“Bayraqdar”ın növbəti buraxılışının qonağı Vətən Müharibəsi iştirakçısı, gənc yazıçı olacaq
“CBC Sport” telekanalında yayımlanan “Bayraqdar” verlişinin 11-ci buraxılışı bu gün saat 22:00-da efirə gedəcək.
Bugünkü buraxılışın qonağı Cəbrayıl və Qubadlının işğaldan azad olunmasında iştirak edən, gənc yazıçı Həsən Kürdür.
“Bayraqdar” layihəsi Azərbaycanın Vətən Müharibəsinə həsr olunan, maarifləndirici, müzəffər ordumuzun tərkibində düşmənlə mübarizə aparmış hərbçilərimizin, qazilərimizin döyüş yolunu işıqlandıran, hərbi vətənpərvərlik mövzusunda hazırlanan verilişdir.
Layihənin məqsədi rəşadətli Azərbaycan ordusunun Vətən Müharibəsi zamanı keçdiyi döyüş yolunda ən yaddaqalan hadisələri işıqlandırmaq, qalib ordumuzun nəyə qadir olduğunu izləyicilərə çatdırmaqdır.
Gənclərimizə hərbi vətənpərvərlik ruhunu aşılamaq istiqamətində hazırlanan bu layihədə, hər həftə bir döyüşçünün döyüş yolu ilə bağlı veriliş hazırlanır.
Layihənin ilk efiri 8 noyabr 2021-ci ildə “CBC Sport” kanalında yayımlanıb.
11-ci buraxılışın rəhbəri və aparıcısı Nərmin Kazımova, digər aparıcı I Qarabağ müharibəsi qazisi İlham Məhərrəmovdur.

