Cəmiyyət 

MTRŞ ləğv edilir, Audiovizual Şura yaradılır – nələr dəyişəcək?

Qulu Məhərrəmli: “Kiminsə zövqünə görə deyil, “Media haqqında” Qanundan irəli gələn vəzifələr Audiovizual Şuranın fəaliyyətinin əsas istiqaməti olacaq”

Azərbaycanda MTRŞ ləğv edilir, Audiovizual Şura yaradılır. Bu barədə Prezident İham Əliyevin imzaladığı “Media haqqında” Qanunun tətbiqi və bundan irəli gələn bir sıra məsələlərin tənzimlənməsi barədə fərmanda qeyd olunub.

Fərmana əsasən, şura Milli Televiziya və Radio Şurasının hüquqi varisidir, onun öhdəlikləri və əmlakı şuraya keçir, Milli Televiziya və Radio Şurasının səlahiyyət müddəti bitməmiş üzvləri həmin müddət bitənədək fəaliyyətlərini davam etdirirlər, şuranın strukturu və işçilərinin say həddi təsdiq edilənədək Milli Televiziya və Radio Şurasının Aparatı fəaliyyətini davam etdirir.

Bəs MTRŞ-nin ləğv edilib, onun yerinə Audiovizual Şuranın yaradılmasının nə kimi dəyişiklikləri olacaq? Ümumiyyətlə, bunun bir əhəmiyyəti varmı?

Milli.Az musavat.com-a istinadən bildirir ki, Əməkdar jurnalisti, televiziya tənqidçisi Qulu Məhərrəmli bu barədə öz münasibətini açıqlayıb.

O deyib ki, “Media haqqında” Qanunla Milli Televiziya və Radio Şurasının adı dəyişdirilir, funksiyaları genişləndirilir və o, Audiovizual Şura adlandırılır: “Ümumiyyətlə, audiovuzal şuralar bir sıra Avropa ölkələrində mövcuddur və həmin şuralar televiziya və radio yayımı sahəsində dövlət siyasətinin tənzimlənməsi ilə məşğuldur. Əlbəttə, xarici təcrübə göstərir ki, bunlar daha çox dövlətin tezlik resursunun tənzimlənməsində, müxtəlif kanalların fəaliyyət göstərməsində, alternativ kanalların yaradılmasında, yayım siyasətində plüralizmin gözlənməsində kömək edir, cəmiyyətin istək və arzularının ifadə olunması ilə bağlı televiziya kanallarının fəaliyyətini qaydaya salır.

Söhbət burada daha çox kontentdən deyil, həmin o kanalların daha çox texniki aspektlərinin tənzimlənməsi, bir də tamaşaçı marağının qorunması məsələsində və əlbəttə ki, yayım sahəsində dövlətin siyasətinin tənzimlənməsində birbaşa iştirakından gedir. Elə düşünürəm ki, “Media haqqında” Qanunun tətbiq dairəsi genişləndikcə, xüsusən internet sahəsində və onun media profillərinin artması, yutub, internet televiziya kanallarının sayca artması teleradio yayımının şaxələnməsinə, onların diversifikasiyasına və əlbəttə ki, istər-istəməz tənzimləmə məsələlərinin ortaya çıxmasına səbəb olur. Yəni yeni texnologiya özü ilə məzmunun fərqli şəkildə ifadə olunması problemini ortaya qoyur. Elə məsələlər var ki, onların hüquqi cəhətdən tənzimlənməsi önə çıxır.

Yeni yaradılacaq, daha doğrusu, adı dəyişdiriləcək və funksiyaları genişləndiriləcək Audiovizual Şura məhz bu işlərlə məşğul olacaq. Mənə elə gəlir ki, son illər bizdə bu şuranın fəaliyyəti ilə bağlı ümidverici məqamlar var. O cümlədən bizim audiovizual məkanın inventorlaşdırılması, burada gedən proseslər, reklam bazarı, bununla bağlı aparılmış tədqiqatlar və bunlara aşkarlıq verilməsi əsas yaradır ki, biz Audiovizual Şuradan bu səyləri davam etdirməsini gözləyək.

Əsas yenilik isə bu qanuna istinad olacaq. Yəni kiminsə zövqünə görə deyil, “Media haqqında” Qanundan irəli gələn vəzifələr Audiovizual Şuranın fəaliyyətinin əsas istiqaməti olacaq. Bütün hallarda Audiovizual Şura teleradio yayımı sahəsində dövlət siyasətini həyata keçirən, onu tənzimləyən əsas qurum olacaq. Onun idarə olunmasında, tərkibinin formalaşmasında mövcud olan əvvəlki prosedurlar qalacaq. Sadəcə olaraq, dediyim kimi, onun fəaliyyətində şaxələnmə özünü göstərəcək və bu da daha çox yeni medianın və internet resurslarının, yayım seqmentinin genişlənməsi ilə bağlı olacaq. Yəqin ki, bu haqqında danışdığımız məsələlər ən yaxın zamanlarda reallıqda, gerçək həyatda özünü göstərəcək”.

Daha çox xəbərlər