Qarabağ dünyanın ən müasir yaşayış məskənlərindən biri olacaq
Prezident İlham Əliyevin azad olunmuş ərazilərə səfərləri və Qarabağda, Şərqi Zəngəzurda aparılan bərpa-yenidənqurma işlərinin gedişatını daim diqqətdə saxlaması dünya ictimaiyyəti tərəfindən böyük maraqla izlənilir. İşğal illərində bərbad vəziyyətə düşmüş bölgənin simasında işğaldan sonra məhz Prezidentimizin həyata keçirdiyi siyasət ilə müsbətə doğru dəyişdiyini aydın görmək olur. Otuz ilə yaxın erməni vandalizminə məruz qalaraq xarabalığa çevrilmiş digər ərazilərlə yanaşı Ağdam da indi yenidən tikilir. Prezident İlham Əliyevin 13 fevral tarixində Ağdama üçüncü səfəri zamanı burada həyata keçirilən layihələrin icrası ilə yaxından tanış olmuş, Rayon Mərkəzi Xəstəxanasının, yeni yaşayış kompleksinin, “Park Forest Otel Ağdam” mehmanxanasının, Ağdam Sənaye Parkında iki müəssisənin təməl qoyma mərasimlərində yaxından iştirak etmiş,“Ağdam-1” və “Ağdam-2” elektrik yarımstansiyalarının, “Qarabağ Rəqəmsal İdarəetmə Mərkəzi istifadəyə verilmişdir. Bütün bunlar deməyə əsas verir ki, təsdiq edilmiş Baş Plana əsasən artıq Ağdamda quruculuq dövrü başlayıb.
Səfər zamanı Prezidentin çıxışında Ağdamda həyata keçirilən layihələrin uğurlu icrası ilə yanaşı erməni vəhşiliyi haqqında da məlumat verməsi heç də təsadüfi deyildir. Ermənilərin istər yüz il əvvəlki dövrdə, istərsə də 90-cı illərdən etdiyi vəhşiliklər yalnız Azərbaycan xalqına, millətinə qarşı olmayıb, həm də digər xalqlara qarşı da yönəlmişdi. Belə ki, Azərbaycan torpağında olan həm İslam dininə qədər olan dövr, həm alban abidələri, həm də xristian dininə aid olan məbədlərin hamısına amansızcasına yanaşılıb, dağıdılıb, yerlə-yeksan edilib. Bu vandallıqla da onlar öz kimliklərini nümayiş etdiriblər. Erməni vəhşiliyinin ən bariz nümunəsini Ağdamda görürük. Qafqazın Xirosiması adlandırılan Ağdamda vəziyyət daha da ağırdır. Belə ki, Xirosimada salamat binalara, tikililərə, dini məbədlərə rast gəlmək mümkündür. Amma istər Ağdamda, istərsə də Füzulidə bir ədəd belə salamat tikili belə qalmayıb, daşı-daş üstündə qoymayıblar. Torpaqlarımızın işğaldan azad edilməsi Qarabağda dağıntıların miqyasının necə böyük olduğunu, yaşayış məntəqələrinin və tikililərin erməni işğalçıları tərəfindən yer üzündən demək olar ki, tamamilə silindiyi faktını üzə çıxardı. Bu faktı öz gözləri ilə görən hər kəs, istər xarici dövlətlərin diplomatik nümayəndələri, istərsə də jurnalistlər gördükləri mənzərə qarşısında sarsıntı yaşayır.
Düşmən tərəfindən ölü şəhərə çevrilmiş Ağdama və digər ərazilərə artıq həyat qayıdıb, yeni nəfəs gəlib. Yenidən Azərbaycana qovuşan bu bölgə artıq dilbər guşəyə çevrilir. “Yaşıl enerji” zonası kimi bərpa olunan Qarabağ dünyanın ən müasir yaşayış məskənlərindən biri olacaq. İşğaldan azad olunmuş ərazilərin bərpası və yenidən qurulması, məcburi köçkünlərin öz yurdlarına qayıtması, regionun sosial-iqtisadi inkişafı olduqca çətin və yüksək məbləğdə vəsait tələb edən prosesdir. Çıxışı zamanı ölkə başçımız görülən bütün işlərin Azərbaycanın daxili vəsaiti hesabına reallaşdırdığını diqqətə çatdırmışdı.əlbəttə bu da, ölkəmizin iqtisadiyyatının gücünü göstərir. Lakin bununla yanaşı, ölkə vətəndaşları, eləcə də xaricdə yaşayan soydaşlarımız, iş adamları Qarabağın quruculuğu prosesində iştirak etmək istəklərini hər fürsətdə ifadə edirlər. Bu gün hər kəsin ən böyük arzusu Qarabağın dirçəlməsi prosesinə töhfə verməkdir. Qarabağda müasir şəhərsalma, 4-cü sənaye inqilabının çağırışlarına uyğun yanaşma və ən əsası yeni idarəetmə modeli ilə smart region yanaşması tətbiq edilir ki, bu da xarici investorların bölgəyə marağını daha da artırır. İşğaldan azad edilmiş ərazilərdə görülənişlərin, həyata keçirilən tədbirlərin sürətlə aparılması bölgə üçün geniş perspektivlər vəd edir. Prezidentimiz cənab İlham Əliyevin də vurğulamış olduğu kimi, biz tezliklə doğma Qarabağımızı cənnətə çevirəcəyik. Çox keçməyəcək ki, azad edilmiş torpaqlarımıza ayaq basanda işğalın ağır nəticələri, ağrı-acıları ilə deyil, gözəlliklərlə qarşılaşacağıq.
Şəbnəm Eldarova,
Pirallahı Rayon İcra Hakimiyyəti başçısı Aparatının Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin baş məsləhətçisi

