#İNSANHÜQUQLARI – Avropa Konvensiyasının 8-ci maddəsi: müdaxilə “demokratik cəmiyyətdə zəruridirmi”?
Avropa Konvensiyasının 8-ci maddəsində nəzərdə tutulmuş hüquqa konkret müdaxilənin “demokratik cəmiyyətdə zəruri” olub-olmadığını müəyyən etmək üçün Məhkəmə üzv dövlətin maraqlarını ərizəçinin hüququ ilə balanslaşdırır. 8-ci maddə üzrə baxılmış ilk işlərdən olan presedent xarakterli işdə Məhkəmə izah etdi ki, bu kontekstdə “zəruri” ifadəsi “faydalı”, “ağlabatan” və ya “arzuolunan” ifadələrinin malik olduğu çoxçalarlılığa malik deyil və sözügedən müdaxilə üçün “təxirəsalınmaz ictimai tələbatın” mövcud olduğunu nəzərdə tutur. Təxirəsalınmaz ictimai tələbatın mövcud olub-olmadığını müəyyənləşdirmək hər bir halda milli hakimiyyət orqanlarının üzərinə düşür və müvafiq olaraq, bu məsələdə onlara müəyyən qiymətləndirmə sərbəstliyi verilir. Amma bununla yanaşı, onların qərarları üzərində Avropa Məhkəməsinin nəzarəti olur. Konvensiyada nəzərdə tutulmuş hüquqa tətbiq edilən məhdudiyyət, digər şərtlərə cavab verməklə yanaşı, həm də qarşıya qoyulan qanuni məqsədə mütənasib deyilsə, “demokratik cəmiyyətdə zəruri” sayıla bilməz (belə cəmiyyəti xarakterizə edən iki xüsusiyyət tolerantlıq və açıqlıqdır) (Dadcen Birləşmiş Krallığa qarşı, §§ 51-53).
Avropa Konvensiyasının 8-ci maddəsinin məqsədləri üçün “zəruri” anlayışı o deməkdir ki, müdaxilə “təxirəsalınmaz ictimai tələbatdan” irəli gəlməli və xüsusən qarşıya qoyulmuş qanuni məqsədə mütənasib olmalıdır. Müdaxilənin “zəruri” olub-olmadığını müəyyənləşdirərkən Məhkəmə dövlət hakimiyyəti orqanlarına verilməli olan qiymətləndirmə sərbəstliyinin hüdudlarını nəzərdən keçirir, müdaxilə üçün əsas təşkil edən “təxirəsalınmaz ictimai tələbatın” mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdeh üzərinə düşür (Pexoviç Polşaya qarşı, § 212).
Ümumi zəruriliyi üzərində parlament və məhkəmə nəzarətinin keyfiyyəti xüsusi əhəmiyyət kəsb edir, bu sözlər ümumi tədbirin yüngülləşdirilməsinin doğura biləcəyi sui-istifadə riskinin qiymətləndirilməsinə də aiddir və bu riskin qiymətləndirilməsi ilk növbədə dövlətin üzərinə düşür (“Beynəlxalq heyvan müdafiəçiləri” təşkilatı Birləşmiş Krallığa qarşı, § 108).

