Nazir: Kənd təsərrüfatının inkişafı turizmin inkişafına təkan verir
“Kənd təsərrüfatının inkişafı təkcə elm, təhsil, məşğulluq, innovasiya, ticarət kimi sahələrin deyil, turizm kimi sahələrin inkişafına da təkan verir. Kənd turizminin daha da inkişaf etdirilməsi regionlarda məşğulluq səviyyəsinin artmasına, təsərrüfat sahiblərinin gəlirlərinin çoxalmasına müsbət təsir göstərəcək. Həyata keçirdiyimiz aqroekoturizm layihələri pandemiya dövründə çətinliklərlə üzləşən daxili turizmin yenidən canlanmasına öz töhfəsini verəcək”.
ARANTV.AZ xəbər verir ki, bunu “Azərbaycanda kənd yerlərinin inkişafı və Milli Aqroekoturizm Sisteminin yaradılması” mövzusunda Bakıda keçirilən seminarda çıxıç edən Azərbaycanın kənd təsərrüfatı naziri İnam Kərimov bildirib.
Onun sözlərinə görə, Kənd Təsərrüfatı Nazirliyi tərəfindən bir neçə ildir həyata keçirilən “Şəhərdən kəndə” aqroekoturizm layihəsi çərçivəsində bölgələrdə onlarla aqroekoturizm obyektinin yaradılmasına dəstək verilib. Qax, Şəki, İsmayıllı, Balakən, Lənkəran və digər rayonlarda müasir tələblərə cavab verən aqroekoturizm obyektləri fəaliyyət göstərir. “Həmin təsərrüfatların təmsilçiləri ilə apardığımız təhlillərin analizi göstərir ki, ölkəmizdə kənd turizminə maraq çox böyükdür. Şəhərlərdən gedən insanlarımız bu təsərrüfatlarda bir günlük olsa belə kənd həyatı yaşamağa, ekoloji təmiz kənd təsərrüfatı məhsullarının dadına baxmağa böyük maraq göstərirlər. Eyni zamanda karantin tədbirlərinin yumşaldılması ilə ölkəmizə gələn turistlərin sayı çoxalmaqdadır. Turistlər təkcə müasir və tarixi ornamentlərə malik şəhərlərə deyil, zəngin mədəniyyəti, gözəl təbiəti və müasir infrastrukturu olan regionlarımıza da səfər edirlər. Bu potensialın aqrar sahə ilə əlaqələndirilməsi regionlarımızda turizmin inkişafına əlavə təkan verəcək, rayon və kəndlərimizin turizm potensialının üzə çıxarılması üçün yeni imkanlar yaradacaq”, – İ. Kərimov bildirib.
Nazir qeyd edib ki, aqroekoturizm kənd təsərrüfatı və turizm sektorlarının kəsişmə nöqtəsidir, birgə xidmət sahəsidir. Bu həm də fermerlər üçün əsaslı investisiya tələb etməyən, onlar üçün yeni gəlir mənbəyi formalaşdırmağa imkan verən sahədir. Bu səbəbdən Azərbaycanda fəaliyyət göstərən nümunəvi fermer təsərrüfatları həm də turizm təklifləri etməklə aqroekoturizmin daha da canlanmasına öz töhfələrini verirlər.
“Azərbaycanın səfalı rayonlarına gedərək kənd şəraitində müvəqqəti məskunlaşmaq, orada istehsal olunan məhsullardan dadmaq, istehsalat prosesində yaxından iştirak etmək – asudə vaxtı səmərəli keçirməyin ən maraqlı yoludur”, – nazir qeyd edib.
İ. Kərimovun sözlərinə görə, Azərbaycanın əlverişli coğrafi mövqedə yerləşməsi, zəngin biomüxtəlifliyə və ekosistemə həmçinin, müasir infrastruktura malik olması aqrar turizmin inkişafı üçün münbit şərait yaradır: “Bir sıra ölkələr artıq bu sahədə böyük təcrübəyə malikdirlər. Biz həmin ölkələrin təcrübəsini öyrənərək ən uğurlu modellərin yerlərdə tətbiqi ən mühüm əhəmiyyət kəsb edən məsələlərdən biridir”.
Nazir xatırladıb ki, Kənd Təsərrüfatı Nazirliyi ölkədə aqroekoturizmin inkişafı məqsədilə yerli və beynəlxalq təşkilatlarla, o cümlədən Avropa İttifaqı və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı kimi beynəlxalq tərəfdaşlarla əməkdaşlıq edir: “Belə layihələrdən biri də Avropa İttifaqının dəstəyi ilə həyata keçirilən Tvinninq layihəsidir. Bu istiqamətdə Avropa İttifaqının göstərdiyi dəstək ümumi işimizə öz töhfəsini verəcək”.
İ. Kərimov həmçinin əlavə edib ki, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) tərəfindən icra olunan və Avropa İttifaqı tərəfindən maliyyələşdirilən layihə üzrə də respublikanın şimal-qərb regionlarında aqroturizmin inkişafı istiqamətində mühüm işlər görülməkdədir: “Hesab edirik ki, kənd yerlərində aqroturizm sektorunun inkişafı üzrə ən yaxşı beynəlxalq təcrübələrin öyrənilməsi istiqamətində beynəlxalq təşkilatlarla əməkdaşlıqlar daha da inkişaf etdirilə bilər”.

