İnfeksionist: “Omikron” daha çox yuxarı tənəffüs yollarına, “delta” isə ağciyərlərə təsir edir – MÜSAHİBƏ
İnsanlar son zaman öz sağlamlıqlarına bir qədər məsuliyyətsiz yanaşırlar. Buna səbəb koronavirusun “omikron” ştammı ilə yoluxma zamanı xəstəliyin gedişatının sələflərinə nisbətən daha yüngül olması iddiasıdır.
Bunu Media.Az-a açıqlamasında infeksionist Nicat Əzimli deyib.
Onun sözlərinə görə, bu gün virusa yoluxanların sayında kəskin artım var; müxtəlif statistik məlumatlara görə, vətəndaşların 90-98%-i koronavirusun “omikron” ştammı ilə yoluxub.
“Nadir hallarda biz hələ də “delta” ştammı ilə yoluxanlarla rastlaşırıq. Lakin bu vəziyyətdə də xəstəliyin gedişatını asan adlandırmaq olmaz. Bir qayda olaraq, virus ağciyər toxumalarına daxil olur, onlara təsir göstərir. “Omikron”a yoluxduğuna ümid edən vətəndaşlar isə vaxtında müalicəyə başlamayaraq xəstəliklərini səthi müalicə edirlər. Ona görə də indiki zamanı pandemiyanın bütün vaxtları ilə müqayisədə ən təhlükəli dövr hesab edirəm”.
Onun sözlərinə görə, həqiqətən də “omikron”, yalnız yuxarı tənəffüs yollarına təsir göstərməklə daha asan keçir, “delta” isə ən çox ağciyərlərə təsir göstərir.
“Yoluxmuş insanlar əvvəlcədən hansı ştamma yoluxduqlarını bilmirlər, lakin müalicələrinə barmaqarası yanaşırlar. Bu xəstəliyə laqeyd yanaşmaq olmaz, dərhal həkimlərlə əlaqə saxlanılmalı və infeksiyanın gedişatına nəzarət edilməlidir”, – deyə infeksionist bildirib.
Bundan əlavə, onun sözlərinə görə, unutmaq olmaz ki, xüsusən də yanaşı xroniki xəstəlikləri olan insanlarda “omikron” fəsadlar törədə bilər.
“Koronavirus infeksiyasının bütün ştamları üçün müalicə protokolu identikdir, lakin orada yazılan dərmanlar bütün xəstələrə uyğun deyil. Simptomlardan asılı olaraq, həkim tibbi müayinə əsasında müvafiq müalicəni təyin edir. Bu, fərdi xarakter daşıyır”, – deyə o, izah edib.
Həkimin sözlərinə görə, təəssüf ki, çox vaxt xəstələr təyinat olmadan mədələrini antikoaqulyantlarla doldurmağa başlayır, ağır antiviral, steroid dərmanlar, həmçinin virus infeksiyalarının müalicəsində istifadə olunmayan və təsirli olmayan antibiotiklər qəbul edir. Bu çox təhlükəlidir, bütün bu dərmanları yalnız həkim müayinəsinin nəticələrini əldə etməklə və mümkün riskləri nəzərə alaraq təyin edə bilər.
Nicat Əzimli koronavirusun müalicəsi üçün lazım olan dərmanların lazımi siyahısını açıqlamağın mümkün olmadığını izah edərək, bunun fərdi xüsusiyyət daşıdığını bir daha vurğuladı.
“Yaşından və yanaşı xəstəliklərin mövcudluğundan asılı olaraq, xəstəyə etiotrop və ya patogenetik terapiya aparılır”, – deyə o, sözlərini yekunlaşdırdı.
Cəmilə Ələkbərova

