək həddə çatmasına səbəb olmuşdur. Ölkə başçısı cənab İlham Əliyevin şəxsən özünün bölgələrə səfərlər etməsi, bu səfərlər zamanı çoxsaylı təməlqoymalar və açılışlar həyata keçirməsi, işlərlərin gedişi, layihələrin icrası ilə birbaşa özünün maraqlanması uğurlu nəticələrin əsas mənbəyidir.

Son günlərdə Prezident İlham Əliyevin Azərbaycanın ikinci şəhəri olan Gəncəyə rəsmi səfər etməsi, Gəncədə uğurla icra olunan layıhələrlə yaxından tanış olması fikirlərimizin əyani sübutudur.

Son illərdə Gəncənin əsas infrastruktur layihələrinin böyük əksəriyyəti öz həllini tapıb, yollar tam müasirləşdirilib, şəhərə Bakıdan dəmir yolu xətti tam modernləşdirilib, Gəncənin səhiyyə və təhsil infrastrukturu yenilənib.

Dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə Regionların Sosial-İqtisadi İnkişafı Dövlər Proqramı çərçivəsində görülən işlər bizim rayonumuzda da uğurla icra edilib. Yollarımız asfaltlanıb, yaşıllıq-abadlaşdırma işləri aparılıb, əhali mavi yanacaqla və elektrik enerjisi ilə təmin olunub. Füzuli rayonu ərazisində iri infrastruktur layihələrin icrası uğurla həyata keçirilib. Bu layihələr sırasında mədəniyyət müəssisələri, aqrar obyektlər, inzibati binalarla yanaşı təhsil və səhiyyə müəssisələri də üstünlük təşkil edir. Yeni məktəb, bağça binaları tikilməklə yanaşı, təhsil müəssisələrinin təmiri də həyata keçirilib. Hətta ən ucqar kəndlərimizdə belə dövlət tərəfindən müasir standartlara cavab verən təhsil obyektləri inşa olunub. Qeyd etməyi özümə borc bilirəm ki, rayonumuzun ərazisində infrastruktur layihələrin icrasında dövlətimizlə yanaşı Heydər Əliyev Fondunun da böyük əməyi var. Heydər Əliyev Fondunun Prezidenti, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqət və qayğısı nəticəsində rayonumuzun ərazisində 1 məktəb, 5 məktəbəqədər müəssisə tikilib istifadəyə verilmiş, 1 məktəb isə əsaslı təmir edilmişdir.

Rayonumuzun ərazisində inşa edilmiş və müasir standartlara cavab verən Müalicə Diaqnostika Mərkəzində kənd şəraitində açıq ürək əməliyyatları belə keçirilmişdir. Dövlət tərəfindən yeni inşa edilmiş Füzuli rayon Mərkəzi Xəstəxanasının binası həm pandemiya ilə mübarizədə, həm də Vətən müharibəsi zamanı böyük rol oynamışdır.

Bildiyimiz kimi Füzuli rayonu Vətən müharibəsində əsas cəbhələrdən biri olmuşdur. Erməni faşistləri tərəfindən mülki əhalimizin yaşadığı ərazilərə açılan atəşlər nəticəsində yaşayış evlərinə və digər mülki obyektlərə ciddi ziyan dəymişdir. Vətən müharibəsi zamanı rayonumuzun mülki əhali yaşayan ərazilərinə 300-ə qədər raket atılmış və bunun nəticəsində də dağıntılar və tələfat olmuşdur. Vətən müharibəsində rayonumuzun 4 mülki şəhidi var. Müharibə bitdikdən dərhal sonra rayonumuzun ərazisində zərər dəymiş evlər sürətli şəkildə tikilmiş, bərpa və təmir olunmuşdur.

Hazırda işğaldan azad edilmiş ərazilərdə geniş tikinti-quruculuq və bərpa işləri aparılır. Görülən işlərin miqyası və sürəti dövlətimizin iqtisadi gücünün göstəricisidir. Müharibənin bitməsindən bir ildən bir qədər artıq vaxt keçir. Bu müddət ərzində dövlətimiz tərəfindən işğaldan yeni azad edilmiş ərazilərdə görülən işlər həqiqətən heyrət doğurur. Sevindirici haldır ki, bu işlər bizim rayonun ərazisində də uğurla icra olunur. Füzuli Beynəlxalq Hava Limanı kimi təkrarsız bir layihənin cəmi 8 aya tikilib istifadəyə verilməsi, böyük strateji əhəmiyyət daşıyan Horadiz-Ağbənd dəmir yolunun çəkilişinin uğurla davam etməsi, ərazinin enerji təminatında mühüm amil olan Füzuli yarımstansiyasının açılması, yol nəqliyyat infrastrukturunun sürətlə və son standartlar səviyyəsində qurulması dövlətimizin iqtisadi gücünün göstəricisi və real nəticələridir.

Füzuli şəhərinin baş planı artıq təsdiq edilib. Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Füzuli rayonunun ictimaiyyət nümayəndələri ilə görüşündə şəxsən iştirak edən bir ziyalı olaraq deyə bilərəm ki, Qarabağımızın tezliklə cənnətə çevriləcəyindən qəti əminik. Ölkə başçımız 18 illik hakimiyyəti dövründə ümumilikdə 14 dəfə rayonumuza səfər edib. Bu səfərlərin hər birində mühüm obyektlərin açılışı və təməlqoyması həyata keçirilib. Bütün bunlar dövlət başçımızın biz füzulilərə olan diqqət və qayğısının göstəricisidir. Bizlərin Füzuli həsrətinə son qoyduğuna, bizlərə hər zaman diqqət və qayğı göstərdiyinə və görülən bütün bu işlərə görə ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz dərin minnətdarlığımızı bildiririk.

Ramella Məmmədova,

Füzuli RTŞ-nin müdiri

Daha çox xəbərlər