Sosial 

Kimya gündəlik həyatımızda

Ətraf aləmdə kimyaçıların yaradıcılığının məhsulu olmayan obyekt tapmaq çətindir. Ev əşyaları, geyim və qulluq vasitələri, dərman preparatları, hətta qida məhsullarında belə kimyaçının izi var.

Kimya bütöv bir ecazkar dünya, sirlər və kəşflər, keçmişin, indinin və gələcəyin elmidir. Kimya insana mineral, heyvan və bitki xammallarından biri digərindən daha bənzərsiz və heyrətamiz maddələr əldə etməyə imkan verir. O, nəinki təbiəti təqlid edir, həm də ildən-ilə daha çox onu ötməyə cəhd edir. Təbiətə məlum olmayan minlərlə, on minlərlə insan həyatı üçün çox faydalı və vacib xüsusiyyətli maddələr yaradır. Ətrafımıza baxsaq, görərik ki, kimya bizi hər yerdə əhatə edir. Bu gün insanlar öz həyatlarını kosmetika, şəxsi gigiyena məhsulları, qida əlavələri, boyalar və daha çox, saymaqla bitməyən, məhsullarsız təsəvvür edə bilmir. Kimya gündəlik həyatımızda və praktikada tətbiq olunan elmlərdən ən vacibi və birincisidir. Burada olan kəşflərdən sənaye, xidmət sektoru və ümumiyyətlə, həyatın bütün sahələrində istifadə edirik. Dərman preparatları, kosmet vasitələr, məişətdə istifadə olunan maddələr, bir çox qida əlavələri, insan həyatı üçün zəruri olan məhsullar məhz kimyəvi maddələrdən və onların qarşılıqlı təsirindən istifadə etməklə əldə edilir. Hər bir evdə çoxlu miqdarda məişət kimyəvi maddələrindən (sabun, şampunlar, yuyucu maddələr, yapışqan, boyalar və s.) geniş istifadə olunur. Onlar vaxta qənaət etməyə, sağlamlığı və təmizliyi qorumağa, gözəl interyer yaratmağa, bitki yetişdirməyə, avtomobillərə qulluq etməyə və s. kömək edir.

Kimya bizim daxilimizdədir, çünki insan orqanizmi kimyəvi elementlərdən və maddələrdən ibarətdir. İnsan orqanizmi unikal bir kimyəvi laboratoriyadır. Hüceyrələrdə hər saniyə bir çox reaksiyalar paralel baş verir. İnsan həyatında yaşanan bütün duyğular da kimyadır, yəni hormonlar ifrazıdır. Qeyd edək ki, insanın qida ilə aldığı enerji də kimyanın məhsuludur. Həzm prosesində mürəkkəb maddələr daha sadələrə parçalanır, onlardan insan orqanizmi üçün zəruri olan zülallar, yağlar, karbohidratlar sintez olunur. Belə olan halda əgər insan sadə kimyəvi prosesləri bilmirsə, deməli, ilk öncə özünü tanımır, digər tərəfdən isə ətraf mühitdə gedən prosesləri də bilmir.

İnsan həyatında avtomobillərin rolu böyükdür. Avtomobillər məhz kimyəvi proseslər nəticəsində metal, rezin, plastik maddələrdən yaranan bir məhsuldur.

Qeyd etmək lazımdır ki, dünyada sənaye istehsalının çox hissəsi kimyəvi proseslərə əsaslanır. Sənaye kimyası sayəsində dərmanlar, benzin, plastik, qida, rezin, kağız məhsulları, sintetik parçalar, tikinti materialları, tibb və elektronika üçün yeni xüsusiyyətlərə malik maddələr, metallar və ərintilər əldə olunur.

Qısaca olaraq əczaçılıqda, kosmetologiyada, məişətdə, energetikada, istehsalatda, yeyinti sənayesində və s. sahələrdə kimyanın həyatımızdakı rolunu vurğulamaq istərdik.

Dərman preparatlarının tərkibində, xəstəliklər zamanı, insan orqanizminə faydalı təsir göstərən kimyəvi maddələr var.

Kosmetologiyada təmizləyicilərin tərkibində qliserin, qələvi, fermentlər, efir yağları var. Aerozollarda mayeləşdirilmiş qazlardan istifadə olunur. Qum və soda diş məcunlarının əsas komponentləridir. Dodaq boyası mumdan hazırlanır. Saç boyasına metallar, ammonyak əlavə edilir.

Yuyucu tozların, sabunların, qab yuyucu vasitələrin və s. istehsalında sulfatlar, qələvilər, fermentlər, qliserin, səthi aktiv maddələrdən istifadə olunur.

Bildiyimiz kimi, faydalı qazıntılar əsas yanacaq mənbəyidir. Neftin, qazın, kömürün emalı zamanı maddələr müxtəlif fraksiyalara ayrılır ki, onların da əksəriyyəti benzin, kerosin, dizel istehsalı üçün istifadə olunur.

Neft məhsullarından, metallardan və qeyri-metallardan müxtəlif məişət əşyaları və materiallar hazırlanır.

Metal ərintiləri maşın hissələrinin istehsalı üçün istifadə olunur.

Üzvi birləşmələrdən plastik, rezin, saplar, həlledicilərin və s. hazırlanmasında istifadə edilir.

Qidaya bitki və heyvan mənşəli kimyəvi birləşmələr daxildir. Kimyəvi konservantlar, stabilizatorlar, qida boyaları dadı yaxşılaşdırmaq, rəngini qorumaq, saxlama müddətinin uzadılması üçün istifadə olunur.

Bütün bunlarla yanaşı qeyd etmək lazımdır ki, kimyanın insan həyatına təsiri ikili xarakter daşıyır. Böyük faydalarına baxmayaraq kimya insanlara və ətraf mühitə həm yardımcı olar, həm də zərər gətirə bilər. Yuyucu tozlar insan dərisinin qıcıqlanmasına səbəb ola bilər. Uzun müddət lakların və bəzi boyaların inhalyasiyası zəhərlənməyə səbəb ola bilər. Gübrələrdən istifadə miqdarının həddindən artıq olması meyvələrdə və göyərtilərdə toplanaraq, mədə-bağırsaq xəstəliklərinin yaranmasına səbəb ola bilər. Onu da qeyd edək ki, ən böyük zərəri “E” kodlu qida kimyəvi əlavələr törədir (E103, E105, E111, E121, E125 və s.).

Orqanizmi kimyanın zərərli təsirindən qorumaq üçün ehtiyat tədbirlərinə riayyət etməli, istehsalçısı məlum olmayan məhsullardan istifadə etməməli, zərərli qidalardan uzaq olmalıyıq. Bu sadə qaydalar sağlamlıq üçün risk etmədən, müasir kimyanın bütün nailiyyətlərindən istifadə etməyə imkan verəcəkdir.

Kimyəvi proseslərdən alınan dekorativ və məişət kimyası məhsulları sosial və ekoloji mühitə zərər vurmadan üçüncü minillikdə insanların gündəlik tələbatını ödəyəcək, onlara daha yaxşı həyat bəxş edəcəkdir.

Günel Məmmədova,
AMEA Naxçıvan Bölməsi Təbii Ehtiyatlar İnstitutunun laboratoriya rəhbəri,
kimya üzrə fəlsəfə doktoru, dosent

Daha çox xəbərlər