Azərbaycanın regionda aparıcı rolu Kembric Universitetində müzakirə olunub
Azərbaycanın Böyük Britaniyadakı səfiri Elin Süleymanov bu ölkənin tanınmış təhsil ocaqlarından olan Kembric Universitetinə səfər çərçivəsində universitetin rəhbər şəxsləri, professorlar və tələbələr ilə bir sıra görüşlər keçirib, təhsil sahəsində əməkdaşlıq perspektivlərini müzakirə edib.
Səfirlikdən “Report”a verilən məlumata görə, həmçinin səfirlik nümayəndələri məşhur Kavendiş (Cavendish) fizika laboratoriyası ilə tanış olublar və Kembric şəhərində yaşayan Azərbaycan icmasının üzvləri ilə görüş keçirilib.
Sonra Universitetin nəzdində fəaliyyət göstərən Kembric Mərkəzi Asiya Forumu (Cambrigde Central Asia Forum) tərəfindən “Xəzər hövzəsinin Regional Dinamikaları” (Caspian Regional Dynamics) mövzusuna dair seminar keçirilib.
Seminar Kembric Mərkəzi Asiya Forumunun direktoru Professor Montu Saksena tərəfindən aparılıb. Seminarda çıxış edən diplomat Azərbaycanın geosiyasi əhəmiyyətindən ətraflı söz açıb. Belə ki, Azərbaycan müstəqilliyinin ilk günlərindən regionda sülh, inkişaf və inteqrasiya üçün səy göstərməkdədir. Bu da öz növbəsində Ümummili lider Heydər Əliyev strategiyasının əsas istiqaməti olub.
Səfir Azərbaycanın dünyada tolerantlıq nümunəsi kimi tanındığını və daim dialoqu dəstəklədiyini bildirmişdir. Hətta müharibədən sonra 30 illik işğala son qoyaraq, növbəti gün cənab Prezident İlham Əliyev sülhə çağırış edərək, Ermənistana əməkdaşlıq və kommunikasiya xətlərinin açılmasını təklif etdiyini diplomat xüsusi olaraq qeyd edib.
O, qeyd edib ki, Azərbaycan türk dünyasının qovşağıdır, bununla yanaşı qonşu və regional dövlətlər ilə əməkdaşlığını dinamik şəkildə inkişaf etdirir. Qoşulmama Hərəkatı kimi nəhəng təşkilata sədr seçilmək Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüslərinin beynəlxalq tərəfdaşlarımız tərəfindən səmərəli və yüksək qiymətləndirilməsinin göstəricisidir. Həmçinin, pandemiya dövründə Türk Şurası dövlətlərinin proseslərə çevik şəkildə reaksiya verərək, təcili preventiv tədbirlər həyata keçirdiklərini, BMT-dən sonra ikinci ən böyük beynəlxalq təşkilat olan Qoşulmama Hərəkatına sədrliyi dövründə COVID-19 pandemiyasına qarşı mübarizə üzrə BMT Baş Assambleyasının xüsusi sessiyasının çağırılması yüksək qiymətləndirilmişdir və “Peyvəndlərin ədalətli və bərabər bölüşdürülməsinə dair qətnamə”nin qəbul edilib.
Səfir Azərbaycanın müstəqillik əldə etdikdən sonra enerji siyasətində davamlı addımlar atmağa başladığını, “Əsrin müqaviləsi”, Bakı-Supsa neft kəməri, Bakı-Tbilisi-Ceyhan neft qaz kəmərləri ilə dünya bazarlarına çıxış əldə edildiyini, Xəzər dənizi Qara dəniz, Aralıq dənizi ilə qovuşduğunu, eyni zamanda Gürcüstan və Türkiyənin regionda fəal aktorlara çevrildiyini bildirdi. Bütün bunlar təsadüf deyildi, əlbəttə ki, Heydər Əliyevin dərin uzaqgörən strategiyasının bir hissəsi idi deyə səfir fikirlərinə əlavə edib.
Müqayisə olaraq Ermənistanın səhv qərarlarının, öz qonşuları ilə beynəlxalq hüququn normalarına uyğun münasibətlər qurmaq əvəzinə işğalçılıq siyasəti yürütmələrinin nəticəsində dövlətçilik iflas etmiş və Ermənistan beynəlxalq layihələrin qazandırdığı əlavə dividentlərdən kənarda qalmışdır.
Səfir Azərbaycanın hətta müstəqillik elan etməsindən əvvəl qonşu Ermənistanın Azərbaycana qarşı təcavüz və işğal prosesini başlamasını xatırladıb, beynəlxalq qanunlar, BMT-nin Ermənistanın torpaqlarımızı dərhal və qeyd-şərtsiz azad etməsinə dair məlum 4 qətnaməsi, İslam Əməkdaşlıq Təşkilatının müvafiq qətnamələri və s. çoxsaylı beynəlxalq-hüquqa uyğun reaksiyalar, Ermənistan əleyhinə olsa da 30 il davam edən bütün bu danışıqlar faydasız olduğunu qeyd etmişdir.
Diplomat regionun lider neft-qaz ixracatçısı olan Azərbaycanın, həmçinin yaşıl iqtisadiyyat konsepsiyasının da tam dəstəkləyini deyib. O, həmçinin Birləşmiş Krallığın BP şirkəti işğaldan azad olunmuş zonalarımızda yaşıl iqtisadiyyatın şaxələndirilməsində ən fəal tərəfdaşlarımızdan biri olduğu iştirakçıların diqqətinə çatdırıb.
Bu gün Azərbaycanın təşəbbüsü ilə Cənub-Şərqi Avropada yeni reallıqlar yaranmışdır. Bu təşəbbüslər ideologiya və siyasətə yox, daha çox praktiki və məhsuldar yanaşmalara əsaslanır. Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin VIII toplantısında şərtlərə uyğun olaraq ABŞ, Avropa İttifaqının Komissarları və 20 yaxın dövlətin iştirakı da bunu sübut edir.
E.Süleymanov bu gün regionda sülh və sabitliyin davamlı olması vacibliyini bildirib.
Səfir sonda, fevral ayının 26-da Xocalı soyqırımının 30 illiyinin qeyd olunacağını vurğulayıb.

