Əsas səhifə 

Prezident İlham Əliyev Ağdamdan çağırış etdi: “Qarşımızda böyük işlər var”

Dövlət başçısı Qarabağa növbəti səfərində mühüm açıqlamalar verdi; azad edilən ərazilərdə görülən işlərin miqyasının nəhəngliyi aydın oldu

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva fevralın 13-də Ağcabədi və Ağdam rayonlarına səfər ediblər.

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı və birinci xanım xalqımızın ümummilli lideri Heydər Əliyevin Ağcabədi şəhərinin mərkəzində ucaldılmış abidəsi önünə gül dəstələri düzərək, Ulu Öndərin xatirəsini dərin ehtiramla yad ediblər.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “Ağcabədi taxıl Aqropark”da yaradılan şəraitlə tanış olublar.

Ümumi dəyəri 35 milyon manat olan aqroparkın yaradılmasına 9,8 milyon manat məbləğində güzəştli kredit verilib. Burada 41-i daimi olmaqla 150 iş yeri yaradılıb.

Prezident İlham Əliyev yenidən qurulan 110/35/10 kilovoltluq “Ağcabədi” yarımstansiyasının açılışını edib.

İlham Əliyev və birinci xanım Mehriban Əliyeva fevralın 13-də Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Ağcabədi rayonunda yeni inşa olunan hərbi şəhərciyinin açılışında iştirak ediblər.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağcabədi rayonunda Avşar-Salmanbəyli-Aşağı Avşar-Xocavənd avtomobil yolunun yenidənqurmadan sonra açılışında da iştirak ediblər.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva fevralın 13-də Ağdam səfərlərində  Qarabağ xanlarının türbələri və yaşayış evi – İmarət kompleksində olublar.

Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov dövlətimizin başçısına və xanımına kompleksdə görülməsi nəzərdə tutulan tədbirlər barədə məlumat verib.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Heydər Əliyev Fondu tərəfindən Ağdam Cümə məscidində görülən bərpa-restavrasiya işlərinin gedişi ilə də tanış olublar.

Prezident İlham Əliyev Ağdam Cümə məscidinin qarşısındakı çıxışında bildirib ki, müharibədən sonra Ağdama üçüncü dəfədir ki, səfər edir: “Hər dəfə buraya gələndə ürəyim ağrıyır. Çünki Ağdamda bir dənə də olsun salamat bina yoxdur. Təkcə bu yarıdağılmış məsciddir ki, onun da dam örtüyü zədələnmişdir. Bu məscid ermənilər tərəfindən təhqir edilib, burada inəklər, donuzlar saxlanılıb. Ermənilər nəinki Azərbaycan xalqını, bütün müsəlman aləmini təhqir ediblər. Ağdam şəhərində, Ağdam rayonunda bu yarıdağılmış məsciddən başqa bir dənə də bina ayaq üstə deyil”.

Gələn aydan Ağdam Cümə məscidində təmir-bərpa işlərinə start veriləcək -  Veteninfo.Az

Prezident deyib ki, Ağdam rayonunun bərpası ilə bağlı kompleks tədbirlərin görülməsi bizə imkan verəcək ki, qısa müddət ərzində Ağdamı yenidən quraq, yaradaq. Bu gün Ağdamın gələcək inkişafı ilə bağlı çox önəmli addımlar atılıb, bir neçə təməlqoyma mərasimi keçirilib: “Qısa müddət ərzində görülmüş işlər yaxın gələcəkdə konkret nəticələrə gətirib çıxaracaq. Bu gün Ağdam şəhərində sənaye parkının ilk rezidentləri tərəfindən yaxın gələcəkdə istifadəyə veriləcək yeni müəssisələrin təməl daşı qoyuldu. Sənaye parkının təməl daşını mən keçən dəfə Ağdamda, Müstəqillik Günündə qoymuşdum. Bu gün isə artıq ilk müəssisələrin təməli qoyuldu. Artıq 5 rezident vardır və onlar işə başlayırlar. Beləliklə, 190 hektar ərazidə qurulacaq Ağdam Sənaye Parkının ilk müəssisələri artıq bu sahədə ilk addımlarını atır. Bu, çox önəmli hadisədir. Ona görə ki, Ağdam şəhərinin gələcək inkişafı ilə bağlı planlarımızda, ilk növbədə, yaşayış binalarının inşası və iş yerlərinin açılması var. Çünki burada yaşayacaq ağdamlılar işlə təmin olunmalıdırlar. İş yerlərinin yaradılması ilə bağlı əlavə addımlar da atılacaq. Əminəm ki, yaxın gələcəkdə Ağdam Sənaye Parkında onlarla müəssisə işə başlayacaqdır. Azərbaycan iş adamlarına da mən bu gün burada – Ağdam Cümə məscidinin önündə çağırış edirəm ki, gəlsinlər həm Ağdama, həm də azad edilmiş bütün digər ərazilərə sərmayə qoysunlar, vəsait qoysunlar. Çünki bu gün Azərbaycanda biznes üçün, sahibkarlar üçün çox gözəl şərait yaradılıb. Dövlət sahibkarları dəstəkləyir və həm mənəvi-siyasi dəstək verilir, eyni zamanda güzəştli kreditlər verilir. Əlbəttə ki, bölgələrdə infrastruktur layihələrinin icrası sahibkarlıq üçün də gözəl imkanlar yaradır. Ona görə Azərbaycan sahibkarları gərək azad edilmiş torpaqlara gəlsinlər və burada müəssisələr qursunlar, iş yerləri yaratsınlar. Biz azad edilmiş torpaqları ancaq bu yolla tezliklə canlandıra bilərik. Əlbəttə, dövlət öz tərəfindən lazımi addımları atır və atacaq. Ağdam şəhərinin baş planı hazırlanıb, Baş plan əsasında işlər görülür. Əlbəttə ki, özəl sektorun nümayəndələri bu işlərdə fəal olmalıdırlar.

Ağdamda yarımstansiyalar və "Qarabağ" Rəqəmsal İdarəetmə Mərkəzi istifadəyə  verilib

Bu gün eyni zamanda iki yarımstansiyanın açılışı olmuşdur. Beləliklə, azad edilmiş torpaqlarda yarımstansiyaların sayı 9-a çatıb. “Ağdam-1″ və ”Ağdam-2″ yarımstansiyalarının fəaliyyəti nəticəsində bütün rayon elektrik enerjisi ilə dayanıqlı şəkildə təmin ediləcək. Bu gün Ağdamda mehmanxananın təməli qoyuldu. Müasir mehmanxana təqribən 2 ildən sonra fəaliyyətə başlayacaq. Buraya böyük sayda gələcək qonaqlara indi şərait yaradılır. Əlbəttə ki, bu gün qeyd etdiyimiz hadisələrdən biri də yaşayış kompleksinin təməl daşının qoyulmasıdır. Altı evdən ibarət yaşayış kompleksi təqribən il yarıma – iki ilə inşa ediləcək, bəlkə də ondan da tez və beləliklə, Ağdamın hərtərəfli inkişafı təmin olunacaq.

Bu gün eyni zamanda Ağdam Mərkəzi Şəhər Xəstəxanasının təməli qoyulur. Əlbəttə ki, 210 çarpayılıq xəstəxana ağdamlılara tibbi xidmətin göstərilməsi üçün imkanlar yaradacaq.

Keçən dəfə Ağdamda olarkən mən burada 1 nömrəli məktəbin təməlini qoydum. O məktəbdə təqribən minə yaxın şagird oxuyacaq. Yəni bir daha demək istəyirəm, kompleks tədbirlər görülür – elektrik enerjisi ilə təchizat, Ağdama qaz xətlərinin çəkilişi layihəsi indi işlənilir, içməli suyun gətirilməsi, o cümlədən Xaçınçay su anbarının təmiri layihəsi builki İnvestisiya Proqramında vardır, yaşayış binaları, mehmanxana, iş yerləri. Yəni bu, hərtərəfli inkişaf deməkdir. Elə bu gün açılışında və təməlqoyma mərasimində iştirak etdiyim obyektlərdə biz bu genişmiqyaslı işləri görə bilərik.

Bununla yanaşı, Ağdamın yol-nəqliyyat infrastrukturu tamamilə yenidən qurulur. Bərdə-Ağdam avtomobil yolu, dəmir yolu inşa edilir. Hesab edirəm ki, avtomobil yolu təqribən bir ilə hazır olacaq. Mənim göstərişimlə Füzuli-Ağdam avtomobil yolunun çəkilişi layihəsi artıq icra olunmağa başlamışdır. Bu yol həm Füzuli və Ağdam şəhərlərini birləşdirəcək, eyni zamanda, Ağdamı Füzuli Beynəlxalq Hava Limanı ilə birləşdirəcək və Ağdama başqa ölkələrdən gəlmək daha asan olacaq.

Bu işlər bir daha onu göstərir ki, biz vaxt itirmədən, tarixi Zəfərdən sonra vaxt itirmədən bu işlərə start vermişik, siyasi iradə ortaya qoymuşuq, bütün maliyyə və texniki imkanlarımızı, kadr potensialımızı səfərbər etmişik. Bütün bu işləri biz özümüz görürük, öz vəsaitimiz hesabına, büdcəmiz hesabına, heç kimdən yardım istəmədən, heç bir kredit almadan. Bunu Azərbaycan vətəndaşları edir. Əlbəttə ki, müxtəlif xarici şirkətlər artıq bu işlərdə fəal iştirak edirlər. Bu şirkətlərin sayı artmaqdadır. Mən çox şadam ki, həm yerli şirkətlər, həm xarici şirkətlər azad edilmiş torpaqlarda işləməyə can atırlar, maraq göstərirlər və biz bunu alqışlayırıq.

Qarşımızda böyük işlər vardır. Bu işləri maksimum səmərə ilə və keyfiyyətlə aparmaq üçün əlbəttə ki, düşünülmüş addımlar planı olmalıdır. Bütün şəhərlər baş plan əsasında yenidən qurulacaq. Ağdamın, Füzulinin baş planları təsdiq edilib.

Görülmüş bütün bu işlərlə yanaşı, əlbəttə ki, biz tarixi, dini abidələrimizi də bərpa edirik. Bütün bu işləri Heydər Əliyev Fondu öz imkanları hesabına görür. Bu, Heydər Əliyev Fondunun Azərbaycanın milli-mənəvi dəyərlərinin qorunmasına növbəti töhfəsidir. Bu, bizim borcumuzdur. Bunu biz edirik. Vətən qarşısında bu borcu şərəflə yerinə yetiririk. Necə ki, Vətən müharibəsində Azərbaycan xalqı tarixi ədaləti bərpa etdi, düşməni doğma torpaqlarımızdan qovdu. Beləliklə, Azərbaycan ərazi bütövlüyünü bərpa etdi”.

Prezident çıxışında qeyd edib ki, indi bəziləri gələcək barışıq haqqında danışırlar. Əlbəttə ki, Ermənistan-Azərbaycan arasında sülh müqaviləsi olmalıdır: “Beynəlxalq hüququn norma və prinsipləri əsasında qarşılıqlı surətdə ölkələrin ərazi bütövlüyünü tanımaq şərtilə bu sülh müqaviləsi imzalanmalıdır.

Bizim bu gün gördüyümüz işlər, o cümlədən ordu quruculuğu sahəsində gördüyümüz işlər Azərbaycanı daha da gücləndirəcək və Ermənistanda baş qaldıran revanşist qüvvələrə cavab olacaq. Biz öz torpağımızdayıq. Biz bu torpağa qan tökərək, şəhidlər verərək qayıtmışıq. Bu torpaqda möhkəm dayanmışıq və bu torpaqlarda əbədi yaşayacağıq. Qarabağ Azərbaycandır!”

Ağdama gedən Şuşaya da gedəcək - ABŞ səfiri “Şeytanın qıçını” sındırdı,  amma...

Aydın Hüseynov

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov “Yeni Müsavat”a bildirib ki, Prezident İlham Əliyevin və birinci vitse-prezident Mehriban xanım Əliyevanın Ağdam və Ağcabədi səfərləri Azərbaycanın Qarabağ bölgəsində quruculuq işlərinin nəhəngliyini görməyimizə bir daha şərait yaratmış oldu. Açılışı həyata keçirilən obyektlər, müəssisələr, təməli qoyulan vacib obyektlər, bölgənin enerji təminatında rol oynayacaq yarımstansiyaların tikilib işə salınması və digər çoxsaylı işlər, sadəcə, möhtəşəmdir və Azərbaycan dövlətinin gücünün göstəricisidir: “Azərbaycan Prezidenti işğaldan azad edilən ərazilərimizin qurulmasına, orada insanların yaxşı yaşayışı üçün bütün şəraitin yaradılmasına, iş yerlərinin açılmasına çox böyük diqqət göstərir. Prezidentimiz torpaqlarımızı Ordumuzun qüdrəti ilə azad etdiyi kimi, dövlətimizin qüdrəti ilə qurub inşa edəcək. Buna Azərbaycan Prezidentinin dəmir iradəsi, heyrət ediləcək səviyyədə biliyi, potensialı, ilk növbədə də vətənə, xalqa bağlılığı stimul verir. Cənab İlham Əliyev Azərbaycanı o dərəcədə güclü dövlətə çevirib ki, bu qədər nəhəng resurslar tələb edən işləri Azərbaycan öz imkanları hesabına uğurla reallaşdırır. Bu, dünya təcrübəsində nadir hallarda rast gəlinən fenomendir ki, 30 ilə yaxın işğalda qalıb darmadağın edilən nəhəng ərazidə sıfırdan bütün işləri ölkə ancaq öz resursları hesabına reallaşdıra bilir. Biz buna görə dövlətimizlə, Prezidentimizlə qürur duyuruq.

Prezidentin sahibkarlara çağırışına gəlincə, vətənpərvər iş adamlarımız bu çağırışa, şübhəsiz, azad edilən ərazilərimizə sərmayə qoymaqla reaksiya verəcəklər. Prezidentin bu çağırışı eyni zamanda sahibkarların da imkanlarının gələcəkdə genişlənməsi üçündür. Bölgəyə yatırım qoyan iş adamları, şübhəsiz, gələcəkdə bu yatırımdan gəlirlər də əldə edəcəklər.

Cənab Prezidentin Azərbaycanın Ermənistanla sülh sazişinə hazır olduğunu bəyan etməsini isə  Ermənistan nə qədər gec deyil nəzərə almalıdır. Çünki Azərbaycan sülh sazişinə hazır olmaqla yanaşı, əgər Ermənistan sülhü deyil, müharibəni seçəcəksə, müharibəyə də hazır olduğunu bəyan edir. Azərbaycan dövlətinin, ordumuzun gücü Ermənistanı bu dəfə tamamilə diz çökdürməyə qadirdir”.

Rektor Ceyhun Məmmədov: Məqsədimiz dərin dini və dünyəvi biliklərə malik  kadrların hazırlanmasıdır - AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya  Agentliyi

Ceyhun Məmmədov 

Deputat Ceyhun Məmmədov isə bildirdi ki, Azərbaycan yekun sülh sazişinin imzalanmasının tərəfdarı olduğunu bir daha bəyan etmiş oldu: “Azərbaycan öz torpaqlarının hazırda erməni separatçılar olan hissəsini də öz gücü ilə azad etmək iqtidarındadır. 44 günlük müharibə də Azərbaycan buna qadir olduğunu göstərdi. Bizim ordumuz müharibədən keçən müddətdə daha da güclənib. Azərbaycan Rusiyanın çağırışını ona görə qəbul etdi ki, müharibə dayansın və Ermənistanla yekun sülh müqaviləsi imzalansın. Lakin təəssüflə qeyd edək ki, proseslərə baxırıq, keçirilən bütün görüşlərdə razılaşdırılmış məsələlər, 10 noyabr bəyanatındakı tələblər Ermənistan tərəfindən yerinə yetirilmir. Son vaxtlar isə davamlı olaraq ermənilərin təxribatları ilə üzləşirik. Bir neçə gün öncə Kəlbəcər istiqamətində ermənilərin atəşkəsi pozması, Ermənistandan qeyri-konstruktiv tonda bəyanatlar verilməsi, Xankəndindəki separatçıların işğalı nəzərdə tutan ”qanun layihəsi” ortaya atması onu göstərir ki, Azərbaycan sülhə tərəfdar olsa da, ermənilər yenə müharibə, işğal çağırışları edirlər. Azərbaycan Prezidentinin səsləndirdiyi son fikirlər də bir daha göstərdi ki, əgər Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyaraq sülh sazişini imzalamaq istəyirsə, Azərbaycan da sülh sazişini imzalamağa hazırdır, yox, əgər Ermənistan sülh deyil müharibə istəyirsə, Azərbaycan müharibəyə də hazırdır. Yəni sülh istiqamətində danışıqlar gedir, amma nəticələrin əldə olunmasında ləngimələri görürük. Ermənistan bilməlidir ki, Azərbaycan uzun müddət gözləməyəcək. Əgər yekun sülh müqaviləsi imzalanmasa və ermənilərin təxribatları davam etsə dəmir yumruq hər an hazırdır. Ermənistan hansısa havadarına arxayın olmasın”.

Prezidentin çıxışındakı iqtisadi və quruculuq istiqamətində məqamlara gəlincə, C.Məmmədov dedi ki, işğaldan azad olunmuş ərazilərdə qısa müddətdə çox böyük işlərin görüldüyü və bu işlərin sürətlə genişləndiyinin şahidiyik: “12 istiqamətdə yollar çəkilir, yolların bir neçəsi artıq hazırdır. Cənab Prezidentin Ağdama səfərində qısa müddətdə necə böyük işlərin görüldüyünün şahidi olduq. İki müəssisənin əsası da qoyuldu. Onların birində 60, birində 80 nəfərin işləməsi nəzərdə tutulur. Yaşayış binasının, otelin təməli atıldı. Həyata keçirilən işləri Azərbaycan öz hesabına edir. Əslində bu kimi situasiyalarda biz dünya təcrübəsinə baxanda beynəlxalq qurumların yardımlar etdiyi, yardım üçün beynəlxalq qurumlara müraciətlər edildiyi, ölkələrin kredit götürdüyünü görürük. Amma Azərbaycan işğaldan azad etdiyi ərazilərində tikinti, quruculuq işlərinin hamısını öz gücünə edir. Bu isə Azərbaycanın gücünü, iqtisadi potensialını göstərir. Ağdam nümunəsində çox böyük işlərin qısa müddətdə görüldüyünün şahidi olduq.

Prezidentin sahibkarlara çağırışına da xüsusi diqqət ayırmaq lazımdır. Qarabağın qurulması, Qarabağa qayıdış hər birimizin üzərində olan müqəddəs vəzifədir. Yəni bu, yalnız cənab Prezidentin, yalnız dövlət qurumlarının yox, hər bir vətəndaşın, o cümlədən sahibkarların üzərinə böyük vətəndaşlıq məsuliyyəti qoyur. İş adamları bu prosesə öz töhfəsini verməlidir. Abadlaşma, quruculuq işlərində, yeni iş yerlərinin yaradılmasında aktiv iştirak etmək lazımdır. Özəl sektor işğaldan azad edilən ərazilərə sərmayə yatırmalıdır”.

Daha çox xəbərlər