Türkiyə İsraillə barışır – Azərbaycan uduşda
İsrail prezidenti İshak Hersoqla Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub. Bu barədə İsrail prezidentinin dəftərxanası məlumat yayıb. Məlumata görə, dövlət başçıları tezliklə görüş imkanlarını müzakirə ediblər.
Qeyd edək ki, İsrail prezidenti Türkiyəyə səfər edəcək. Səfər martın ortalarında baş tutacaq. Eyni zamanda Türkiyə nümayəndə heyəti də İsrailə gedəcək.
Bölgənin bu iki güclü dövlətinin yaxınlaşmasını şərtləndirən hansı amillərdir? İsraillə Türkiyə arasında münasibətləri gərginləşdirən olay 2010-cu ilin mayında yaşanıb. 2010-cu ilin mayında Türkiyə bayrağı altında üzən və Qəzza sahillərində İsrailin dəniz blokadasını yarmağa çalışan Mavi Marmara gəmisinə İsrail komandosunun hücumu iki ölkə arasında təlatümə səbəb olub. Bundan sonrakı illərdə də İsraillə Türkiyə arasında münasibətlər yumşaq və sakit olmayıb. Vaxtaşırı bu iki dövlət diplomatik cəbhədə dalaşıblar. Ərdoğan əsasən İsraili Qəzzada müsəlmanlara qarşı apardığı siyasətə görə tənqid edib. Ankaranın Təl-Əvivlə Yaxın Şərqdə toqquşması uzun illər çəkdi. İki ölkə arasında növbəti skandal isə ABŞ-ın keçmiş prezidenti Donald Trampın Qüdsü İsrailin bölünməz paytaxtı elan etməsindən sonra başladı.
Artıq İsrail-Türkiyə münasibətləri normal məcraya dönür. İllər uzunu bu iki dövlət çox yaxın siyasi-iqtisadi münasibətlərdə olublar.
Bəs bu yaxınlaşma Türkiyəyə nə vəd edir? Ankara Yaxın Şərq siyasətində qlobal dəyişiklik edir? Qəzza ilə bağlı mövqeyində nə kimi dəyişiklik olacaq? Yaxın Şərqi İsrailə güzəştə gedəcək?
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu Türkiyə-İsrail münasibətlərinin normallaşmasının Azərbaycanın da xeyrinə olduğunu söylədi: “Təxminən 2010-cu ildən başlayaraq Türkiyə-İsrail münasibətləri xeyli gərginləşmişdi. Bunun da müxtəlif səbəbləri var idi. Amma son bir neçə ildə münasibətlərdə normallaşma başlayıb. Bu, hər iki dövlətin faydasına, xeyrinədir. Çünki münasibətlər gərgin olanda İsrail gedib anti-türk bloklarına qoşulur. Bu isə Türkiyəyə də zərərdir. Amma indi normallaşma başlayıb. Müxtəlif səviyyələrdə təmaslar da var. Türkiyə cümhurbaşqanı israilli həmkarını ölkəsinə dəvət edib. Böyük ehtimalla İsrail öz qazını qardaş ölkə üzərindən Avropaya nəql edəcək. Bu, Azərbaycanın da maraqlarına uyğundur.

Elxan Şahinoğlu: “Türkiyə-Azərbaycan-İsrail üçlü formatı da formalaşa bilər”
Çünki əgər nəql başlasa, Azərbaycanın boru xətlərindən istifadə olunacaq. Faktiki, Türkiyə-Azərbaycan-İsrail üçlü formatı da formalaşa bilər. Bu çox vacibdir. Əlbəttə, rəsmi Ankaranın Fələstinlə bağlı mövqeyi dəyişməzdir. Amma bu o demək deyil ki, İsraillə münasibətləri gərginləşdirmək lazımdır. Bu, Türkiyənin maraqlarına ziddir. İsrailin, yəhudi lobbisinin anti-Türkiyə mövqeyindən çıxış etmələrinə imkan vermək olmaz. Türkiyə-İsrail əlaqələrində yaranan irəliləyişləri inkişaf etdirmək lazımdır. Düşünürəm ki, İsrail prezidentinin Ankaraya səfəri zamanı çox mühüm sazişlər də imzalanacaq”.

Kənan Rövşənoğlu: “Türkiyənin İsraillə düşmən olaraq qalması Ankara üçün zərərlidir”
Siyasi yazar Kənan Rövşənoğlu İsraili Yaxın Şərqin ən güclü oyunçusu sayır: “Türkiyənin İsraillə münasibətləri qaydaya salması prosesi iki ildən çoxdur başlayıb. Əlbəttə, yumşalma daha əvvəldən var idi. Amma indi bu proses konkret plan üzrə gedir. Burada Aralıq dənizinin şərq sahillərində tapılan neft-qaz ehtiyatlarının istismarı mövzusu, həmçinin Yaxın Şərqdə siyasi yenilənmə kimi səbəblər var. İsrail Yaxın Şərqin çox güclü oyunçusudur. Artıq Körfəz Ərəb ölkələri İsraillə barışıb müttəfiqlik münasibətləri qururlar. Belə bir vəziyyətdə Türkiyənin İsraillə düşmən olaraq qalması Ankara üçün zərərlidir. Başqa sözlə, Türkiyə artıq İsrail və Fələstin mövzularında ümmətçi idealizmdən praqmatik siyasətə keçir. Çünki əks təqdirdə, Ankara, faktiki olaraq, Aralıq dənizi mövzusunda təklənir. Misir, Yunanıstan, Kipr və İsrail artıq birgə enerji layihələri üzrə razılaşmlar imzalayıb, qaz ötürülməsi layihəsi üzərində razılaşıblar. Türkiyə isə sahil ölkələri içərisində tək qalıb. Yeganə müttəfiqi olan Qərbi Liviya, Tripoli hökuməti isə hazırda qeyri-müəyyən vəziyyətdədir. Seçkilərdən sonra vəziyyət dəyişə bilər. Digər tərəfdən, Vaşinqtonun Yaxın Şərqlə bağlı siyasətinin dəyişkən olması ərəb ölkələrini artıq İsrailin şəxsində yeni etibarlı müttəfiq axtarışına çıxardı. Yəni Vaşinqton qlobal güc olaraq Yaxın Şərqdə siyasi prioritetlərini dəyişə bilir, ancaq İsrail deyil. Buna görə də ərəb ölkələri İsraillə yaxınlaşdılar. Oxşar səbəb Türkiyə üçün də var. Ankara Vaşinqtonla yaranmış soyuqluğu İsraillə doldurmağı düşünür. Çünki İsrail və Türkiyə regionda bir-birinə daha çox ehtiyacı olan dövlətlərdir. Bu mənada indi İsraillə barışıq Ankara üçün lazımlıdır və praqmatik siyasət bunu diktə edir”.
![]()
Azər Hüseynov: “Ərdoğanla münasibət qurmaq İsrail üçün təhlükəsizlik ehtiyacıdır”
Siyasi şərhçi Azər Hüseynov çox vacib məqamlara toxundu: “İsrail dövləti İngiltərə tərəfindən Balfur doktrinası ilə qurulmuş bir dövlətdir. Lakin İkinci Dünya müharibəsindən sonra Amerikanın təsir dairəsinə keçdi. Eyni zamanda yəhudi icmasının maliyyə oliqarxiyasında təmsil edilməsi Amerika siyasətinə təsir etdi. İsrail ona ideoloji baxışın necə olmasından asılı olmayaraq bir reallıqdır, beynəlxalq və regional oyunçudur. Yaxın Şərqdə hərbi və siyasi gücdür. Türkiyə isə yeni və yüksələn gücdür. İlk əvvəl İsrail Amerika olduğu yerdə Türkiyəyə o qədər önəm vermirdi. Amma Türkiyə səhrada və sahədə vardır. ”Ərəb baharı” sonrası İsraili əhatə edən ərəb dünyasında Ərdoğanın nüfuzu istənilən kraldan çoxdur. Ona görə “səhraların və sahələrin kralı” olan hörmətli Ərdoğanla münasibət qurmaq İsrail üçün təhlükəsizlik ehtiyacıdır. Türkiyə isə yəhudi icması nüfuzu ilə Amerikaya təsir edə bilər. Bu gün qardaş Türkiyəyə bu lazımdır. Azərbaycanın burada bağlayıcı olduğuna inanıram. Həm də Ukrayna prezidentinin yəhudi mənşəli olduğunu unutmayaq. Rusiya təsirini zəiflətmək üçün yeni konfiqurasiya qurulur. Axı Rusiya-Əsəd-İran amili var, İsrailin yəni başında. Mənim arzum bu konfiqurasiyada yüksələn Azərbaycan-Türkiyə ittifaqını görməkdir”.

