Nazir: “Ölkə səhiyyəsinin keyfiyyətcə yeni müstəviyə qaldırılmasında yeni addımlar atılacaq”
“Azərbaycan səhiyyəsinin keyfiyyətcə yeni müstəviyə qaldırılmasında bir sıra addımlar nəzərdə tutulub”.
ARANTV.AZ xəbər verir ki, bunu səhiyyə naziri Teymur Musayev keçirdiyi brifinqdə deyib.
Nazir bildirib ki, hazırda Səhiyyə Nazirliyi təkcə səhiyyə sektorunda deyil, digər aidiyyəti qurumlarla birlikdə fəaliyyət göstərir:
“Bu sektorda fəaliyyətin daha da təkmilləşdirilməsi üçün lazımi addımların atılmasına ehtiyac var. Səhiyyənin keyfiyyətcə yeni müstəviyə qaldırılmasında orta və qısamüddətli addımlar nəzərdə tutulub. Nəzərdə tutulan addımlar, qısamüddətli hədəflər səhiyyə idarəetməsinin, effektiv səhiyyə sisteminin formalaşdırılması, eləcə də bir sıra dövlət qurumları ilə əməkdaşlığın aparılmasıdır”.
Ortamüddətli üsullara yerli dərman vasitələrinin və tibbi avadanlıqlarla təminatın aid olduğunu vurğulayan nazir qeyd edib ki, əsas məqsəd əhalinin sosial müdafiəsinin gücləndirilməsidir ki, bu da daim dövlətin əsas prioritetlərinin sırasındadır.
“Pandemiyanın ilk günlərindən başlayaraq vətəndaşların sağlamlığının qorunması əsas hədəflərdən biri olub. Yeni tibb müəssisələri fəaliyyətə başladı, tələb olunan müasir dərman vasitələrinin ölkəyə gətirilməsi təmin edildi, vaksin platformalarına əlçatanlıq tam təmin edildi”, – deyə T.Musayev qeyd edib.

