NATO-Azərbaycan əlaqələri: Ölkəmizə yüksək etimad diplomatiyamızın uğurudur
NATO-nun Baş katibi Yens Stoltenberqin Prezident İlham Əliyevə zəng edərək, ötən ilin dekabrında Brüsselə səfəri çərçivəsində NATO-nun ali orqanı olan Şimali Atlantika Şurasında çıxışına görə dövlət başçımıza təşəkkürünü bildirməsi Azərbaycana artan marağın ifadəsidir
Əsası 1992-ci ildə qoyulan NATO-Azərbaycan əlaqələri qarşılıqlı əməkdaşlıq prinsipləri əsasında inkişaf edir. 1994-cü ildən etibarən «Sülh Naminə Tərəfdaşlıq» proqramına qoşularaq NATO ilə əlaqələri möhkəmləndirən Azərbaycan Şimali Atlantika dünyada sabitliyin qorunması naminə həyata keçirdiyi bütün tədbirlərdə layiqincə təmsil olunur. Demokratik dəyərlərə və prinsiplərə sadiqlik əsasında inkişaf edən bu münasibətlərin nəticəsidir ki, ölkəmizdə ordu quruculuğu ilə bağlı islahatlar NATO standartlarına uyğun təkmilləşir, müdafiə qüdrətimiz möhkəmlənir. Dünyanın ən güclü siyasi-hərbi təşkilatı, ABŞ və Avropanın bir neçə dövlətini birləşdirən NATO-nun Lissabon, Brüssel, Çikaqo, Uels Vaşinqton Zirvə görüşlərində, nüvə təhlükəsizliyi məsələsinə həsr olunmuş Koreya, Çikaqo sammitlərində, Münxen Təhlükəsizlik Konfransında məntiqli çıxışları ilə diqqət çəkən Prezident İlham Əliyevin dünyada sülhün, əmin-amanlığın qorunması naminə irəli sürdüyü təkliflər maraqla qarşılanıb. NATO PA-nın «Cənubi Qafqaz: Çağırışlar və imkanlar» mövzusunda 86-cı Rouz-Rout seminarının Bakıda keçirilməsi, Əfqanıstanda, İraqda , Kosovada sülhyaratma missiyasını həyata keçirən Alyansın qüvvələri tərkibində əməliyyatlarda iştirak edən Azərbaycanın əsgər və zabitlərinin döyüş hazırlığının, nizam –intizamının yüksək dəyərləndirilməsi, ölkəmizə minnətdarlıq məktublarının göndərilməsi sübut edir ki, bölgənin ən güclü ordusuna malik Azərbaycan Şimali Atlantikanın ən etibarlı müttəfiqidir. NATO-nun əməliyyatlarında ( KFOR, İSAF) iştirak edən Azərbaycan Qətiyyətli Dəstək Missiyasına, Milli Etimad Fonduna töhfə verib. Qlobal beynəlxalq layihələrin təşəbbüskarı olan Azərbaycan NATO ilə əməkdaşlığı çərçivəsində vədinə sadiqliyini Əfqanıstanda sülhün təminatına göstərdiyi hərtərəfli yardımları ilə sübut edib. Hava məkanından istifadə və tranzit marşrutları vasitəsilə göstərdiyi siyasi dəstəyə görə ölkəmizə minnətdarlığını bildirən NATO təmsilçiləri dəfələrlə bildirmişlər ki, XXI əsrdə qloballaşan dünyada təhlükəsizlik çağırışlarına dəstək göstərən, müxətlif illərdə beynəlxalq müdafiə sərgilərinə ev sahibliyi edən rəsmi Bakı ilə əməkdaşlıqda israrlıyıq, dialoqumuzun və əlaqələrimizin güclü potensialı vardır. İllərin təcrübəsi göstərir ki, NATO-Azərbaycan dialoqunun möhkəm təmələ əsaslanan əməkdaşlıq formatı təkmilləşir, beynəlxalq layihələrin təşəbbüskarı olan Azərbaycanın NATO ilə münasibətləri Avrasiya məkanında əməkdaşlıq imkanlarını genişləndirir.
Bu günlərdə NATO-nun Baş katibi Yens Stoltenberqin Prezident İlham Əliyevə zəng edərək ötən ilin dekabrında Brüsselə səfəri çərçivəsində və NATO-nun ali orqanı olan Şimali Atlantika Şurasında çıxışına görə dövlət başçımıza təşəkkürünü bildirməsi adı dünyanın ən güclü orduları sırasında çəkilən Azərbaycana göstərilən etimad, qarşılıqlı əməkdaşlığa verilən töhfədir,
Telefon söhbəti zamanı Azərbaycan-NATO əlaqələrinin inkişafından məmnunluq ifadə olunub, Cənubi Qafqaz regionunda postmünaqişə vəziyyəti, Ukrayna ətrafında cərəyan edən proseslərə və dünya enerji bazarındakı mövcud duruma dair fikir mübadiləsi aparılıb. Alyansın Baş katibi Avropanın etibarlı qaz təchizatçısı olmasına və qaz ixracını artırmasına görə Azərbaycana təşəkkürünü ifadə edib. Prezident İlham Əliyev Azərbaycanın enerji məhsulu növlərinin önəmli ixracatçısı kimi etibarlı tərəfdaş olaraq qalmaqda davam edəcəyini diqqətə çatdırıb.
Göründüyü kimi 30 il Ermənistanın işğalı altında qalan torpaqlarımızı 44 gün davam edən İkinci Qarabağ müharibəsində qazandığı Qələbə ilə azad edən Azərbaycanın bu tarixi Zəfəri beynəlxalq səviyyədə dəstəklənir.
Xatırladaq ki, ötən ilin dekabrında Belçika Krallığının paytaxtı Brüsseldə keçirilən Şərq Tərəfdaşlığı Proqramının VI Sammitində iştirak edən, keçirdiyi görüşləri, verdiyi bəyanatları ilə diqqəti cəlb edən Prezident İlham Əliyevin NATO-nun Baş katibi Yens Stoltenberqlə Alyansın mənzil-qərargahında təşkil olunan birgə mətbuat konfransı da böyük maraqla qarşılanmışdır. Mətbuat konfransında NATO-nun Baş katibi rəsmi Bakının Alyansın dəyərli tərəfdaşı olduğunu qeyd etməklə Azərbaycan Silahlı Qüvvələrinin Əfqanıstanda «Qətiyyətli dəstək» əməliyyatlarındakı xidmətlərini də yüksək qiymətləndirmişdi. Alyansın Baş katibi bildirmişdi ki, Azərbaycan sülhməramlıları Əfqanıstanı sonuncu tərk edən hərbi qulluqçular sırasında olmaqla, 120 mindən çox insanın Kabil hava limanı vasitəsilə təxliyəsində iştirak etmişlər.
Beynəlxalq səviyyədə belə Cənubi Qafqazın lider dövləti kimi tanınan, qlobal enerji, kommunikasiya- nəqliyyat layihələri, faydalı təşəbbüsləri, hədəfə ünvanlanmış çağırışları dəstəklənən Azərbaycanın daxili və xarici siyasəti, bölgədə yaratdığı yeni reallıqlar, irəli sürdüyü təkliflər dünyanın ən güclü hərbi təşkilatı olan NATO tərəfindən də yüksək dəyərləndirilir. Dünya siyasətində aktuallığı ilə diqqəti cəlb edən, Mərkəzi Asiya, Xəzər regionu, Aralıq dənizi ölkələrinə çıxış istiqaməti olan, geniş sosial-iqtisadi, geosiyasi və geostrateji xüsusiyyətlərə sahib olacaq Zəngəzur dəhlizinin açılması ilə bağlı Azərbaycanın göstərdiyi qətiyyət NATO səviyyəsində də dəstəklənir. Prezident İlham Əliyev ilə NATO-nun Baş katibi Yens Stoltenberqin Brüsseldə Alyansın mənzil-qərargahında birgə mətbuat konfransının təşkili də dünyada sabitliyin təminatına böyük töhfələr verən Azərbaycanla dialoqun və qarşılıqlı anlaşmanın önəmini göstərir. «Uzun illər ərzində aramızda güclü əməkdaşlıq olub. Bu gün əməkdaşlıq bir çox sahələri, bacarıqların inkişafından tutmuş enerji təhlükəsizliyinə qədər olan sahələri əhatə edir. NATO müttəfiqləri, həmçinin sizə köhnə sovet ordusundan qalmış artıq minaların və silah-sursatın zərərsizləşdirilməsi ilə bağlı kömək göstərmişdir. Bu gün biz birlikdə daha nələri edə biləcəyimizi müzakirə etdik» söyləyən Baş katib ötən illərdə Alyansın Əfqanıstandakı sabiq missiyasına mühüm töhfələr verən Azərbaycanın xidmətlərini xüsusilə qeyd etmişdir: «Mən NATO və Azərbaycan arasında əməkdaşlığın daha da dərinləşdirilməsi üçün işimizin davam etdirilməsini səbirsizliklə gözləyirəm.»
Mətbuat konfransında Azərbaycan- NATO əlaqələrinin səmərəsindən, işgüzar əlaqələrin tərəflərə qazandırdığı təcrübələrin əhəmiyyətindən bəhs edən Prezident İlham Əliyev bildirmişdi ki, keçirilən birgə təlim- məşqlər regionda sülhə, sabitliyə, demokratiyanın inkişafına xidmət edir. Cənubi Qafqazda postmüharibə vəziyyəti ilə bağlı açıqlama verən dövlət başçımız bildirmişdii ki, bütün dünyada , bölgədə sülhə, sabitliyə və faydalı çağırışlara sadiq olan Azərbaycanın bütün səyləri yeni müharibə risklərinin minimuma endirilməsinə hesablanıb. Qarşılıqlı əməkdaşlığın möhkəmləndirilməsinin ən etibarlı yolu isə kommunikasiyaların bərpası, dünya siyasətinə və tərəflərin maraqlarına uyğun dialoqun davam etdirilməsi, tərəfsiz, sağlam düşüncəyə xidmət edən qonşuluq siyasətinə sadiqlikdir.
Avropa ölkələrinin enerji təhlükəsizliyinin təminatında əsas mənbə olan ölkəmizin artan rolundan bəhs edən Prezident İlham Əliyev bildirmişdir ki, Azərbaycan NATO-ya üzv 4 ölkənin etibarlı təbii qaz təchizatçısıdır: «Əminəm ki, qarşıdakı illərdə onların sayı arta bilər. Bu, həmçinin regional sabitlik, təhlükəsizlik üçün mühümdür. Çünki, enerji təhlükəsizliyi artıq ölkələrin milli təhlükəsizliyinin bir hissəsidir. Ümumilikdə biz NATO ilə yüksəksəviyyəli qarşılıqlı fəaliyyətdə olmaqdan çox şadıq. Biz çox şadıq ki, NATO bizim səylərimizi qiymətləndirir və bu gün biz regionun xeyrinə və dünyada təhlükəsizlik üçün birgə səyləri davam etdirməklə bağlı razılığa gəldik.»
Dövlətlərarası münasibətlərin möhkəmlənməsində əsas amil olan nəqliyyat -kommunikasiyalardan birgə istifadə ilə bağlı fikirlərini Zəngəzur dəhlizinin bölgə üçün əhəmiyyəti baxımından ifadə edən Prezident İlham Əliyev bu sahədə Ermənistanla danışıqların aparıldığını diqqətə çatdıraraq bildirmişdir ki, Azərbaycandan Ermənistan vasitəsilə Naxçıvan Muxtar Respublikasına dəmir yolunun tikintisi , həmçinin magistral yolun inşasına dair razılıq əldə olunub: «Zəngəzur dəhlizinin hüquqi rejiminə gəlincə, o, Laçın dəhlizinin eynisi olmalıdır. Çünki üçtərəfli Bəyanatda açıq-aydın deyilir ki, Azərbaycan Qarabağla Ermənistan arasında əlaqə üçün təhlükəsizliyi və maneəsiz çıxışı təmin edir və Ermənistan Azərbaycanla Naxçıvan Muxtar Respublikası arasında əlaqələr üçün eyni maneəsiz çıxış və təhlükəsizliyi təmin etməlidir.»
Zəngəzur dəhlizinin əhəmiyyəti təkcə Azərbaycanın digər rayonları ilə Naxçıvan Muxtar Respublikasına çıxışının təmin olunması ilə məhdudlaşmır. Ermənistan da bu yol vasitəsilə İranla, Rusiya ilə dəmir yolu əlaqəsi əldə edəcək. Belə ki, Azərbaycanın bölgə dövlətləri arasında qarşılıqlı əməkdaşlığı gücləndirəcək 3+3 formatına uyğun Zəngəzur dəhlizinin bərpası dünyada sülhün, təhlükəsizliyin təminatı missiyasını yerinə yetirən NATO-nun da maraq göstərdiyi qlobal kommunikasiyadır.
Bunun üçün isə ilk növbədə Ermənistan ilə Azərbaycan arasında etibarlı sülh sazişi imzalanmalı, sərhədlərin delimitasiyası və demarkasiyası aparılmalıdır. Tərəflər arasındakı gərginlik normallaşdırılmalı, hərbi əməliyyatlar dayandırılmalı, Ermənistanın Azərbaycan sərhədlərində törətdiyi təxribatlara son qoyulmalı, zorakılığın yenidən alovlanmasına rəvac verə biləcək addımların qarşısı alınmalı, tərəfləri maraqlandıran məsələlər diplomatik yollarla həll olunmalıdır. Cənubi Qafqazda sülhün təminatı üçün Azərbaycan üzərinə düşən vəzifələri yerinə yetirir.
NATO-nun Baş katibinin Prezident İlham Əliyevlə telefon danışığı, dövlət başçımıza edilən minnətdarlıq İkinci Qarabağ müharibəsindəki tarixi Qələbəsi ilə regionda yeni reallıqlar yaradan Azərbaycana artan marağın ifadəsidir. Dünya siyasətində həlledici rola malik qlobal güc mərkəzləri ilə münasibətlərini milli maraq və tərəflərin mənafelərinə uyğun formalaşdırmaqla bölgədə təhlükəsizliyə və əməkdaşlığa böyük töhfələr verən Azərbaycana göstərilən belə yüksək etimad qarşıdakı illərdə NATO-Azərbaycan əməkdaşlığının yeni istiqamətlərinin ifadəsidir. Yaranan geniş imkanlar, dünya siyasətinin tələblərinə, müasir dövrün çağırışlarına uyğun mövqeyi ilə fərqlənən ölkəmizə göstərilən dəyərlər diplomatiyamızın növbəti uğurudur.

