Cəmiyyət 

Artıq çəkidən azad olmaq üçün noxud bitkisinin faydaları

Azərbaycan Respublikasi o cümlədən, Naxçıvan Muxtar Respublikası Qafqaz ekoregionunda ən zəngin təbii sərvətlərə malik ölkəsidir. Onun torpağ-iqlim şəraiti müxtəlif kənd təsərrüfatı  bitkilərin geniş şəkildə becərilməsinə, yayılmasına imkan verir.

Dənli-paxlalı bitkilərin kolleksiyalarının artırılması məqsədi ilə ölkədaxili və beynəlxalq ekspedisiyalarla bərabər, dünya genbankları ilə əməkdaşlıq gücləndirilir və qarşılıqlı toxum mübadiləsi yolu ilə genofond zənginləşdirilir. Hal-hazırda muxtar respublikada bitki biomüxtəlifliyinin, o cümlədən, paxlalı bitkilərin toplanması, bərpası, çoxaldılması, genetik fondun mühafizəsi istiqamətində böyük işlər görülür.

Müxtəlif kolleksiya nümunələri arasında ən perspektivli ərzaq bitkisi kimi noxudun yüksək kəmiyyət və keyfiyyət göstəricilərinə malik, xəstəlik və zərərvericilərə qarşı davamlı, intensiv tipli sortlarının yaradılması ərzaq təhlükəsizliyi baxımından çox əhəmiyyətlidir.

Noxud  (Cicer arietinum L.) tərkibində olan vitamin və minerallara görə orqanizmə çox faydalıdır. Onun tərkibində A, C, E vitaminləri, kalsium, dəmir, kalium və yüksək miqdarda natrium var. Tərkibində olan liflərə görə noxud bağırsaqlar üçün faydalı sayılır. Noxudun orqanizmin sağlamlığında rolu böyükdür. O sinir sisteminin fəliyyətini yaxşılaşdırır, yuxunu normallaşdırır. Təzə noxudun suyu dəri və saçlar üçün çox faydalıdır. Noxud hüceyrələri qidalandırmaq və dəridəki yara izlərini sağaltmaq qabiliyyətinə malikdir. O saç köklərini möhkəmləndirir, saçların tökülməsinin qarşısını alır.

Artıq kilodan xilas olmaq istəyənlər noxud dieti saxlayaraq piylərdən xilas ola bilirlər. Belə ki, gün ərzində yalnız noxud yeməklə diet saxlayıb arıqlamaq mümkündür. Noxud orqanizmin vitamin və mineral balansını saxlamaqla aclıq hissini aradan qaldırır və artıq çəkidən azad olmağa yardım edir. Gün ərzində 2-3 stəkan bişmiş noxud yemək orqanizm üçün lazımsız sayılan xolesterolun azalmasına səbəb olur.

Sarı noxudun tərkibi zülallar, yağlar, liflərlə zəngindir. Noxudda kalsiumun, maqniumun, kaliumun, A və C vitaminləri inanılmaz qədər boldur. Noxudun əsas tərkibini əvəzolunmaz turşular – metionin və triptofan tutur. Müasir alimlər paxlalı bitkilər arasında sarı noxudu daha çox dəyərləndiririlər. Noxudun tərkibində olan zülalların miqdarı yumurtanın tərkibindəki zülalların miqdarına çox yaxındır. Onun tərkibi A, B1, B2, B6, C, PP vitaminləri və minerallarla zəngindir.

Naxçıvan Muxtar Respublikası şəraitində  “Qaraca-85” noxud sortu öyrənilmiş və səpin müddətinin bütün inzibati rayonlarında mart ayının III ongünlüyündən-aprel ayının sonuna qədər olduğu öyrənilmişdir. Səpin norması, 120-130 kq/hek, səpin üsulu cərgə arası 50 sm olmaqla mexaniki səpindir. Gübrələnməsi şum altına t.e.m. hesabı ilə 90 kq/ha fosfor, 90 kq/ha kalium verilməlidir.

Mütəxəssisilər noxudun ürək əzələsini qüvvətləndirmək qabiliyyətinə malik olduğunu söyləyirlər. Sarı noxud bədənə enerji verir, qaraciyəri, qanı təmizləyir. Onun gözün billur qişasını müdafiə etmək qabiliyyəti vardır. Belə ki, noxudun tərkibindəkilər billur qişada olan yorğunluğu aradan qaldırır, görməni yaxşılaşdırır Noxudun tərkibində olan liflərin ürəyə faydası olduğu elm adamları tərəfindən öz sübutunu tapmışdır. Tərkibində olan omeqa-3 yağları ürək xəstəliklərinin qarşısını almaqda yardımçı olur. Noxudun tərkibində olan aminturşular, triptofan və serotonin yuxusuzluğun aradan qalxmasına yardım edir. Bunun üçün düzənli olaraq hər gün 1 stəkan bişmiş noxud yemək məsləhət görülür. Hər gün noxud yemək stressi aradan qaldırır və yaddaşı möhkəmləndirir. İmmun sistemin möhkəmlənməsində noxudun tərkibində olan dəmir və vitamin C-in rolu böyükdür. Hər gün noxud yemək klimakteriya əlamətlərini aradan qaldırır. Orqanizmə enerji verdiyin görə mütəxəssislər zəifləmiş adamlar və hamilə qadınlar üçün hər gün noxud yeməyi məsləhət bilirlər.

Noxudun tərkibində fol turşusu olduğuna görə ana südünün artmasına səbəb olur. Tərkibində olan fosfor qan hüceyrələrinin sağlamlığının qorunmasına səbəb olur.

Düzənli olaraq noxud yeyən adamlarda böyrək daşlarının tökülməsi müşahidə edilir.

Arıqlamaq üçün noxudu aşağıdakı qaydada bişirib qəbul eləmək lazımdır:

Noxud soyuq suda isladılır, 8 saat keramik qazanda qaynadılır. Sonra suyu süzülür və ət maşınının xırda gözündən keçirilir. Üyüdülmüş noxud gün boyu kiçik hissələrlə yeyilir. Aclıq hissi çox olduqda isə müxtəlif salat və şorba bişirib, içərisinə üyüdülmüş noxuddan qatılıb içilir. Sonrakı gün proses yenidən təkrarlanır. Bir həftə boyu bu qayda ilə qidalanmaq həm arıqlamağa, həm də orqanizmin toksinlərdən təmizlənməsinə, həm də orqanizmin mineral və vitaminlərlə qidalanmasına səbəb olacaq. Bu müalicə bir həftədən bir təkrarlanır və 3 ay müddətində davam etdirilir. Bir çox ölkələrdə noxuddan xumus (püre), falafel hazırlayırlar. Bəzi dünya mətbəxində noxudu bir çox yeməklərə qatırlar.

Sarı noxudun orqanizmə heç bir zərərli təsiri yoxdur. Amma həddindən çox noxud yemək qarında köpə, meteorizmə səbəb ola bilir. Bunun səbəbi isə noxudun tərkibində paxlalı bitkilərə xas olan oliqosaxaridlərin olmasıdır. Bu maddə öddə çətin həzm olur və mədə-bağırsaqlarda problemlərin əmələ gəlməsinə səbəb olur. Bunun baş verməməsi üçün isə qoxud qəbul edən zaman qida qəbulunu nəzarət altında saxlamaq lazımdır. Belə ki, noxud yedikdən sonra ikinci qida qəbulunu ən azı 4 saatdan sonra qəbul eləmək lazımdır.

Günay Zeynalova,
AMEA Naxçıvan Bölməsi Bioresurslar İnstitutunun əməkdaşı

Daha çox xəbərlər