Cəmiyyət 

“Şuşa İli”ndən gözləntilərimiz: “Hər birimiz “Şuşa İli”nə öz töhfəmizi verməliyik”

Paytaxt sakinləri nə düşünür?

Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən, xalqımızın qəhrəmanlıq ruhunun təntənəsinə çevrilən Şuşa şəhərinin 270 illik yubileyinin təsadüf etdiyi – 2022-ci il “Şuşa İli” elan edildi. Bu tarixi  sənəd “Qarabağ Azərbaycandır!”  nidalı şüarımızın və doğma Qarabağımızın tez bir zamanda cənnətə çevrilməsi prosesinin sürətlənməsinin  dünyaya növbəti təqdimatıdır.

Şuşanın azadlığından ötən bir il ərzində şahidlik etdiyi mühüm tarixi hadisələrə,  Cıdır düzündə keçirilən tədbirlərin miqyasına diqqət yetirdikdə “Şuşa İli” çərçivəsində görüləcək işlər, müəyyənləşdirilən hədəflər barədə aydın təsəvvür yaranır. Şəhərdə infrastrukturun qurulması ilə yanaşı, tarix və mədəniyyət abidələrinin bərpasına başlanılıb, quruculuq işlərinin təşkilində çevikliyin, səmərəliliyin təmin olunması üçün burada dövlət idarəetməsinə böyük diqqət yetirilib, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi yaradılıb. Azərbaycanın mədəniyyət paytaxtı elan edilən Şuşada bu gün şəhərin əsl tarixi simasının bərpası yönündə nəhəng layihələr gerçəkləşdirilir.

Azərbaycanın tanınmış şəxsiyyətləri Natəvan, Bülbül və Üzeyir Hacıbəylinin güllələnmiş heykəlləri əvvəlki yerlərinə – Şuşa şəhər mərkəzi meydanına qaytarılıb, “Xan qızı” bulağı bərpa edilib. Qısa vaxtda Heydər Əliyev Fondu tərəfindən dahi Azərbaycan şairi və ictimai-xadimi Molla Pənah Vaqifin muzey-məqbərə kompleksində təmir-bərpa və yenidənqurma işləri aparılıb. Görkəmli Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin heykəli və dahi Azərbaycan şairi Molla Pənah Vaqifin büstü qoyulub. Xalq artisti Bülbülün ev-muzeyi bərpa edilib. Şuşada yeni məscidin və Daşaltı məscidinin təməli qoyulub. Üzeyir Hacıbəylinin ev-muzeyində aparılacaq işlər üzrə layihə hazırlanıb.

Hazırda Heydər Əliyev Fondu tərəfindən Aşağı Gövhər Ağa, Yuxarı Gövhər Ağa və Saatlı məscidlərində və Mehmandarovların malikanə kompleksində bərpa işləri aparılır. Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşada mədəni-kütləvi tədbirlərin keçirilməsi də bərpa edilib – Vaqif poeziya günləri, Xarıbülbül festivalı və Milli Musiqi Günü çərçivəsində Üzeyir Hacıbəyli XIII Beynəlxalq Musiqi Festivalının konserti keçirilib. Şuşa Azərbaycan-Türkiyə dostluğunun və qardaşlığının təntənəsini yaşadı, möhtəşəm tədbirə ev sahibliyi etdi.

Azərbaycan Prezidentinin dəvəti ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycanın mədəniyyət mərkəzi elan edilmiş Şuşa şəhərinə səfəri baş tutdu. İki dost, iki qardaş ölkə başçılarının məhz burada – Qarabağın incisi Şuşada görüşməsinin də rəmzi mənası var idi. Şuşada iki ölkə arasında imzalanmış “Şuşa bəyannaməsi” regionda sülh və sabitliyin bərpa edilməsi, ölkələrimizin ərazi bütövlüyünə təhdid və təhlükə yaranarsa, qarşılıqlı hərbi yardımları özündə əks etdirən çox vacib sənəd oldu. Şuşadan ucalan bu birlik və həmrəylik yumruğunun sədası düşmənin qulaqlarında cingildədi.

Əminliklə demək olar ki, “Şuşa İli” çərçivəsində həyata keçiriləcək tədbirlər mədəniyyət paytaxtımızın inkişafına və nüfuzunun daha da artmasına zəmin yaradacaq, Qarabağın tarixinin dünyaya çatdırılmasında mühüm rol oynayacaq. 2022-ci il Şuşanın həyatında ən yaddaqalan, əlamətdar il olacaq. Şuşada təntənəli tədbirlər – festivallar, konsertlər, müsabiqələr, sərgilər, yaradıcılıq layihələri, poeziya gecələri, yubileylər keçiriləcək, şəhərin 270 illik yubileyi geniş qeyd ediləcək, qədim mədəniyyətimizin və incəsənətimizin bütün palitrası təqdim olunacaq. Şuşa öz tarixi keçmişini qaytaracaq.

Əlbəttə ki, 2022-ci ilin “Şuşa İli” elan edilməsi  hər bir azərbaycanlı üçün çox əlamətdar, sevincli və qürurverici hadisədir. “İki sahil” 28 ildir qəlbi Şuşa həsrəti ilə döyünən  xalqımızın “Şuşa İli” ilə bağlı gözləntilərini, arzularını və təəssüratlarını öyrəndi:

Bu ilin “Şuşa İli” elan olunması hər bir azərbaycanlının bu şəhərə olan məhəbbətinin  təcəssümüdür

Paytaxt sakini Elman Hacıəliyev “Şuşa İli”ndən çox böyük fəxrlə söz açdı: “Bundan gözəl nə ola bilər ki?.. Artıq Şuşa azaddır. Şuşamız yenidən bizə qayıtdı. 28 il Şuşasız qaldıq. Ürəklərində Şuşa həsrəti ilə çoxları bu dünyadan köçdü. Hər il qulaqlarımız bu alqışı eşitdi “İnşallah, gələn il Şuşada, Qarabağda görüşərik”. Şükürlər olsun ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz tərəfindən  Qarabağın tacı olan Şuşanın azad edilməsi 44 günlük İkinci Qarabağ müharibəsində ən  böyük hərbi qələbə oldu. 2022-ci ilin “Şuşa İli” elan olunması hər bir azərbaycanlının bu şəhərə olan məhəbbətinin  növbəti təcəssümü oldu. Qarabağın zümrüd qaşı – Şuşa, bu il sənin üçün parlaq və təntənəli tədbirlərlə –  quruculuq, festivallar, konsertlər, müsabiqələr, sərgilər, yaradıcılıq layihələri, poeziya gecələri, yubileylərlə yadda qalacaq. Yaxın vaxtlarda hər birimiz Şuşaya gedəcəyik, doğma yurdumuzun torpağına ayaq basıb, onun təmiz havasından udacayıq. Var olsun Müzəffər Ali Baş Komandanımız və rəşadətli Ordumuz.”

2022-ci il təkcə Şuşa, Qarabağ üçün deyil, bütövlükdə ölkəmiz üçün çox uğurlu il olacaq

Yeganə Quliyeva sevincli olduğunu bildirdi: “Dövlətimizin başçısı  şanlı Zəfər tariximizi nəzərə alaraq və Şuşanın bərpasını sürətləndirmək məqsədilə 2022-ci ili “Şuşa ili” elan edib. Bu xəbər hər bir vətənpərvər insan kimi, məni də çox sevindirdi. Ona görə ki, Şuşa adi şəhər deyil. Bu gözəl və ecazkar şəhər bizim milli musiqimizin beşiyidir, mədəniyyətimizin tacıdır. Mən inanıram ki, 2022-ci il təkcə Şuşa, Qarabağ üçün deyil, bütövlükdə ölkəmiz üçün çox uğurlu il olacaq. İstərdim ki, işğaldan azad olunan bütün torpaqlarımız, o cümlədən Şuşa da tezliklə tam bərpa olunsun. Keçmiş məcburi-köçkünlər öz yurd-yuvalarına qayıtsın. Bizə də adını eşitdiyimiz, şan-şöhrəti, zəngin tarixi haqqında  oxuduğumuz Şuşanı görmək səadəti  nəhayət ki, nəsib olsun.

Şuşa ilə bağlı qəhrəmanlıq filmləri çəkilməli, kitablar yazılmalıdır

Əliheydər Məmmədov bu ildən gözləntilərinin çox olduğunu vurğuladı: “Ümid edirəm ki,  bu il Azərbaycan incəsənətinin yaradıcı insanları Şuşa ilə, tarixi Zəfərimizlə bağlı layihələrin gerçəkləşməsi üçün öz töhfələrini verəcəklər. İlk olaraq, Şuşa ilə bağlı çox gözəl qəhrəmanlıq filmlərinin çəkilməsini, kitablar yazılmasını istəyirəm. Əsgərlərimizin şücaəti, qorxmazlığı, fədakarlığı və ən əsası vətənpərvərliyini mükəmməl şəkildə təcəssüm etdirəcək film  çəkilməlidir. Bizim əsl Vətən müharibəmiz elə Şuşada idi. Azərbaycan igidlərinin Şuşada göstərdiyi qəhrəmanlıq  bütün azərbaycanlılarının qəhrəmanlığını göstərdi. Hazırkı postmünaqişə dövründə bu məlumatların yayılması bir tərəfdən Qarabağın əsl sahibinin kim olduğunu dünya ictimaiyyətinə bir daha təqdim edəcək, digər tərəfdən, uzun illər tarixi saxtalaşdırmağa cəhd edən erməniləri və onların yalanlarını əyani faktlarla ifşa edəcəkdir.”

Hər birimiz “Şuşa İli”nə öz töhfəmizi verməliyik

Oktay Cebrayza vurğuladı ki, Şuşa Qarabağın əzəmətli zirvəsi, Azərbaycanın şah damarıdır. Şuşa milli mədəniyyətimizin, incəsənətimizin beşiyidir: “Bu şəhərin işğal altında olmağı tarixin qara səhifəsi idi. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında igid əsgər və zabitlərimiz 2020-ci il noyabrın 8-də Şuşanı işğaldan azad etməklə Vətən müharibəsi tarixini Qələbə ilə başa vurdular. Azərbaycan Ordusunun əsgər və zabitləri öz qanı və canı bahasına  tarixi torpaqlarımızı erməni və ermənipərəst işğalçılardan təmizlədi. Cənab Prezident İlham Əliyevin 2022-ci ili “Şuşa ili” elan etməsi möhtəşəm hadisəyə çevrildi və ölkənin şanlı tarixinin qızıl salnaməsinə yazılacaq.  Fikrimcə, 2022-ci il Şuşanın həyatında ən yaddaqalan il olacaq. Hər birimiz “Şuşa İli” ilə bağlı bütün hədəfərin gerçəkləşməsi üçün öz töhfəmizi verməliyik. Hər bir azərbaycanlı üçün müqəddəs olan bu şəhərə tez-tez səfərlər təşkil olunacaq, o cümlədən xarici qonaqlar üçün. Şuşa öz əzəmətini yenidən qaytaracaq və bütün dünya bu şəhərdə baş verən möhtəşəm hadisələri izləyəcək.”

Şuşa bütün azərbaycanlılar üçün qürur yeridir

Fəxrəddin Məmmədov tezliklə ailəsi ilə birlikdə Şuşaya getmək istəyindən, şəhəri görməklə bağlı diləyindən bəhs etdi: “Azərbaycanın qeyrət qalası, Qarabağın döyünən ürəyi, Qafqazın incisi Şuşa gözəllik simvolu, qürur rəmzi olmaqla yanaşı, həm də bir milli kimlik məsələsidir. “Azərbaycan musiqisinin beşiyi” və “Şərqin konservatoriyası” adlandırılan Şuşa bütün azərbaycanlılar üçün qürur yeri, müqəddəs şəhər, hər mənada ucalıq rəmzidir. Azərbaycanın hər qarışı bizim üçün əzizdir, amma Şuşanın qəlbimizdə yeri tamamilə başqadır. Mən gəncliyimdə Şuşada çox olmuşam. İstəyirəm ki, illər sonra ailəmlə Şuşaya gedim, o səfalı diyarın qoynunda istirahət edim, havasını udum, ruhum orada hüzur tapsın. Ümidvaram ki, “Şuşa İli”ndə Şuşaya hər bir azərbaycanlının gedə bilməsi üçün zəruri olan hər bir şərait yaradılacaq.”

Möcüzə gerçək oldu

Paytaxt sakini Gülbəniz Rəcəbova isə “Şuşa İli”ndə Şuşadan, tarixi Zəfərimizdən danışmağın birbaşqa fəxarət olduğunu qeyd etdi: “Mən elə düşünürdüm ki, bir də işğal olunmuş torpaqlarımızı görməyəcəm.  O torpaqların itkisi bizim üçün böyük faciə idi. Amma elə olmadı… Şükürlər olsun ki, bu gün torpaqlarımız azaddır. Bu, bir vaxtlar bizə möcüzə kimi gəlirdi, amma  indi gerçəkdir. Nəhayət ki, bu xoşbəxtlik mənə, ailəmə bütün Azərbaycan xalqına qismət oldu. Mən dövlət başçımıza çox minnətdaram. Çünki 200 il idi ki, Azərbaycan tarixində belə qüdrətli, Müzəffər Fateh yox idi. Prezident İlham Əliyev indiyə qədər bir qarış torpağını qaytara bilməyən Azərbaycanın 20 faiz torpağını xalqımıza qaytardı. Bəzən insanlar iqtisadi çətinlikdən danışanda mən onlara  deyirəm ki, yuxu içində olan şeyi gerçəkdə əldə etdik: Tarixi Qələbəni. Hər atılan güllənin qiymətini bilsəydiniz, yəqin ki, hamınız susardınız… Allah bütün şəhidlərimizə rəhmət eləsin. Ömrümüz boyu onlara minnətdarıq.”

Daha çox xəbərlər