Soydaşlarımızın doğma yurd-yuvalarına Böyük Qayıdışı üçün bütün imkanlar yaradılır
Dövlət başçısı İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Ağdam rayonuna səfərləri çərçivəsində açılışında və təməlqoyma mərasimlərində iştirak etdikləri sosial obyektlərin say tərkibi bunun təsdiqidir
Regionların inkişafını dövlət siyasətinin əsası kimi qəbul edən ölkə Prezidenti İlham Əliyevin işğaldan azad edilmiş ərazilərimizə səfərləri davam edir. Ötən il bölgələrə 47 səfər edən cənab İlham Əliyev onların 32-sini işğaldan azad edilmiş ərazilərimizə reallaşdırmışdır. Hər səfər yeni sosial obyektlərin açılışı və təməlqoyma mərasimlərinin keçirilməsi ilə yadda qalır. Dövlət başçısı İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın fevralın 13-də Ağdam və Ağcabədi rayonlarına səfərlərinə diqqət yetirdikcə geniştərkibli açılış və təməlqoyma mərasimlərinin şahidi olarıq. Onların xronologiyasına diqqət yetirək. «Ağdam-1» və «Ağdam-2» elektrik yarımstansiyalarının, «Qarabağ» Regional Elektrik Şəbəkəsinin Rəqəmsal İdarəetmə Mərkəzinin açılışı oldu. Sonra Prezident İlham Əliyev Ağdam Sənaye Parkında fəaliyyət göstərəcək alternativ və bərpa olunan enerji mənbələri ilə qidalanan işıq dirəklərinin, digər qurğuların və Xalça istehsalı müəssisələrinin, «Park Forest Otel Ağdam» mehmanaxanasının və 209 mənzildən ibarət yeni yaşayış kompleksinin təməllərini qoydu. Səfər çərçivəsində dövlət başçısı və birinci xanım Heydər Əliyev Fondu tərəfindən Ağdam Cümə məscidində bərpa-restamrasiya işlərinin gedişi ilə tanış oldular. 201 çarpayılıq Ağdam Rayon Mərkəzi Xəstəxanasının təməli qoyuldu, həmçinin Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin qərargahında yaradılan şəraitlə tanışlıq oldu. Ağcabədi rayonuna gəldikdə isə ölkə Prezidenti və birinci xanım «Ağcabədi taxıl Aqropark»da yaradılan şəraitlə tanış oldular, «Ağcabədi» yarımstansiyasının açılışında iştirak etdilər. Dövlət başçısı və birinci xanım Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının yeni inşa olunan hərbi şəhərciyinin, Avşar-Salmanbəyli-Aşağı Avşar-Xocavənd avtomobil yolunun açılışında iştirak etdilər.
Qısa xronologiya hər iki rayonun bu günü və gələcəyi üçün nə kimi önəmli addımların atıldığını təqdim edir. Onu da qeyd edək ki, dövlət başçısı İlham Əliyevin nəinki postmünaqişə dövründə, eləcə də Vətən müharibəsinin gedişində müsahibələrinin əsasında Qarabağlı və Şərqi Zəngəzurlu Azərbaycanın gələcək inkişafı məsələsi dayanırdı. Ölkə Prezidenti hələ 44 günlük İkinci Qarabağ müharibəsinin getdiyi vaxtlarda bu torpaqlarımızın azad ediləcəyinə inamını ifadə etməklə yanaşı, onların dirçəldilməsi üçün atılacaq addımlara, həmçinin Azərbaycanın dayanıqlı inkişafının təmin edilməsində bu ərazilərin malik olduqları potensialdan səmərəli istifadəyə xüsusi diqqət yönəldirdi. Bildirirdi ki, əsas hədəf bu torpaqların cənnətməkana çevrilməsi, əvvəlki simalarına qayıtmasıdır.
İşğaldan azad edilmiş ərazilərdə bərpa və quruculuq işləri geniş miqyası ilə diqqətdədir. Böyük Qayıdışın astanasında olduğumuz göz önündədir. Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, ötən dövr ərzində bu istiqamətdə görülən işlərin miqyası o qədər genişdir ki, onları sadalmaq üçün xeyli vaxt lazımdır.
Reallıq budur ki, qarşıya qoyulan hədəflər uğurla icra edilir. Öncə yol infrastrukturu yeniləndi və bu istiqamətdə işlər davam edir. 2021-ci ilin oktyabrın 26-da Füzuli Beynəlxalq Hava Limanı istifadəyə verildi. Zəngilan Hava Limanının da uçuş-eniş zolağında ərazi minalardan təmizlənib və tikinti işləri davam edir. Laçın Hava Limanının isə yeri müəyyən edilməklə plan-sxemlər hazırlanıb və hazırda tikinti işlərinə başlanması üçün baza yaradılır. 2020-ci il noyabrın 16-da təməli qoyulan Zəfər yolunun ötən il noybarın 7-də açılışı oldu. İşğaldan azad edilmiş ərazilərdə 15 fərqli layihə üzrə 1400 kilometrdən artıq uzunluqda yolların, habelə telekommunikasiya şəbəkələrinin qurulması və rabitə xidmətlərinin təşkili üzrə işlər də sürətlə davam edir. Bu ərazilərdə elektrik enerjisinin təminatı ilə bağlı ötən il ərzində lazımi avadanlıqların quraşdırılması, yarımstansiyaların yenidən qurulması və bərpası, elektrik xətlərinin çəkilişi istiqamətində xeyli işlər görülüb. Şuşa, Füzuli, Kəlbəcər, Cəbrayıl, Zəngilan və Qubadlıda yarımstansiyaların tikintisi qısa müddətdə başa çatdırılaraq istifadəyə verilib, digər enerji infrastrukturu obyektlərində bərpa və gücləndirmə işləri davam etdirilir. Kompleks tədbirlər işğaldan azad edilmiş ərazilərimizin qısa zamanda dirçələcəyinə, sakinlərini xoş ovqatla qarşılayacağına əminlik yaradır.
Dövlət başçısı İlham Əliyevin imzaladığı Fərman və sərəncamlar da bərpa prosesinin qısa zamanda başa çatacağına əminlik yaradır. Hər bir səndə özündə müəyyən məqsəd və məramı, eyni zamanda, ona nail olmağın icra mexanizmini əks etdirir. İqtisadi rayonların yeni bölgüsü, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının yaradılması özündə əsas məqamları ehtiva edir. Hazırda bərpa və quruculuq işləri ilə yanaşı, bu rayonların malik olduğu iqtisadi imkanlardan gələcəkdə səmərəli istifadə edərək dayanaqlı inkişafın təmin edilməsi əsas müzakirə olunan məsələlər sırasındadır.
Dövlət başçısı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdam Sənaye Parkında iki müəssisənin təməlinin qoyulması mərasimində iştirak ediblər. Qeyd etdiyimiz kimi, cənab İlham Əliyev tərəfindən ölkəmizdə həyata keçirilən iqtisadi siyasətin ən önəmli istiqamətlərindən biri sənaye sektorunun, xüsusilə də qeyri-neft sənayesinin sürətli inkişafıdır. Bu baxımdan yeni dövrün iqtisadi inkişaf tələbləri ilə uzlaşan mütərəqqi mexanizmlərin tətbiqi-sənaye zonalarının yaradılması xüsusi önəm kəsb edir. Qeyri- neft sektorunun inkişafına mühüm töhfə verən sənaye parklarında sahibkarlığın inkişafı üçün əlverişli şərait yaradılıb və rezidentlər üçün stimullaşdırıcı tədbirlər tətbiq olunur. Hazırda Azərbaycanda 5 sənaye parkı – Sumqayıt Kimya, Balaxanı, Mingəçevir, Qaradağ və Pirallahı sənaye parkları fəaliyyət göstərir. Dövlət başçısı İlham Əliyevin 28 may 2021-ci il tarixli Fərmanı ilə Ağdam, 4 oktyabr tarixli Fərmanı ilə Araz Vadisi İqtisadi Zonası sənaye parklarının yaradılması nəticəsində ölkəmizdə sənaye parklarının sayı 7-yə çatıb.
O da məlumdur ki, cənab İlham Əliyevin Sərəncamı ilə «Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər» təsdiqlənib. Növbəti onillikdə ölkənin sosial-iqtisadi inkişafına dair beş Milli Prioritet reallaşdırılmalıdır: dayanıqlı artan rəqabətqabiliyyətli iqtisadiyyat; dinamik, inklüziv və sosial ədalətə əsaslanan cəmiyyət; rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanı; işğaldan azad olunmuş ərazilərə böyük qayıdış; təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi. Hər bir prioritet gələcəyə hədəflənib, Azərbaycanın daha qüdrətli və zəngin dövlətə çevrilməsini təmin edəcək.
Ölkə Prezidenti İlham Əliyev işğaldan azad edilmiş ərazilərimizdə bərpa və quruculuq işlərindən bəhs edərkən bildirir ki, keçən il çox böyük proqramın icra edilməsinə başlanmışdır. Müharibədən çıxmış ölkələrin təcrübəsinə nəzər saldıqda bu, doğrudan da miqyas baxımından tarix boyu ən genişmiqyaslı proqramdır. Bu proqramın özəlliyi ondadır ki, heç kimdən yardım istəmədən və almadan öz vəsaitimiz hesabına həyata keçiririk. Əlbəttə, burada da ardıcıllıq olmalı idi. İlk növbədə, minalardan təmizləmə işləri aparılmalı idi ki, bu sahədə həm ANAMA, həm Müdafiə Nazirliyi, eyni zamanda, Fövqəladə Hallar Nazirliyi fəal işləyirlər.
Son bir ildə bərpa və quruculuq işlərinin miqyasının genişliyi minalardan təmizləmə işlərinin sürəti barədə də aydın təsəvvür yaradır. Amma bütün hallarda bu proses həm xeyli vaxt itkisidir, həmçinin maliyyə vəsaiti tələb edir. Nəzərə alaq ki, bütün bu işləri Azərbaycan dövləti öz daxili imkanlarımız hesabına həyata keçirir. Hər zaman bir-birinə dəstək olan Azərbaycan və Türkiyənin Zəngilanda birgə investisiya layihəsinə start vermələri də təqdirəlayiqdir. Məlum olduğu kimi, ötən il oktyabrın 26-da Füzuli Beynəlxalq Hava Limanının açılışında birgə iştirakdan sonra Azərbaycan və Türkiyə prezidentləri Zəngilanda «ağıllı kənd» layihəsi çərçivəsində Ağalı kəndində görülən işlərlə tanışlıqdan sonra «Dost Aqropark»ın təməlini qoymuşdular. Türk və azərbaycanlı sərmayədarlar tərəfindən Zəngilanda həyata keçiriləcək “Dost Aqropark” layihəsi üç mərhələdə icra olunacaq. Layihənin birinci mərhələsində inzibati binalar, qapalı və yarıaçıq heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr, istirahət zonası, xidməti heyətin qalması üçün binalar tikiləcək. Kompleksdəki otlaq sahələrində 4 min baş cins qaramalın yetişdirilməsi, əkinçilik məhsulları istehsalı və digər fəaliyyətlər də həyata keçiriləcək. Bütün bunlar Azərbaycanın və Türkiyənin qida təhlükəsizliyinə töhfə verəcək, bölgənin əkinçilik və heyvandarlıq məhsullarının beynəlxalq bazarlara çıxarılmasına imkan yaradacaq.
Görülən işlərin, həyata keçirilən infrastruktur layihələrinin hamısını sadalamaq mümkün deyil. Əsas olan budur ki, soydaşlarımızın Böyük Qayıdışı təmin edilsin və tezliklə o sevinci yaşasınlar. «Bu il artıq bu infrastruktur layihələri ilə yanaşı, şəhərsalma layihələri də icra ediləcək» söyləyən ölkə Prezidenti bildirir ki, məktəblərin, xəstəxanaların təməli qoyulur. Şəhərlərin Baş planında bütün bu işlər öz əksini tapıb. Qeyd edək ki, Ağdam Rayon Mərkəzi Xəstəxanasının təməli qoyuldu. Növbəti mərhələdə Ağdam rayonu üzrə daha bir neçə səhiyyə müəssisəsinin inşası nəzərdə tutulur. Belə ki, qarşıdakı dövrdə burada Gigiyena və Epidemiologiya Mərkəzi, Təcili Tibbi Yardım Stansiyası, Məhkəmə- Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin binası, çoxprofilli modul tipli xəstəxana, onkoloji, 50 çarpayılıq psixiatriya və 50 çarpayılıq vərəm əleyhinə xəstəxanalar, Regional Tibb Kolleci və digər səhiyyə müəssisələrinin inşası nəzərdə tutulur. Ağdamda 209 mənzildən ibarət yeni yaşayış kompleksinin təməli qoyuldu. Dövlət başçısı İlham Əliyevin «Məcburi köçkünlər yaxşı bilirlər ki, onların öz dədə-baba torpaqlarına qayıtması üçün biz əlimizdən gələni edəcəyik, işğaldan azad edilmiş bu torpaqları yenidən quracağıq» fikirləri görülən işlərin fonunda öz aydın ifadəsini tapır. Görülən işlər soydaşlarımızın qısa zamanda öz doğma torpaqlarına qayıdacaqlarına və yenidən həyatın başlanacağına əminliyi artırır.
Sadaladıqlarımız Böyük Qayıdışa qədərki dövrü əhatə edir. Artıq soydaşlarımızın öz doğma yurd-yuvalarına qayıdışlarından sonra yeni prioritetlər müəyyənləşdiriləcək. İşğaldan azad edilmiş şəhərlərimizin Baş planlarında soydaşlarımızın gələcək fəaliyyətləri üçün də bütün imkanların yaradıldığı özünü qabarıq şəkildə büruzə verir. hazırkı dövrdə əsas hədəflərdən biri ölkəmizin ərzaq təhlükəsizliyinin təmin edilməsidir. Demoqrafiq vəziyyətlə əlaqədar olaraq yeni texnologiyaların tətbiqi şəraitində iri fermer təsərrüfatlarının yaradılması ilə hədəflərə lazımi səviyyədə nail olmaq mümkündür. Həmin ərazilərdə ənənəvi kənd təsərrüfatı sahələrinin inkişafına xüsusi diqqət yetiriləcək. Bitkiçiliyin və heyvandarlığın inkişafı prioritetdir. Doğma yurd-yuvalarına qayıdacaq soydaşlarımızın kənd təsərrüfatı məhsullarının istehsalı və emalı ilə məşğulluq imkanları «ağıllı kənd» layihəsində nəzərdə tutulub. Ümumilikdə bu ərazilərimiz dövlət başçısı İlham Əliyevin «ağıllı şəhər» və «ağıllı kənd» layihələri əsasında yenidən müasir tələblər səviyyəsində qurulacaq.
Bu gün Azərbaycanın hər bir bölgəsi inkişaf, tərəqqi dövrünü yaşayır. Məqsəd insanların rahat yaşayışını təmin etmək, onların məmnunluğunu artırmaqdır. Dövlət hər zaman vətəndaşının yanındadır. Dayanaqlı inkişafın təmin edilməsi fonunda ölkənin maliyyə imkanları artır ki, bu da öz növbəsində sosial layihələrin icrasını sürətləndirir. Hər zaman özünə diqqət və qayğının şahid olan, eyni zamanda, işğaldan azad edilmiş ərazilərimizdə bərpa-quruculuq işlərinin geniş miqyas aldığını görən ölkə ictimaiyyəti sevinclidir, öz Prezidentinə güvənir və ətrafında sıx birləşir.

