Əsas səhifə 

Vətən qarşısında şərəflə yerinə yetirilən borc!

Prezident İlham Əliyev: Bizim bu gün gördüyümüz işlər, o cümlədən ordu quruculuğu sahəsində gördüyümüz işlər Azərbaycanı daha da gücləndirəcək və Ermənistanda baş qaldıran revanşist qüvvələrə cavab olacaq

Qarabağın, Şərqi Zəngəzurun tarixi Azərbaycan torpaqları olduğunu bütün dünyaya təkcə sənədlərlə, faktlarla, xəritələrlə deyil, həm də o yerlərə olan sonsuz sevgimizlə, erməni faşizminin işğalından azad etmək üçün xalqımızın göstərdiyi birlik və əzmkarlıqla, qəhrəman oğullarımızın misilsiz sücaəti, rəşadəti ilə sübut etdik. Bu gün yenə dilindən, dinindən və milliyətindən asılı olmayaraq hər kəs Vətən müharibəsində olduğu kimi, işğaldan azad olunmuş doğma torpaqlarımıza yenidən həyat bəxş etmək üçün yumruq kimi birləşib. Qarabağda və Şərqi Zəngəzurda başlanan sürətli bərpa-quruculuq işləri planlı formada həyata keçirilir, yeni innovativ yanaşmalar tətbiq olunmaqla mərhələli şəkildə bütün sahələri əhatə edir. Müqəddəs yurd yerlərimizi – Şuşanı, Ağdamı ziyarət etmək xoşbəxtliyini yaşamaq üçün hamı həyəcanla müntəzəm avtobus marşrutlarına növbəsini gözləyir. Və bütün bunlar hamısı böyük, əvəzolunmaz Vətən sevgisi ilə bağlıdır!

Eyni zamanda, bütün bunlar Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin fevralın 13-də düşməndən azad edilmiş Ağdam rayonuna sayca üçüncü səfəri zamanı Ağdam Cümə məscidinin önündə çıxışı zamanı dediyi kimi, bizim borcumuzdur. Bunu biz edirik. Vətən qarşısında bu borcu şərəflə yerinə yetiririk!

Erməni barbarları tərəfindən darmadağın edilmiş şəhərlərin və kəndlərin daha müasir və daha gözəl şəkildə yenidən qurulması, yol və digər infrastruktur layihələrinin həyata keçirilməsi, kommunikasiyaların bərpası istiqamətində qısa müddətdə görülmüş işlər bir daha onu göstərir ki, dövlətimiz bunun üçün siyasi iradə ortaya qoyub, bütün maliyyə və texniki imkanlarımız, kadr potensialımız səfərbər edilib. Prezident İlham Əliyev çıxışında bir məqamı xüsusi vurğuladı ki, görülən işlər dayanıqlı iqtisadi gücə malik Azərbaycanın öz maliyyə imkanları hesabına reallaşdırılır: “Bütün bu işləri biz özümüz görürük, öz vəsaitimiz hesabına, büdcəmiz hesabına, heç kimdən yardım istəmədən, heç bir kredit almadan. Bunu Azərbaycan vətəndaşları edir. Əlbəttə ki, müxtəlif xarici şirkətlər artıq bu işlərdə fəal iştirak edirlər. Bu şirkətlərin sayı artmaqdadır. Mən çox şadam ki, həm yerli şirkətlər, həm xarici şirkətlər azad edilmiş torpaqlarda işləməyə can atırlar, maraq göstərirlər və biz bunu alqışlayırıq.”

Göründüyü kimi, qarşımızda böyük işlər vardır. Bu gün cənab Prezidentimizin Ağdamda, Füzulidə, Zəngilanda, Şuşada və digər işğaldan azad edilmiş rayon və şəhərlərimizdə, kəndlərimizdə bünövrəsini qoyduğu yaşayış evləri, məktəblər, xəstəxanalar, sənaye parkları və müəssisələr həm də minlərlə, onminlərlə keçmiş məcburi köçkünün tezliklə öz doğma yurduna əbədi qayıtmaq inamlarının təməlidir. Qısa müddət ərzində planlı şəkildə görülmüş bütün bu işlər yaxın gələcəkdə konkret nəticələrə gətirib çıxaracaq, həmin rayonların sakinləri yenidən doğma yurdlarında evlə, işlə, yaşayış üçün lazım olan hər şeylə təmin olunacaqlar.

Dövlət başçımızın işğaldan azad edilmiş torpaqlarımıza mütəmadi səfərləri, dağıdılmış dini-tarixi abidələr qarşısında çıxış etməsi, eyni zamanda, erməni barbarlığının, faşizminin növbəti dəfə bütün dünyaya nümayiş etdirilməsi baxımından əhəmiyyətlidir. Bu gün bütün dünya görür ki, işğal dövründə xalqımız hansı bəla ilə üz-üzə qalıb, otuz il ərzində ermənilər tərəfindən məqsədyönlü şəkildə bütün şəhərlərimiz, kəndlərimiz, məscidlərimiz, qəbiristanlıqlarımız, digər maddi-mədəniyyət abidələrimiz dağıdılıb. Odur ki, Müzəffər Ali Baş Komandanımızın da dediyi kimi, heç vaxt Azərbaycan xalqı bu vəhşiliyi unutmamalıdır. Heç kim bu vəhşiliyi unutmamalıdır.

Prezident İlham Əliyev Ağdam səfəri zamanı çıxışında görülən işlərin revanşizm xülyaları ilə yaşayan ermənilərə cavab olduğunu da vurğuladı: “Əminəm ki, bizim bu gün gördüyümüz işlər, o cümlədən ordu quruculuğu sahəsində gördüyümüz işlər Azərbaycanı daha da gücləndirəcək və Ermənistanda baş qaldıran revanşist qüvvələrə cavab olacaq. Biz öz torpağımızdayıq. Biz bu torpağa qan tökərək, şəhidlər verərək qayıtmışıq. Bu torpaqda möhkəm dayanmışıq və bu torpaqlarda əbədi yaşayacağıq.”

Şəhidlərimizin uğrunda axıtdıqları müqəddəs qanları ilə yenidən Vətənə çevirdikləri doğma Qarabağımızda, Şərqi Zəngəzurumuzda və bir gün mütləq Qərbi Zəngəzurumuzda, Göyçədə əzəli olduğu kimi, əbədi yaşayacağımız tarix uzaqda deyil. Atılan hər təməl, qoyulan hər bünövrə, üst-üstə qoyulan hər kərpic bizi o günlərə daha da yaxınlaşdırır!..

Daha çox xəbərlər