Əsas səhifə 

Regionların inkişafı dövlət siyasətinin əsas prioritetlərindəndir

Ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi daxili və xarici siyasət xəttini bu gün uğurla davam etdirən Prezident İlham Əliyev son 18 ildə respublika həyatının bütün sahələrini əhatə edən dinamik inkişafa, hər bir Azərbaycan ailəsinin rifahının yaxşılaşmasına və təhlükəsizliyinin təmin edilməsinə, milli birliyin və həmrəyliyin möhkəmləndirilməsinə nail olub.

Azərbaycanda 2004-cü ildən başlayaraq, regionların sosial-iqtisadi inkişafına dair qəbul edilən Dövlət proqramları da ölkəmizin tərəqqisində önəmli rol oynayıb. Bu proqramların icrası respublikamızın hərtərəfli inkişafının təmin edilməsinə, paytaxtla bölgələr arasında fərqin azalmasına səbəb olub. Təsadüfi deyil ki, proqramların qəbulundan sonra regionlarda onlarla kiçik, orta və böyük həcmli müəssisələr istifadəyə verilib, müasir infrastruktur yaradılıb, turizm inkişaf edib, aqrar sektorda məhsul istehsalı dəfələrlə artıb.

Regional proqramlar, eyni zamanda, yerlərdə vətəndaş cəmiyyəti qurulmasında ən mühüm elementlərdən birinə çevrilib. Çünki rayon mərkəzlərinin, qəsəbələrin, ucqar kəndlərin sakinləri hər zaman üzərlərində dövlət qayğısını, ölkə rəhbərinin diqqətini hiss ediblər. Belə bir vəhdətin mövcudluğu isə sözügedən Dövlət proqramlarının əhəmiyyətini daha da artırıb, həmin sənədlərdə nəzərdə tutulan tədbirlərin uğurla icrasına diqqəti gücləndirib.

Aparılan geniş təhlillər də göstərir ki, regional dövlət proqramları ölkə iqtisadiyyatında mühüm prioritetə çevrilən əsas inkişaf istiqamətlərinin reallaşdırılmasını sürətləndirir. Bu cür önəmli istiqamətlərdən biri məhz elə iqtisadiyyatın diversifikasiyasıdır. Belə ki, regional proqramlar vasitəsilə Azərbaycanın bölgələrində iqtisadiyyatın ayrı-ayrı sahələri geniş inkişaf edərək, dünya bazarlarına müxtəlif məhsulların çıxarılmasını təmin edir və bununla da qeyri-neft sektorunun güclənməsinə gətirib çıxarır.

Regionların inkişafını stimullaşdırmaq üçün dövlətin qəbul etdiyi proqram və qərarlar bu sahənin ölkə siyasətinin prioritetlərindən biri olduğunu göstərir. “Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində nəzərdə tutulan bütün tədbirlər yüksək səviyyədə yerinə yetirilir. İcrası planlaşdırılan sosial infrastruktur layihələri yüksək səviyyədə reallaşdırılır və gələcək inkişaf üçün güclü təməl yaradılır.

Prezident İlham Əliyevin bölgələrə ardıcıl səfərləri regional proqramların icrasını sürətləndirməklə bərabər, yeni iş yerlərinin yaradılması və əhalinin həyat səviyyəsinin yüksəldilməsi sahəsində görülən işlərə güclü təkan verib. Xüsusilə 2020-ci ilin dekabr ayından etibarən işğaldan zad olunmuş ərazilərdə aparılan bərpa və quruculuq işləri nəinki Azərbaycanda, eləcə də, dünyada maraqla izlənilir. Belə ki,  birbaşa ölkə başçısının rəhbərliyi altında Şuşa şəhəri sürətli şəkildə dirçəlməkdədir. Füzulidə rekord bir müddətdə-cəmi 6 ayda hava limanı tikilərək istifadəyə verildi. Laçın və Zəngilanda da beynəlxalq hava limanları tikilməkdədir. “Ağıllı kənd” və “ağıllı şəhər” layihələri icra olunur. Digər əyalətlərimizlə yanaşı, işğaldan azad olunmuş ərazilərimizdə də kənd təsərrüfatı və turizmin, eləcə də digər sahələrin gələcək inkişafı üçün planlı, nizamlı işlər həyata keçirilir.

Ölkə başçısı İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın fevralın 13-də Ağdam və Ağcabədi rayonlarına səfərləri də xüsusi diqqətçəkən məqamlarla yadda qalıb. Belə ki, dövlətimizin başçısı cənab İlham Əliyevin səfəri zamanı Ağdamda “Azərenerji” ASC-nin 110/35/10 kV-luq “Ağdam-1” və “Ağdam-2” elektrik yarımstansiyaları, “Qara­bağ” Regional Elektrik Şəbəkəsinin Rəqəmsal İdarəetmə Mərkəzi istifadəyə verilib, eyni zaman­da, Ağdam Sənaye Parkında fəaliyyət göstərəcək bərpaolu­nan enerji mənbələri ilə qidala­nan işıq dirəkləri, xalça istehsalı müəssisələri, “Park Forest Otel Ağdam” mehmanxanası və 209 mənzildən ibarət yeni yaşayış kompleksinin təməlləri qoyulub. Heydər Əliyev Fondu tərəfindən Ağdam Cümə məscidində bərpa işlərinin gedişi ilə tanış olan ölkə başçısı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Qa­rabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Res­publikası Prezidentinin xüsusi nümayəndəliyinin qərargahında yaradılan şəraitlə maraqlanaraq Qarabağ xanlarının türbələri və yaşayış evi – İmarət kompleksində olublar. Daha sonra 210 çarpayılıq Ağdam Rayon Mərkəzi Xəstəxanasının təməlini qoyulub.

Daha sonra Ağcabədiyə səfər edən ölkə başçısı və birinci xanım burada həyata keçirilən yeniliklərlə tanış olub, təməlqoyma mərasimlərində iştirak edərək regionun inkişaf dinamikasını izləyiblər. “Ağcabədi taxıl Aqropark”da yaradılan şəraitlə tanış olan dövlət başçısına bildirilib ki, aqroparkın emal sahəsi gündəlik 150 ton olan yem zavodundan və 100 ton olan yem paketləmə xəttindən ibarətdir. Burada, həmçinin 26 min kubmetr həcmində müasir taxıl və 12 min kubmetrlik silos anbarları yaradılıb. Gücü saatda 50 ton olan qurutma sahəsində dənli bitkilərin qurudulması üçün müasir avadanlıq quraşdırılıb. Aqroparkın texnika parkı 20 traktor və kombayndan, eləcə də 86 aqreqatdan ibarətdir. Qeyd olunub ki, “Ağcabədi taxıl Aqropark”ın təchizatı üçün 3 kilometr uzunluğunda su xətti, 150 min kubmetr həcmində su anbarı, 2 nasos stansiyası, 6 transformator mərkəzi, uzunluğu 4 kilometr olan 10 kilovoltluq birdövrəli elektrik verilişi hava xətti və 3 kilometr uzunluğunda qaz xətti çəkilib. Ümumi dəyəri 35 milyon manat olan aqroparkın yaradılmasına 9,8 milyon manat məbləğində güzəştli kredit verilib. Burada 41-i daimi olmaqla 150 iş yeri yaradılıb.

Daha sonra dövlət başçısı və birinci xanım Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Ağcabədi rayonunda yeni inşa olunan hərbi şəhərciyinin açılışında iştirak ediblər. Həmçinin 40 il əvvəl tikilən və istismar müddəti başa çatan, eləcə də artan tələbatı ödəyə bilməyən 110/35/10 kilovoltluq “Ağcabədi” yarımstansiyasında aparılan yenidənqurma ilə də tanışlıq olub.

Daha çox xəbərlər