Bakı və Ankara ilə sülh istəyən Xaçatryan – prezidentliyə əsas namizəd sözükeçərli olacaqmı?
Hakim partiya yüksək texnologiyalar sənayesi nazirini bu vəzifəyə namizəd irəli sürüb, analitiklərə görə, idarəetmə modelini dəyişərkən prezidentlik Paşinyana keçəcək; Qabil Hüseynli: “Səriştəli məmur, liberal dünyagörüşünə malik adamdır, sülh sazişinə töhfələr verə bilər…”
Ermənistanda prezidentliyə bir neçə namizədin adı hallansa da, əsas namizəd bəlli olub – iqtidar nümayəndəsi Vahaqn Xaçatryan. Xaçatryan namizəd qismində yerli İTV-yə veriyi müsahibədə deyib ki, Ermənistan öz qonşuları ilə sülh şəraitində yaşamalıdır.
“Mən qonşularla mübahisə eləməyi, dalaşmağı təsəvvürümə gətirmirəm. Hesab edirəm ki, qonşularla yalnız sülh şəratində yaşamaq lazımdır”, – prezidentliyə namizəd vurğulayıb. Hakim “Vətəndaş Müqaviləsi” partiyasından olan Xaçatryanın sözlərinə görə, Ermənistan Azərbaycan və Türkiyə ilə sülh içində yaşamalıdır. Prezidentliyə namizəd Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasına pozitiv baxdığını deyib: “Prosesi davam etdirmək lazımdır. Bu nəticədə iqtisadi və siyasi münasibətlərin yaranmasına gətirib çıxaracaq”.
“Yeni Müsavat” bildirir ki, əslində, baş nazir Nikol Paşinyana da məhz bu mövqeyi sərgiləyən namizəd lazım idi. Buna qədər keçmiş prezident Armen Sarkisyan, o cümlədən sabiq xarici işlər naziri Ara Ayvazyan onun siyasi kursuna zidd fəaliyyət göstərirdilər. Hər ikisi Ankara və Bakı ilə əlaqələrin normallaşması əleyhinə iş aparır, radikal cəbhədə dayanırdılar. Ona görə Paşinyan komandanı təmizləyərək, onun sözünə baxan, siyasi xəttini dəstəkləyən kadrlarla işləməyə hazırlaşır. Bu həm də konstitusiya dəyişikliklərinə hazırlıq mərhələsidir və çox güman ki, Xaçatryan da vəzifəsində uzun müddət qalmayacaq. Əgər Ermənistan prezident üsul-idarəçiliyinə qayıdarsa, Paşinyan özü bu vəzifəni daşımağa çalışacaq. Amma buna qədər Xaçatryanın açıqlamalarından görünür ki, Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşmasının tərəfdarıdır.

Ermənistanın “Joğovurd” nəşri yazıb ki, V.Xaçatryan yüksək texnologiyalar sənayesi naziridir və partiyanın idarə heyəti onun prezidentliyə namizədliyini irəli sürüb. Ermənistan parlamentinin insan hüquqlarının müdafiəsi və ictimai məsələlər üzrə daimi komissiyasının sədri Taquhi Tovmasyan deyib ki, Xaçatryan böyük ehtimalla bu vəzifədə sadəcə əvəzedici olacaq.
“Bildiyiniz kimi, hökumət artıq konstitusiya dəyişiklikləri üzərində işləyir. Daxil olan məlumat və təhlillərə əsasən demək lazımdır ki, Konstitusiyaya Dəyişikliklər Şurasına ölkənin idarəetmə modelini dəyişmək, parlament idarəetmə formasında prezident və ya yarı prezident idarəetmə formasına keçidi təşkil etmək tapşırılıb. Bu o deməkdir ki, Ermənistan prezidenti seçilməli olan Xaçatryan yeni kostyum və daha əhatəli səlahiyyətlərlə əsl ünvan sahibi peyda olmadığı müddətcə prezident kürsüsünü tutacaq”, – deyə o qeyd edib.
Erməni analitiklərin fikrincə, konstitusiya dəyişikliklərindən sonra Ermənistan öz gücünü bərpa etmək üçün prezident və ya yarı prezident idarəetmə modelinə keçərkən həmin mövqe Paşinyana keçəcək. Bəs bizim mütəxəssislər nə düşünür?

Qabil Hüseynli
Professor Qabil Hüseynlinin “Yeni Müsavat”a bildirdiyinə görə, deyilənlərdə həqiqət payı var: “Paşinyanın əsas hədəfi gücləndirilmiş və icra hakimiyyətinin bütün funksiyalarını əlində cəmləmiş prezident idarəçiliyi formalaşdırmaqdır. Bunun üçün referendum keçirilməlidir və xeyli vaxt lazım gələcək. Hazırkı namizəd isə kifayət qədər səriştəli məmurdur, liberal dünyagörüşünə malik adamdır, sülh sazişi və münasibətlərin normallaşması istiqamətində töhfələr verə bilər”.
Q.Hüseynli qeyd etdi ki, Xaçatryan Paşinyana yaxın adamdır: “Hətta Paşinyan prezident olsa, onun baş nazir təyinatı mümkündür. Ancaq bu işlər iki il vaxt alacaq. Paşinyan siyasi komandasını özünə yaxın şəxslərdən formalaşdırır və bu proses son mərhələyə daxil olub. Bundan sonra Ermənistan üzərində nəzarətini tam gücləndirəcək, Bakı və Ankara ilə bağlı siyasətini daha rahat həyata keçirə biləcək, daxildəki gücləri neytrallaşdıracaq. Belə görünür ki, Paşinyan hakimi-mütləq olmağa yaxınlaşmaqdadır”.

