Bakıda itkin düşdükdən sonra qan içində tapılan məktəbli ilə bağlı DİN-dən AÇIQLAMA – YENİLƏNİB
“Paytaxtın Qaradağ rayonunda 2006-cı il təvəllüdlü məktəblinin quldurluğa məruz qalaraq, döyülüb mobil telefonun talanması ilə bağlı sosial şəbəkələrdə yayılan məlumatlar təsdiqini tapmayıb”.
Bunu “Report”a açıqlamasında Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev deyib.
“Araşdırmalarla məlum olub ki, məktəbli atasının ona verdiyi 200 manat pulu aidiyyəti olmayan yerə xərclədiyinə görə “pulu və telefonu tanımadığım adamlar döyüb əlimdən aldı”, – deyə valideynlərini və polisi inandırmaq üçün belə yalan iddialar edib, əllərinə və üzünə daşla xəsarətlər yetirib. Polis tərəfindən bütün istiqamətlər üzrə iddialar tam və hərtərəfli olaraq yoxlanılıb, mobil telefon gizlədildiyi yerdən aşkarlanıb”, – o vurğulayıb.
15:43
Daxili İşlər Nazirliyi (DİN) Bakıda itkin düşmüş 15 yaşlı gəncin döyülmüş vəziyyətdə tapılması ilə bağlı yayılan məlumatlara münasibət bildirib.
DİN-in Mətbuat Xidmətindən “Report”un sorğusuna cavab olaraq bildirilib ki, fakt nəzarətə götürülüb.
“Hadisədən məlumatlıyıq. Hazırda araşdırmalar davam etdirilir. 2006-cı il təvəllüdlü şəxsin kimin tərəfindən döyülüb xəsarət yetirilməsi araşdırmaların gedişində məlum olacaqdır”, – məlumatda qeyd edilib.
13:44
Dünən Bakının Qaradağ rayonunda 15 yaşlı Qəhrəmanov Murad Azər itkin düşüb.
Bizim.Media xəbər verir ki, yeniyetmə bu gün al-qan içində tapılıb.
Bu barədə onun yaxınları məlumat veriblər.
Qeyd edilib ki, o, məhəlləyə çatanda özündən gedib. Bildirilib ki, 30-35 yaş aralığında 3 kişi tərəfindən qəbiristanlığa aparılan Murad döyülüb.
Başından çoxsaylı zərbələr alan məktəblinin vəziyyəti orta ağırdır.
Məlumat üçün bildirək ki, Murad Qəhrəmanov dünən saat 16:00 radələrində Lökbatan qəsəbəsində dərs hazırlığına getmək məqsədilə evdən çıxıb, lakin geri qayıtmayıb.
M.Qəhrəmanovun dərs hazırlığında olmaması məlum olub. Onun mobil telefonu bağlı olduğundan yaxınları yeniyetmə ilə əlaqə saxlaya bilməyiblər.

