Cəmiyyət 

Tarix yazan Vətən sevdalısı

Ləyaqət  və şərəf işimiz olan Azərbaycanın  suverenliyi, ərazi bütövlüyü uğrunda  gedən  mübarizədə rəşadət göstərən ordumuzun   əsgər və zabitləri İkinci  Qarabağ müharibəsində 44 günə canları, qanları bahasına  30 il düşmənin əsarətində qalan Vətən torpaqlarını azad etdilər.  Qazanılan  bu şanlı qələbədə xalqımızın igid oğlanları sırasında  qəhrəmanlıq rəmzinə çevrilmiş, adı dillərdə dastan olmuş  Samiq Rizvan oğlu Rəhimov da var.  Astara rayonu, Səncərədi kəndində dünyaya gələn  Samiq Azərbaycanın müqəddəs guşəsi olan  Qarabağın yada yurd olmağına heç cür dözə bilmirdi.   O, müqəddəs şərəfli bir yolda-Vətən, torpaq uğrunda şəhid olanda  ömrünün 30 ilini yaşayırdı.

Bütöv bir millətin ürəyinə qəhrəmanlıq toxumu səpən Samiq Rəhimov özünü  bilən  gündən   Vətəninə bağlanır.  Xalqına gərək olmaq, elinə fayda vermək onun həyat amalına çevrilir.  Samiq 2010-cu ildə qəlbində Vətənə məhəbbət, yağıya nifrət  həqiqi hərbi xidmətə yollanır. İstəyi tezliklə   Vətən torpaqlarını mənfur düşmən tapdağından azad görmək olur.  Samiq ilk gündən nümunəvi xidməti ilə seçilir. Son dərəcə  mərd, cəsur, ağıllı  bir gənc olmaqla zabitlərin, əsgərlərin hörmətini qazanır.   Əsgəri borcunu ləyaqətlə yerinə yetirən Samiqin düşməndən qisas almaq arzusu onu ömürlük hərbiyə bağlayır.

Vətənin qəhrəman oğlu  2016-ci ilin Aprel döyüşlərində  düşmənə öz gücünü göstərə bilir. Sözün həqiqi mənasında erməni dığalarına qan uddurur, onlarla canlı qüvvəsini, neçə-neçə  hərbi texnikasını məhv edir. Baş çavuş rütbəsini alır.

Samiq Vətən müharibəsi başlanan  günü  odun-alovun içinə atılır.  Və düşməndən  sona qədər döyüşərək qisas alacağına and içir.  Belə də olur. Füzuli, Cəbrayıl   uğrunda qanlı döyüşlərində  yüksək  şəxsi rəşadət və şücaət  göstərir.  Samiq 25 oktyabrda Qubadlıda gedən ağır, qeyri-bərabər  müharibədə şəhid olur. Yolunda qan tökdüyü torpağı Vətən edir, həm də  şərəfli ölümü ilə özünə  milyonların ürəyində əbədi məkan qurur. Dövlət tərəfindən  isə “Vətən uğrunda”, “Cəsur döyüşçü”,  Füzulinin, Cəbrayılın azad olmasına görə medallara layiq görülür.

Vətəni müharibəsinin qalib  şəhidi  özündən sonra  xalqına, elinə üç övlad yadigar qoyubdur.  Övladları onunla qürur duyur, adını uca tuturlar.

Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Daha çox xəbərlər