Bugünümüzün reallığı: Azərbaycan tarixi Zəfərimizin yaratdığı reallıqları qəbul etdirir
Prezident İlham Əliyevin, Fransa Prezidentinin, Avropa İttifaqı Şurasının Prezidentinin və Ermənistanın baş nazirinin iştirakı ilə videoformatda keçirilən görüş bu məqama bir daha işıq saldı
30 illik işğal dövründə havadarlarına arxalanaraq yalanlarını həqiqət kimi qəbul etdirməyə çalışan işğalçı Ermənistan gec-tez hazırkı durumu yaşayacağını bilirdi. Çünki ədalətin, beynəlxalq hüququn maraqların arxasında əriməsi müəyyən dövrlər üçün mümkün olsa da bu prosesin bütün tarix boyu davam edəcəyi mümkünsüzdür. Tarix saxtakarlığı sevməməklə yanaşı, faktlara əsaslanır, ədalət, beynəlxalq hüquq öndə dayanır. Bir mühüm məqamı da qeyd edək ki, hər bir ölkənin ərazi bütövlüyü, sərhədlərinin toxunulmazlığı Birləşmiş Millətlər Təşkilatının sənədlərində təsbit edilmiş beynəlxalq hüququn sarsılmaz prinsipidir. BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul edilən qətnamələrində Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğu, erməni işğalçılarının ərazilərimizdən qeyd-şərtsiz çıxarılmasının vacibliyi öz əksini tapıb. Amma bu qətnamələr bəzi dünya dövlətlərinin ikili standartlara əsaslanan siyasəti, Ermənistana dəstəyi ucbatından 30 ilə yaxın müddətdə kağız üzərində saralaraq icrasını gözlədi. Bu kimi addımlar isə dünyanın hüquq problemini yaşadığını böyük əminliklə söyləməyə əsas verərək dünya güclərinə qarşı etimadsızlıq mühitinin yaranmasına səbəb oldu.
Azərbaycanın 44 günlük Vətən müharibəsində tarixi Qələbəsi bu dövlətlərə, beynəlxalq təşkilatlara ciddi mesaj oldu. BMT Təhlükəsizlik Şurasının qətnamələrini təkbaşına icra edib işğala son qoyan, Azərbaycanın ərazi bütövlüyünü bərpa edən ordumuz şəhidlərimizin, həlak olan mülki əhalinin qisasını döyüş meydanında aldı. 44 günlük Vətən müharibəsi Azərbaycan dövlətinin, xalqının gücünü, əzmini, döyüş ruhunu bir daha dünyaya nümayiş etdirdi. Dövlətimizin qətiyyəti, xalqımızın iradəsi, rəşadətli ordumuzun qüdrəti, birliyimiz, həmrəyliyimiz işğal altında olan torpaqlarımızın azad olunması və həmin ərazilərimizdə Azərbaycanın üçrəngli bayrağının dalğalanması ilə nəticələndi. 44 gün həqiqət anı kimi bütün qaranlıq məqamlara işıq saldı. Artıq Dağlıq Qarabağ münaqişəsi arxada qalıb, əzəli Azərbaycan torpaqları hazırda quruculuq və bərpa dövrünü yaşayır. İşğaldan azad edilmiş ərazilərimizi ziyarət edən, Ermənistan silahlı qüvvələrinin törətdikləri cinayətlərdən dəhşətə gələn beynəlxalq təşkilatların nümayəndələri və digər xarici qonaqlar bir daha Qarabağ torpaqlarında heç yerdə görmədikləri faciənin, vandalizmin şahidi olduqlarını etiraf edirlər. Azərbaycan tarixi Qələbəsi ilə erməni faşizmini məğlub etdi. Dövlətimizin başçısı bildirir ki, vəzifəmiz ondan ibarətdir ki, erməni faşizmi bir daha bu bölgədə baş qaldırmasın. Artıq “Dağlıq Qarabağ münaqişəsi” termininin arxada qaldığını bildirən ölkə Prezidentinin bəyan etdiyi kimi, bu termindən yalnız tarix haqqında danışanda istifadə etmək olar.

