Əsas səhifə 

Qarabağın giriş qapısı adlandırılan Ağdam yeni siması, möhtəşəmliyi ilə düşmənə gözdağı olacaq

Vətən müharibəsindəki Qələbədən ötən dövr ərzində işğaldan azad edilmiş şəhər və rayonlarımızda başlanan yenidənqurma prosesi getdikcə daha da genişlənir. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına investisiya yatırmaq istəyən yerli və xarici şirkətlərin sayı artır. Prezident İlham Əliyevin yeni inkişaf konsepsiyası əsasında yenidən qurulan şəhər və rayonlarda reallaşdırılan ən müasir layihələr onu deməyə əsas verir ki, tezliklə dünya böyük Qayıdışa və Azərbaycanın iqtisadi qüdrətinə şahidlik edəcək. Qətiyyətlə demək olar ki, Ağdam da, Qarabağda yerləşən digər şəhər və kəndlərimiz də tezliklə gözəl və inkişaf etmiş yaşayış məskənlərinə çevriləcək. Yaxın gələcəkdə Ağdam özünün gözəl parkları və bağları, sərgi salonları və biznes mərkəzləri olan müasir şəhərə çevriləcəkdir.Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin də dediyi kimi, işğaldan azad edilmiş ərazilərdə quraşdırılacaq “Ağıllı məkan” layihələri bu yerlərin ən müasir yaşayış məskənlərinə çevirilməsinə səbəb olacaq.

Bu il Cənab Prezidentin Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına səfəri Ağdamdan başladı. Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın fevralın 13-də Ağdam rayonuna etdiyi səfər və bu səfər çərçivəsində keçirilən görüşlər, təməlqoyma mərasimlərində  təqdim olunan layihələr dağıdılmış şəhərlərimizin, kəndlərimizin qısa müddət ərzində yenidən qurulacağına, insanların öz doğma el-obasına tezliklə qayıdacağına, işğal altında olmuş ərazilərimizdə həyatın yenidən canlanacağına olan inamı daha da möhkəmləndirdi. Qarabağ və Şərqi Zəngəzurda reallaşdırılan layihələr onu göstərir ki, cənab İlham Əliyev işğaldan azad edilmiş torpaqlarımızda misli görünməmiş tikinti-quruculuq işləri həyata keçirir. Bir sözlə, İlham Əliyevin işğaldan azad edilmiş ərazilərə səfərləri və səfərlər zamanı ən qısa zamanda görülən işlərə, bütün proseslərə birbaşa nəzarəti, eyni zamanda siyasi iradəsi, verdiyi vədlərlə əməllərinin vəhdəti belə deməyə əsas verir ki, çox keçməyəcək, işğaldan azad edilmiş torpaqlara həyat qayıdacaq, bu ərazilər yenidən çiçəklənəcək, Qarabağ təkcə ölkənin deyil, regionun ən inkişaf etmiş məskənlərindən birinə çevriləcək.

Erməni vandallarının 30 il ərzində darmadağın edərək daşını daş üstündə qoymadığı, Qarabağın giriş qapısı adlandırılan Ağdam isə yeni siması, möhtəşəmliyi ilə düşmənə gözdağı olacaq. Erməni vandallarının xaraba qoyduğu Ağdam şəhərinin əvvəlki gözəlliyini və şöhrətini özünə qaytaracayıq. Ərazi bütövlüyümüzə qarşı Ermənistan trəfindən törədilən hər hansı bir revanşist təxribatlar vaxtında öz layiqli cavabını alacaqdır. Qarabağda bundan sonra insanlar sülh və təhlükəsiz sosial rifahın ən yüksək formasında yaşayacaqlar. Yaradılan bütün infrastruktur layihələr bölgənin sosial-iqtisadi həyatında çox əhəmiyyətli rol oynayaraq ölkə iqtisadiyyatına böyük uğurlar bəxş edəcəkdir.

Fazil Məhəmmədov,
Pirallahı rayon Ağsaqqallar Şurasının üzvü

Daha çox xəbərlər