Yeni regional geosiyasi konfiqurasiyanın qurulmasının başlanğıcı – Şuşa Bəyannaməsi
Məlum olduğu kimi, Milli Məclisin yaz sessiyasının ilk plenar iclasında “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında” Şuşa Bəyannaməsi təsdiq edilib. Bəyannamənin təsdiqi iki qardaş ölkənin müttəfiqlik münasibətlərinin məntiqi zirvəsinə yüksəlməsi deməkdir. Bu sənədin təsdiqi ilə həm də regionda yeni inkişaf mərhələsinin əsası qoyulur.
Ötən il iyun ayının 15-də Azərbaycan ilə Türkiyə Respublikası arasında imzalanmış müttəfiqlik haqqında Şuşa Bəyannaməsi ölkələrimizin dərin tarixi köklərə əsaslanan əlaqələrində həm siyasi-diplomatik, həm də hərbi-strateji əhəmiyyət kəsb edir. Bəyannamə iki ölkə arasında əlaqələri ən yüksək səviyyəyə qaldırdı və bütün dünya bu reallığın şahidi oldu. Şuşa Bəyannaməsi keyfiyyətcə daha yüksək işbirliyinin təminatıdır və böyük bir tarixə əsaslanır. Təsadüfi deyil ki, Şuşada Türkiyə lideri ilə Bəyannamə imzalayarkən Prezident İlham Əliyev Qars müqaviləsini xatırlatdı və bildirdi ki, yüz ildən sonra azad edilmiş Şuşa şəhərində müttəfiqlik haqqında imzalanmış birgə Bəyannamə bizim gələcək işbirliyimizin istiqamətini göstərir.
Bəyannamə, həmçinin iki qardaş ölkənin tarixi sınaqlardan birgə, üzü ağ, alnıaçıq çıxdığının, xalqlarımızın böyük liderləri, öndərləri Mustafa Kamal Atatürkün və Heydər Əliyevin “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir”, “Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir” kəlamlarının əbədiləşdirilməsinin təcəssümü, eləcə də bu yanaşma və fəlsəfi konsepsiyaya sadiqliyin təntənəsi idi. Onu da qeyd edək ki, sənəddə strateji əhəmiyyət kəsb edən bütün əməkdaşlıq istiqamətləri əhatə olunur. Bəyannamədə beynəlxalq müstəvidə birgə əməkdaşlıq, siyasi münasibətlər, iqtisadi-ticarət əlaqələri, mədəniyyət, təhsil, idman, gənclər siyasəti və sair məqamlar əksini tapır. Həmçinin Bəyannamədə enerji təhlükəsizliyi, Cənub Qaz Dəhlizinin Türkiyə, Azərbaycan və Avropa üçün önəmi göstərilir. Eyni zamanda, hərbi əməkdaşlıq amilinə də xüsusi yer verilir. Sözsüz ki, bu, tarixi nailiyyətdir. İki qardaş ölkə bundan sonra da hər zaman bir yerdə olacaq. Bundan sonra da bir-birinin təhlükəsizliyini təmin edəcək. İlk növbədə, bundan sonrakı dönəmdə Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünə qarşı üçüncü dövlətin müdaxiləsi halı olmayacaq. Bu sənədin imzalanması ilə Türkiyə-Azərbaycan hərbi alyansının qurulması rəsmiləşdi. Bu, Azərbaycan və Türkiyə ordularının bir kontingentdə birləşməsi və bir addımlaması deməkdir. Ən əsası mühüm məqamlarda hər iki ölkənin Silahlı Qüvvələrinin hərəkəti koordinasiya ediləcək. Hər iki ölkənin ordusunda baş verəcək dəyişiklik mütləq şəkildə digərinə də təsir edəcək. Bu Bəyannamə Azərbaycan üçün böyük bir şansdır. Şuşa Bəyannaməsindən danışanda burada Qars müqaviləsinə istinad edilir. Qars müqaviləsinə görə, Naxçıvanın təhlükəsizliyinin qarantı Türkiyədir. Şuşa Bəyannaməsinə görə isə Türkiyə Qarabağ və Azərbaycanın digər bölgələrinin də təhlükəsizliyinin qarantına çevrilir.
Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə münasibətlərinin dünyada analoqu olmadığını bir daha təsdiq etdi. Çünki iki qardaş ölkə qarşılıqlı münasibətlərin beynəlxalq səviyyədə mövcud olan şərtlər nəzərə alınmaqla, onlara tam əməl edilməklə qurulduğunu təsdiq edirlər. Şuşa Bəyannaməsi tarixi, milli, regional və qlobal miqyaslı siyasi-hüquqi təmələ söykənir və sənədin konkret müddəalarına nəzər saldıqda iki ölkə arasında, region ölkələrini əhatə edən və daha geniş geosiyasi məkanda təsir gücü ola biləcək çox aktual və maraqlı məqamları görə bilirik.
Göründüyü kimi, iki qardaş ölkənin, Türkiyə və Azərbaycanın ortaq dəyərləri, maraqları hər iki ölkənin inkişaf dinamikasına öz müsbət təsirini göstərməkdədir və bu dəyərləri, eləcə də maraqları liderlərin qətiyyəti, siyasi iradəsi hər zaman təminat altına alır. Prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan tərəfindən imzalanmış Şuşa Bəyannaməsi bütün dünyanın barışmalı olduğu tarixi gerçəklikdir. Hər iki ölkənin ümumi maraqlarının qorunmasında imkanların birləşdirilməsinə, eləcə də müştərək maraq kəsb edən regional və beynəlxalq strateji məsələlərdə fəaliyyətlərinin qarşılıqlı şəkildə əlaqələndirilməsinə istiqamətlənən saziş Bakı və Ankaranın rəhbərliyi ilə yeni regional geosiyasi konfiqurasiyanın qurulmasının başlanğıcıdır. Bu, regionda 200 ilə yaxın davam edən geosiyasi konfiqurasiyaların dağıdılması və bundan sonra Azərbaycan-Türkiyə tandemi ilə davam edəcək yeni regional düzənin başlanğıcı deməkdir.
Onu da qeyd edək ki, Azərbaycan Respublikası Milli Məclisinin təsdiqlədiyi Şuşa Bəyannaməsi Türkiyə Böyük Millət Məclisinin (TBMM) fevralın 3-də sәdri Mustafa Şentopun imzaladığı Türkiyə ilə Azərbaycan arasında müttəfiqlik münasibətlərinə dair Şuşa Bəyannaməsinin təsdiq edilməsi haqqında qanun layihәsi də TBMM tәrәfindәn tәsdiqlәnib.
Şübhəsiz, “Şuşa İli”ndə Şuşa Bəyannaməsinin hər iki ölkənin qanunverici orqanı tərəfindən təsdiqlənməsi ortaq təhlükəsizliyimizin təmin olunması və ikitərəfli, çoxşaxəli münasibətlərin inkişafı baxımından böyük önəm daşıyacaq. Bəyannamədən irəli gələn strateji vəzifələrin yerinə yetirilməsi Azərbaycan–Türkiyə birliyinin güclənməsinə və ölkələrimizin regional güc mərkəzi kimi beynəlxalq arenada mövqeyinin möhkəmlənməsinə müstəsna töhfə verəcək.

