Sosial 

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə müraciətlərin sayı artıb

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Kollegiya iclası keçirilib.

ARANTV.AZ  xəbər verir ki, iclasda çıxış edən Komitə sədri Bahar Muradova ötən il komitənin üzərinə düşən işlərin səlahiyyətləri çərçivəsində həyata keçirdiyini qeyd edib. O qeyd edib ki, kollegiyanın gündəliyində 2 əsas məsələ var. Bunlar komitənin 2021-ci il üzrə fəaliyyəti haqqında illik hesabatı və BMT-nin “Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılması üzrə Konvensiya”sı və “Uşaq hüquqları haqqında” Konvensiyasından irəli gələrək Azərbaycan hökumətinin hazırlanmış məruzələri ilə bağlı təqdimatdır”.

Daha sonra gündəlik səsə qoyulub və təsdiq olunub.

Birinci mövzu ilə bağlı çıxış edən Bahar Muradova qeyd edib ki, komitə tərəfindən qanunvericiliyə dəyişikliklə bağlı bir neçə layihə hazırlanıb:

“Məişət zorakılığından zərər çəkənlərin pulsuz hüquqi yardım alması qaydaları hazırlanıb. Layihə təqdim olunub. Bundan başqa pandemiyanın doğurduğu yeni şəraitdə yaşayırıq. Fövqəladə hallarda uşaqların təhsilə sosial və digər xidmətlərə təhlükəsiz çıxışı ilə bağlı mexanizmlərin yaradılması, həmçinin çətin həyat şəraitində olan uşaqların aşkarlanması və onlara münasibətdə sosial müdafiə tədbirlərinin həyata keçirilməsi üçün işlək mexanizm yaradılması və həkimlər prokurorluq və hüquq mühazfizə orqanlarının əməkdaşları üçün yetkinlik yaşına çatmayanlarla davranış qaydaları, həmçinin “İşğaldan azad olunmuş ərazilərin 2021-2025-ci illər üzrə bərpası və dayanıqlı inkişaf Dövlət Proqramı”, “2021-2025-ci illərə dair sosial-iqtisadi inkişaf strategiyası”na dair təkliflər verilib”.

O qeyd edib ki, ötən il Komitəyə 3852 müraciət daxil olub: “Müraciətlərdə 2020-ci ilə nisbətdə artım müşahidə olunub. Bu problemlərin çox olduğunu göstərə bilər. Amma dərinə getdikcə müəyyən olur ki, insanlar əvvəl hara müraciət edəcəyini bilmirdisə indi yerli qurumlara və komitəyə daha çox müraciət edirlər. Nəzarətdə saxlanılan vətəndaş müraciətləri var. Müraciətlərin çoxu məhkəmə qərarlarının yerinə yetirilməməsi ilə bağlıdır. Növbəti sırada məişət zorakılığı, mənzil şəraitinin yaxşılaşdırılması, sosial müavinətlər, müalicə və müayinə ilə bağlı bağlı müraciətlər olub”.

Komitə sədri növbəti il görüləcək tədbirlər barədə məlumat verib. O qeyd edib ki, Ailə inkişaf layihələrinin əlaqələndirmə mərkəzinin (AİLƏM) yaradılması nəzərdə tutulub:

“Mərkəzlə bağlı təkliflə çıxış etmişik. Hazırda baxılma mərhələsindədir”.

Tədbirdə çıxış edən Naxçıvan AQUPDK-nın sədri Ramilə Seyidova Naxçıvanın bu sahədə illik hesabatı barədə məlumat verib. O, ötən il görülən tədbirlər, qadınlar və uşaqlara göstərilən qayğıdan danışıb:

“Naxçıvanda qadınların sağlamlığının qorunması istiqamətində tədbirlər görülüb və görülən tədbirlər nəticəsində ana ölümü sıfıra enib. Qadınlarımız təlimlərə cəlb olunur, onlara maliyyə dəstəyi göstərilərək kiçik və orta sahibkar kimi fəaliyyətlərini həyata keçirmələrinə şərait yaradılır”.

İclas təqdimatlarla davam edib.

Daha çox xəbərlər