Əsas səhifə 

Zəngəzur dəhlizi: Mühüm enerji ixracı layihəsi

Azərbaycanın milli, tarixi və gələcək maraqlarına tam cavab verən, inkişaf, sülh və əməkdaşlıq layihəsi olan Zəngəzur dəhlizi yalnız ölkəmizə deyil, bütövlükdə regiona böyük faydalar gətirəcək, beynəlxalq nəqliyyat layihələrində Cənubi Qafqazın rolunu əhəmiyyətli dərəcədə artıracaq, bölgəni əhəmiyyətli logistik mərkəzə çevirəcək. Dəhlizin regionda yeni nəqliyyat imkanları yaratması Avropa ilə Asiyanın daha sıx birləşməsinin geosiyasi əhəmiyyətini artıracaq, həmçinin türk dünyasının əlaqələrini xeyli möhkəmləndirəcək, sülhün, əməkdaşlığın və təhlükəsizliyin təminatçısı rolunu oynayacaq.

Prezident İlham Əliyev 2021-ci il aprelin 26-da BMT-nin Asiya və Sakit okean üçün İqtisadi və Sosial Komissiyasının “Asiya və Sakit okean hövzəsində regional əməkdaşlıq vasitəsilə böhranlardan sonra daha güclü inkişafın təmin olunması” mövzusuna həsr edilən 77-ci sessiyasında videoformatdakı çıxışında bildirmişdi ki, Azərbaycan regionda dayanıqlı sülh və təhlükəsizliyi təmin etmək arzusundadır: “Azərbaycan Şərq-Qərb, Şimal-Cənub, Şimal-Qərb nəqliyyat dəhlizləri kimi regional bağlantı layihələrinin icrasına mühüm töhfə vermişdir. Hazırda biz Azərbaycan ərazisindən Asiyanı Avropa ilə birləşdirən Şərq-Qərb dəhlizinin tərkib hissəsi olacaq “Zəngəzur nəqliyyat dəhlizi” üzərində çalışırıq. Bu dəhliz Azərbaycana Avrasiyanın nəqliyyat və logistika mərkəzi kimi mövqeyini gücləndirməyə imkan verəcək. Mən Asiya və Sakit okean hövzəsindən olan tərəfdaş ölkələri bu regional layihənin potensialını nəzərdən keçirməyə dəvət edirəm”.

Zəngəzur dəhlizinin açılması ilə bağlı məsələ 2020-ci il noyabrın 10-da Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistanın baş nazirinin imzaladıqları birgə Bəyanatın 9-cu maddəsində öz əksini tapıb: “Bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa edilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədilə Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir. Nəqliyyat əlaqəsi üzrə nəzarəti Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidmətinin orqanları həyata keçirir. Tərəflərin razılığı əsasında Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşası təmin ediləcək”.

Zəngəzur dəhlizi otuz ilə yaxın çətin blokada şəraitində yaşayan Naxçıvan Muxtar Respublikasının da Azərbaycanın əsas ərazisi ilə çıxışını təmin edəcək. Dövlət başçısının dediyi kimi, Azərbaycandan Ermənistan vasitəsilə Naxçıvan Muxtar Respublikasına dəmir yolu əlaqəsinin yaradılması, həmçinin magistral yol inşasına dair razılıq əldə edilib. Lakin gələcək müzakirələrin mövzusu olan magistral yolun dəqiq marşrutu hələ ki, müəyyən olunmayıb. Yeri gəlmişkən, 2021-ci il dekabrın 14-də Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyevin, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin və Ermənistanın baş naziri Nikol Paşinyanın iştirakı ilə keçirilən üçtərəfli görüşün nəticəsi olaraq Zəngəzur dəhlizi boyunca dəmir yolunun çəkilməsi barədə razılıq əldə edilmişdir.

Ötən il dekabrın 14-də Prezident İlham Əliyev Brüsseldə NATO-nun Baş katibi Yens Stoltenberqlə keçirdiyi görüşdə də Zəngəzur dəhlizi ilə bağlı müzakirələr aparılmışdı. Ölkəmizin başçısı bildirmişdi ki, Zəngəzur dəhlizinin hüquqi rejimi Laçın dəhlizinin eynisi olmalıdır. Belə ki, Azərbaycan Qarabağla Ermənistan arasında əlaqə üçün təhlükəsizliyi və maneəsiz çıxışı təmin edir: “Ermənistan Azərbaycanla Naxçıvan Muxtar Respublikası arasında əlaqələr üçün eyni maneəsiz çıxış və təhlükəsizliyi təmin etməlidir”.

Uğurlu regional əməkdaşlıq nümunəsi olan, bölgədə sülhün və sabitliyin möhkəmlənməsinə böyük töhfələr verəcək Zəngəzur dəhlizi enerji növlərinin ixrac edilməsi ilə bağlı mühüm rol oynayacaq. Bu dəhliz vasitəsi ilə gələcəkdə Türkiyə və Avropaya enerji ixrac edilməsi də nəzərdə tutulur.  Belə ki, Ağcabədidə 330 kV-luq yarımstansiyasının tikilməsi, bu xəttin Zəngəzur dəhlizindən keçməklə Naxçıvan Muxtar Respublikasına çəkilməsi ilə elektrik enerjisinin Türkiyəyə, oradan da Avropa bazarına ixrac edilməsi Azərbaycanın iqtisadi və geosiyasi rolunu daha da artıracaq, ölkəmizin iqtisadi inkişafına böyük töhfələr verəcək.

Daha çox xəbərlər