Sosial 

Genişmiqyaslı sosial dəstək tədbirləri uğurla davam etdirilir

Prezident İlham Əliyevin “Əmək pensiyaçılarının sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında” 8 fevral 2022-ci il tarixli Sərəncamı Azərbaycan vətəndaşının, xüsusilə həssas təbəqənin rifahının prioritet istiqamət olduğunu bir daha təsdiqlədi

Sosial sahədə ildən-ilə geniş miqyas alan islahatlar, rifah halının yaxşılaşdırılması üçün atılan mühüm addımlar bir daha təsdiq edir ki, sosial-iqtisadi siyasətin mərkəzində vətəndaş rifahının təminatı prinsipi dayanır. Zəfərlə başa vurduğumuz 44 günlük Vətən müharibəsindən sonra – postmüharibə dövründə şəhid ailələrinin, müharibə əlillərinin təqaüdlərində ciddi, orta hesabla 60 faiz artımlar edilməsi, yeni təqaüd növlərinin təsisi bunun əyani sübutudur. Əməkhaqqında ciddi artımlara uyğun olaraq 2020-ci ilin əvvəlindən pensiyalar indeksləşdirilərək 16,6 faiz, 2021-ci ilin əvvəlindən 11,4 faiz artırıldı və bu artımlar 1 milyon 100 min pensiyaçını əhatə etdi. Ümumilikdə, 2018-2021-ci illərdə sosial təminat növləri, yəni pensiya, müavinət, təqaüd, ünvanlı dövlət sosial yardımı üzrə illik xərclər 2,4 milyard manat və ya 60 faiz artaraq 6,4 milyard manata çatdı. Qeyd olunan dövrdə, yəni 2018-2021-ci illərdə orta aylıq əməkhaqqında 37 faiz, median əməkhaqqı 74 faiz, əmək müqavilələrinin sayı 30 faiz və ya 400 minə yaxın artıb. Əməkhaqqı fondunda həmin dövrdə 92 faiz, ötən il isə 6,4 faiz artım baş verib.

Ümumiyyətlə, son üç ildə sosial təminat sisteminin mühüm komponenti olan pensiyaların orta aylıq məbləğində 60 faiz artım qeydə alınıb. Prezident İlham Əliyevin 2021-ci il 16 oktyabr tarixli “Əhalinin sosial rifahının qorunması sahəsində əlavə tədbirlər haqqında” Sərəncamı sosial islahatların daha da uğurla davam etdirilməsinə imkan yaratdı. Bu əsasda Prezident İlham Əliyevin ötən il dekabr ayında imzaladığı yeni Fərman və sərəncamlarla ölkəmizdə sosial ödənişlərin artırılması istiqamətində islahatların növbəti mərhələsi reallaşdı. İllik əlavə 1,5 milyard manat vəsaiti nəzərdə tutan yeni islahatlar paketi 2,1 milyon insanı əhatə edir. Yeni islahat paketi çərçivəsində minimum aylıq əməkhaqqı 20 faiz artaraq 250 manatdan 300 manata çatıb, üç il əvvələ (130 manat) nisbətən minimum aylıq əməkhaqqı 2,3 dəfə artıb. Həmçinin müəllimlərin və digər bir çox təşkilatlarda işləyənlərin maaşları 20-40 faiz aralığında artırılıb. Eyni zamanda, əlilliyi olan şəxslərin müavinətləri I dərəcə üzrə 150 manatdan 220 manata, II dərəcə üzrə 130 manatdan 180 manata, III dərəcə üzrə 110 manatdan 120 manata çatdırılıb. Əlilliyi olan şəxslərin müavinətləri üç il əvvələ nisbətən I dərəcə üzrə 2,7 dəfə, II dərəcə üzrə 3 dəfə, III dərəcə üzrə 2,3 dəfə artıb.

Pensiyalarda artım cari ildə də davam etməkdədir. Prezident İlham Əliyevin “Əmək pensiyaçılarının sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında” 8 fevral 2022-ci il tarixli Sərəncamı da Azərbaycan vətəndaşının, xüsusilə həssas təbəqənin rifahının prioritet istiqamət olduğunu növbəti dəfə təsdiqləmiş oldu. Sərəncama əsasən, əmək pensiyalarının sığorta hissəsi 2022-ci ilin əvvəlindən 3,4 faiz artırılır. Bundan əlavə isə pensiyaçılara 200 manat həcmində birdəfəlik maddi yardım da veriləcək. Sərəncam “Əhalinin sosial rifahının qorunması sahəsində əlavə tədbirlər haqqında” 2021-ci il oktyabrın 16-da imzalanan Sərəncamın icrası olaraq sosial müdafiənin gücləndirilməsi, pandemiya dövrünün çətinliklərinin dəf edilməsi, beynəlxalq bazarlardakı bahalaşma proseslərinin ölkə daxilindəki qiymətlərə təsirinin minimuma endirilməsi məqsədi daşıyır. Həmin proseslər əmək pensiyaçılarının sosial rifahına mütləq şəkildə təsir etdiyinə görə ölkə rəhbərinin, dövlətin postmüharibə dövründə bu əhali qrupuna olan qayğısı kimi dəyərləndirilir.

Ümumilikdə, son 16 ildə Azərbaycanda orta aylıq əməkhaqqı 11, orta aylıq pensiya 8 dəfə, həmçinin müavinət və təqaüdlər dəfələrlə artırılıb. Son illər aparılan uğurlu sosial-iqtisadi siyasət nəticəsində yoxsulluq və işsizlik səviyyəsinin nəzərəçarpacaq dərəcədə azaldılıb, vətəndaşların maddi rifah halı yüksəlib, əhalinin bütün təbəqələri üçün bərabər sosial təminat sistemi təkmilləşdirilib, insan kapitalının və sosial infrastrukturun inkişafına nail olunub, sosial cəhətdən həssas əhali qruplarının sosial müdafiəsi gücləndirilib. Aparılan siyasət, atılan addımlar bütün sosial məsələlərin həllini tapacağına, hər bir Azərbaycan vətəndaşının həyatında müsbət dəyişikliklərə səbəb olacağına əminlik yaradır. Ən əsası odur ki, bunun üçün siyasi iradə və ölkənin kifayət qədər maliyyə imkanı var.

Sevinc Azadi, “İki sahil”

Daha çox xəbərlər