2018-2021-ci illərdə on mindən çox şəxsə elektron nəzarət vasitələri tətbiq edilib – RƏSMİ
Probasiya qurumlarının qeydiyyatında olan şəxslərin sayı ardıcıl surətdə artıb, 2018-ci illə müqayisədə 2020-ci ildə Xidmətin qeydiyyatında olan məhkumların sayı 25,9 faiz, 2021-ci ildə isə 17,6 faiz çox olub.
ARANTV.AZ xəbər verir ki, bu fikirlər Ədliyyə Nazirliyinin Probasiya Xidmətinin rəisi, III dərəcəli dövlət ədliyyə müşaviri Akşin Ziyadovun “Cəzaların icrasında və cəza siyasətinin humanistləşdirilməsində Probasiya Xidməti mühüm rol oynayır” sərlövhəli məqaləsində yer alıb.
O bildirib ki, məhkumların 24 saat ərzində izlənilməsini təmin etmək üçün hazırda Probasiya Xidmətində müasir avadanlıqla, proqram təminatı ilə təchiz olunmuş Elektron Monitorinq Mərkəzi fəaliyyət göstərir:
“2018-2021-ci illərdə on mindən çox şəxsə elektron nəzarət vasitələri tətbiq edilib. Onların mütləq əksəriyyəti azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxslər olub. Hazırda 2900-dən çox məhkuma elektron qaydada nəzarət edilir”.
Onun sözlərinə görə, ictimai işlər cəzası təyin edilmiş şəxslərin iş saatlarının elektron qaydada hesablanmasına, vaxtında iş yerlərində olmalarına nəzarətin gücləndirilməsinə yönəlmiş, nəticədə ictimai işlər növündə cəza və inzibati tənbeh üzrə yerinə yetirilmiş işlərin müddəti ilbəil artmış, təkcə 2021-ci ildə 126 min 822 saat ictimai işlərin yerinə yetirilməsi təmin edilib.
“Qanunvericiliyin humanistləşdirilməsi ilə əlaqədar Cinayət Məcəlləsinə edilən dəyişikliklərdən sonra məhkəmələr azadlıqdan məhrum etməyə alternativ olan, xüsusilə elektron nəzarət vasitəsinin tətbiqini nəzərdə tutan azadlığın məhdudlaşdırılması növündə cəzaların təyin edilməsinə üstünlük verib”,- deyə A.Ziyadov qeyd edib.

