“Ramiz Mehdiyevin gedişi göstərdi ki…” – deputatdan məmurlara mesaj
“Köhnə əyyamların düşüncəsində olanlar fikirləşməsinlər ki, onlara kimsə toxuna bilməz”
AMEA prezidenti Ramiz Mehdiyevin karantin dövründə qaydaları pozub nəvəsinə toy etməklə başlamış həngamə onun akademiyadakı fəaliyyətinə qədər uzanmış bir proses oldu. Nəticə etibarı ilə deputatların, alimlərin çağırışlarına səs verən Mehdiyev istefa qərarını açıqladı. İndi AMEA rəhbəri gözləyir ki, prezident onun ərizəsini qəbul edərək təsdiqləsin və vəzifəsi ilə rəsmi şəkildə vidalaşsın. “Yeni Müsavat” yazır ki, o, buna qədər akademiyadakı kabinetindədir və işini davam etdirir. Onun istefasının qəbul olunacağı ehtimalı yüksəkdir və bəlkə də saatlar qalıb ki, Mehdiyev AMEA-dan, bütövlükdə ölkənin siyasi səhnəsindən birdəfəlik getsin.
Amma Prezident Administrasiyasının uzun illər rəhbəri olmuş bir məmurun bu şəkildə gedişi çoxlu suallar doğurdu, düşünmək üçün əsaslar yaratdı. O əsaslar ki, hazırda yüksək vəzifə tutan şəxslər fikirləşməli olacaqlar – Mehdiyev kimi iri fiqur belə bağışlanmadısa, bu tərzdə yola salındısa, sabah bizə hansı münasibət sərgilənə bilər?! Belə desək, “Mehdiyevi bir qələmdə silib atan sistem gör bizə nə edər” düşüncəsi beyinlərə hakimdirmi, görəsən, yoxsa sabiq PA rəhbərinin məsələsi tamamilə başqadır, mötərizədə qeyd olunmalıdır?
Deputat Elman Nəsirov “Yeni Müsavat”a açıqlamasında R. Mehdiyevin siyasi səhnəni tərk etməsinin 2019-cu ildə baş verdiyini vurğuladı. Onun sözlərinə görə, Mehdiyev çoxdan bu siyasi səhnədən gedib və akademiyadan gedişində də siyasi motiv axtarmaq lazım deyil: “Sadəcə, tanınmış ziyalıların, elm adamlarının, parlamentarilərin ortaq mövqeyi ondan ibarət idi ki, AMEA-da elmi mühit yoxdur. Bu çağırışlar artdıqca qarşıdurma dərinləşirdi. Odur ki, situasiyanı düzgün qiymətləndirdi, qarşıdurmaya getmədən istefa verdi. Onun xidmətləri də olub, həmin xidmətlərinə görə vəzifəyə təyin olunmuşdu. Cənab İlham Əliyevin bu fikrini heç bir məmur unutmamalıdır – vaxtilə xidmət göstərmiş şəxslər düşünməsinlər ki, xüsusi imtiyazları, toxunulmazlıqları var. Qətiyyən belə deyil. Hansı xidmətləri göstəriblərsə mükafatlanıblar, kimlərsə onlara borclu deyil”.
E.Nəsirov hesab edir ki, hər gün dövlətə və dövlətçiliyə, xalqa ləyaqətlə xidmət etmək lazımdır: “Bu, prezidentin məmurlar qarşısında qoyduğu vəzifədir. O baxımdan Ramiz Mehdiyevin gedişi göstərdi ki, kimsə keçmiş xidmətlərinə görə arxayın olmasın. Siyasi elitada köhnə əyyamların düşüncəsində olanlar fikirləşməsinlər ki, onlara kimsə toxuna bilməz, tamamilə yanlış yanaşmadır. Əksinə, kimlər bu düşüncəyə qapılırsa, gələcək talelərini müəyyən edirlər. Bir daha cənab prezidentin mövqeyini xatırladıram ki, çirkin niyyətləri olan öz xoşluğu ilə istefa versin, özünü bədbəxt etməsin, dəmirbarmaqlıqlar arasına düşməsin. O məmurlar vəzifədə qalacaqlar ki, ali rəhbərliyin etimadını doğruldurlar. Etimadı doğrultmaq isə xalqa xidmətdir. Get, xalqın içində ol, millətin üzləşdiyi problemləri həll elə. Yəni çox aydın mesajdır. Görünür, bəzi adamlar sağlam mühakimə qabiliyyətini itirirlər. ”Günahkar özüməm” nəticəsini hadisə olana qədər dərk etmək lazımdır”.

