Cəmiyyət 

Milli Qəhrəman Mübariz İbrahimova həsr olunmuş videoçarx hazırlanıb

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Sabunçu rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 5 nömrəli filialı Milli Qəhrəman Mübariz İbrahimovun doğum günü ilə əlaqədar videoçarx hazırlayıb.

ARANTV.AZ  xəbər verir ki,  İdarədən bildirilib ki, videomaterialda Mübariz İbrahimovun ömür və keçdiyi şərəfli döyüş yolu haqqında məlumat verilir.

Mübariz İbrahimov 1988-ci il fevralın 7-də Biləsuvarın Əliabad kəndində anadan olub. 1994-cü ildə M.Piriyev adına Əliabad kənd orta məktəbinin 1-ci sinfinə daxil olaraq 2005-ci ildə orada orta təhsilini başa vurub.

Həmin il həqiqi hərbi xidmətə çağırılıb. Əsgəri xidmətini Daxili Qoşunların “N” saylı hərbi hissəsinin Xüsusi Təyinatlı Bölüyündə keçirib. Həqiqi hərbi xidmətini 2007-ci ildə çavuş rütbəsində başa vurub.

Bir müddət mülki işlərdə çalışdıqdan sonra 2009-cu ilin avqust ayında gizir rütbəsində yenidən hərbi xidmətə başlayıb və öz arzusu ilə cəbhə bölgəsindəki hərbi hissələrdən birində xidmət edib.

2010-cu il iyunun 18-də gecə saatlarında Azərbaycan Respublikası Silahlı Qüvvələrinin giziri Mübariz İbrahimov təkbaşına Ermənistanla ozamankı cəbhə xəttindəki bir kilometrlik minalanmış sahəni keçib.

Ermənistan silahlı qüvvələrinin çox sayda əsgər və zabitini gözlənilməz birinci həmlədə məhv edib. Sonra isə düşmənin öz silahlarını özünə qarşı istifadə edərək, beş saat onlarla təkbətək döyüşüb. Düşməni ağır itkilərə məruz qoyub, onların zəif cinahlarını üzə çıxarıb. Azərbaycan döyüşçüsü səhər saatlarında döyüşdə qəhrəmancasına həlak olub.

Onun nəşi Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin 2010-cu il 27 oktyabr tarixli Birgə Bəyanatına əsasən, 2010-cu il noyabrın 6-da doğma Vətənə gətirilib.

Prezident İlham Əliyev həmin il Azərbaycan Milli Ordusunun giziri Mübariz Ağakərim oğlu İbrahimova “Azərbaycanın Milli Qəhrəmanı” adının (ölümündən sonra) verilməsi barədə Sərəncam imzalayıb.

Milli Qəhrəman Mübariz İbrahimov İkinci Fəxri Xiyabanda dəfn edilib.

Azərbaycan xalqı Mübariz kimi oğulları ilə fəxr edir.

Daha çox xəbərlər