Qazandığımız Zəfər gəncliyimizin və birliyimizin mənəvi zirvəsidir
Müasir Azərbaycan gəncliyi Ulu Öndər Heydər Əliyevin təməlini qoyduğu gənclər siyasətinin uğurlu nəticələrinin bir parçasıdır. Müstəqilliyimizin və dövlətçiliyimizin banisi olan Ulu Öndər Heydər Əliyev hər zaman gənclərə böyük dəyər vermiş, gəncləri ölkəmizin gələcəyi, ümidi olaraq dəyərləndirmişdir. Təsadüfi deyildir ki, ilk dəfə 2fevral Gənclər Gününün təsis edilməsi də məhz Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır.
Bəllidir ki, müstəqilliyimizin ilk illərində ölkəmizdəki mənzərə ürəkaçan deyildi. Yüz minlərlə məcburi köçkün ağır vəziyyətdə yaşayırdı, öz doğma torpaqlarından qovulmuş insanlar çadırlarda, vaqonların altında, uyğunsuz binalarda yaşayırdı. Nizami ordu yaradılmamışdı və nizami ordunun olmaması Birinci Qarabağ müharibəsindəki məğlubiyyətə gətirib çıxardı.
Ulu Öndər hər zaman olduğu kimi, uzaqgörənlik göstərərək məhz gənclərə üz tutdu, onları dəvət etdi, onlara öz tövsiyələrini verdi və gəncləri gələcək inkişaf üçün təşkilatlandırmaq və hazırlamaq üçün əməli-praktiki addımlar atıldı.
Bu gün cəmiyyətimizin böyük hissəsini təşkil edən gənclər ölkəmizin həyatında çox önəmli rol oynayır. Gənclərin təşəbbüsləri, onların əməyi bu gün hər yerdə görünməkdədir.Yeni nəslin vətənpərvərlik ruhunda, dövlətə sədaqət əsasında yetişdirilməsi kimi məsələlərdə Heydər Əliyevin irsi əvəzolunmazdır.
44 günlük Vətən müharibəsində qazandığımız şanlı Qələbə ölkəmiz üçün yeni reallıqlar, eləcə də gənclərimiz üçün yeni imkanlar mühiti yaratdı. Çünki bu gün Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə sürətlə inkişaf etməkdədir. Ölkəmiz inamla irəliyə baxır, dövlətimizin qarşısındakı əsas vəzifələr öz həllini tapmışdır. Azərbaycan gəncləri olaraq azad ölkədə yaşayırıq, sabitlik olan ölkədə yaşayırıq, özünə güvənən ölkədə yaşayırıq. Azərbaycan gənci olaraq fəxr edirik ki, bu ölkənin vətəndaşlarıyıq. Biz gənclər öz gələcək həyatımızı düzgün müəyyən etmək üçün və dövlətə maksimum xeyir vermək üçün fəal olmalıyıq. Bizi qalib ölkənin gəncləri adı ilə fəxrləndirən Prezident İlham Əliyevin ətrafında hər zaman bir yumruq kimi birləşməyə hazırıq.
Bəllidir ki, milli-mənəvi dəyərlər dövlətimizin əsasını təşkil edir və müasir müstəqil Azərbaycan dövləti milli dəyərlər üzərində qurulub. Milli dəyərləri qoruyub saxladıqca, dövlətimiz daha da qüdrətli olacaq, xalqımız da əbədi azad, müstəqil xalq kimi yaşayacaq. Uzun illər, əsrlər boyu Azərbaycan müstəqil deyildi, başqa ölkələrin tərkibində yaşayırdı. Ancaq buna baxmayaraq, öz milli xüsusiyyətlərini itirmədi, onları qorudu. Azərbaycanlılar həmişə dünyaya açıq olublar, amma öz mənəvi kodeksini həmişə hər şeydən üstün tutublar. Azərbaycan xalqı nəsildən-nəslə əsrlər boyu milli ideologiyanı, milli xüsusiyyətləri ötürürdü və özünü assimilyasiyadan qoruyurdu. Azad olmadığımız dövrdə, əsrlər boyu həm müstəmləkə, həm başqa ölkələrin tərkibində yaşadığımız dövrdə əgər biz bu dəyərləri qoruyub saxlamışıqsa, indi, əlbəttə, bu dəyərləri qoruyub saxlamalıyıq.
Vətənə bağlılıq, Vətənə sevgi, Vətən maraqlarını, dövlət maraqlarını hər şeydən üstün tutmaq hər bir gəncin borcudur. Azərbaycan müstəqildir və müstəqil siyasət aparır. Heç bir kənar qüvvə ölkənin daxili işinə qarışa bilməz. Belə cəhdlər olub və ola bilər ki, olacaq. Ancaq bu cəhdlər heç bir nəticə verməyib və verməyəcək. Gənclər bundan sonra da mütləq vətənpərvərlik əsasında tərbiyə almalıdır. Vətən müharibəsində iştirak etmiş hər bir igid gəncinə Azərbaycan xalqı minnətdardır. Müharibə zamanı gənclərin rolu həlledici olmuşdur. Vətən uğrunda, torpaq uğrunda qabağa gedənlərin əksəriyyəti gənclər idi. Bu, hər birimiz üçün qürur mənbəyidir. Çünki elə bir gənc nəsil yetişdi ki, hətta Qarabağı görməyən, o acı tarixi görməyən gənclər Qarabağ uğrunda, Vətən uğrunda, milli ləyaqət uğrunda ölümə gedirdilər və şəhid oldular, qazi oldular və müzəffər Ordumuzun şöhrətini yüksəklərə qaldırdılar. Əgər gənclər vətənpərvərlik ruhunda tərbiyə almasaydılar, bilmək olmazdı müharibənin nəticələri necə ola bilərdi.
Bizim hərbçilərimiz mümkün olmayanı da reallığa çevirmişlər. Milli ruh, milli ləyaqət və vətənpərvərlik onları irəliyə aparırdı. Belə xalqla heç kim mübarizə apara bilməz. Müharibənin bir çox dərsləri var – həm bizim üçün, həm bütün dünya üçün, region üçün. Onlardan biri də odur ki, azərbaycanlılarla mübarizə aparmaq, müharibə aparmaq çox baha başa gələ bilər.
Prezident İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində xalqımız əsrlərlə ən böyük ehtiyac duyduğu milli birlik məqamına çatdı. Ölkə başçımız “ Biz birlikdə güclüyük “ devizi ilə bizləri bir yumruq kimi birləşdirməyi bacardı. Və bu yumruq dəmirləşərək düşmənin başını əzdi, 30 ilə yaxın düşmən işğalında qalan torpaqlarımız azad edildi. Vətən müharibəsində Azərbaycan gəncliyi tariximizdə silinməz iz qoyan qəhrəmanlıq salnaməsi yazdı. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərlik etdiyi Azərbaycan ordusu öz misiyasını şərəf və ləyaqətlə yerinə yetirdi. Ərazi bütövlüyümüzü təmin edən ordumuz tarixi ədaləti bərqərar etmiş oldu. Vətən müharibəsi nəticəsində işğalda olan digər ərazilərimiz kimi doğma Füzuli şəhərimiz və 61 kəndimiz də azad edildi. Gəncliyimizin mənəvi zirvəsi olan Zəfərimiz biz füzulili gənclərin də fəxr və qürur mənbəyi oldu. Bu Zəfəri bizlərə bəxş edən qəhrəmanların sıralarında rayonumuzun 78 Vətən müharibəsi şəhidi var. Vətən müharibəsində göstərdiyi xüsusi şücaətlərə görə rayonumuzdan üç nəfər Vətən Müharibəsi Qəhrəmanı adına layiq görülmüşdür. Onlardan biri Vətən müharibəsinin ən gənc şəhidlərindən olan Zalov Fəqan Amil oğludur. Vətən yolunda canlarından keçən şəhidlərimiz, sağlamlıqlarından məhrum olan qazilərimiz gənclərimiz üçün əsil vətənpərvərlik məktəbidirlər. Allahdan şəhidlərimizə rəhmət, qazilərimizə sağlamlıq diləyirik.
Azərbaycan gəncliyinin mənəvi zirvəsi olan Zəfərimizi bizlərə yaşadan Ali Baş Komandan cənab İlham Əliyevə dərin minnətdarlığımızı bildiririk. Bir gənc olaraq işğaldan azad edilmiş və yenidən tikilib qurulan torpaqlarımızda, eləcə də doğma Füzuli şəhərində çalışmaq arzusu ilə yaşayırıq. Çünki Qarabağımızın tezliklə cənnətə çevriləcəyindən qəti əminik.
Tamilla Məmmədova,
Qarabağ Etika Akademiyasının Füzuli rayon nümayəndəsi

