İşğaldan azad olunmuş ərazilərdə infrastruktur layihələrinin icrası sürətlə davam edir
Böyük Zəfərlə yekunlaşan 44 günlük Vətən müharibəsindən bir ildən bir qədər artıq vaxt keçir. Bu vaxt ərzində işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı bərpa və infrastruktur quruculuğu işlərinə başlanılması və bu işlərin sürətlə, eyni zamanda keyfiyyətlə davam etdirilməsi Azərbaycan dövlətinin gücünün, iqtisadi potensialının göstəricisidir. Güclü dövlət olan Azərbaycan üç onillik ərzində erməni vandalları tərəfindən dağıdılaraq yerlə-yeksan edilən şəhər və kəndlərimizi, tarixi dini-mədəni abidələrimizi yüksək səviyyədə bərpa etmək əzmindədir və buna qadirdir.
Prezident İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində ölkəmiz gündən- günə inkişaf etməkdədir. Azərbaycanın iqtisadi potensialının düzgün istiqamətləndirilməsi, bu sahədə şəffaflığın təminatı görülən işlərin kəmiyyət və keyfiyyət baxımından yüksək həddə çatmasına səbəb olmuşdur. Ölkə başçısı cənab İlham Əliyevin şəxsən özünün bölgələrə səfərlər etməsi, bu səfərlər zamanı çoxsaylı təməlqoymalar və açılışlar həyata keçirməsi, işlərlərin gedişi, layihələrin icrası ilə birbaşa özünün maraqlanması uğurlu nəticələrin əsas mənbəyidir.
İşğaldan azad olunan ərazilərin bərpası və Böyük Qayıdışın təmin edilməsi hazırda Azərbaycanın qarşısında duran prioritet məsələlərdən biridir. Prezident İlham Əliyev bərpa və infrastruktur quruculuğu ilə bağlı layihələrin icrasını şəxsi nəzarəti altında saxlayır. Dövlət başçımız postmüharibə mərhələsində dəfələrlə işğaldan azad olunan ərazilərə səfərlər edib və müxtəlif infrastruktur obyektlərinin təməlqoyma və yaxud açılış mərasimlərinə qatılaraq özünün dəyərli tovsiyələrini verib.
Fevralın 13-də ölkə başçısı Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Ağdam rayonuna səfər etmələri və görülən işlərlə yerindəcə tanış olmaları fikrimizi bir daha təsdiqləyir.
Ağdam rayonunun bərpası ilə bağlı kompleks tədbirlərin görülməsi imkan verir ki, qısa müddət ərzində Ağdam yenidən qurulsun. Ağdamın gələcək inkişafı ilə bağlı çox önəmli addımlar atılıb. Qısa müddət ərzində görülmüş işlər yaxın gələcəkdə konkret nəticələrə gətirib çıxaracaq.
Ağdam şəhərində sənaye parkının ilk rezidentləri tərəfindən yaxın gələcəkdə istifadəyə veriləcək yeni müəssisələrin təməl daşı qoyuldu. Artıq 5 rezident işə başlayır. 190 hektar ərazidə qurulacaq Ağdam Sənaye Parkının ilk müəssisələri artıq bu sahədə ilk addımlarını atır. Ağdam şəhərinin gələcək inkişaf planlarında, ilk növbədə, yaşayış binalarının inşası və iş yerlərinin açılması var. Burada yaşayacaq ağdamlılar işlə təmin olunmalıdırlar. İş yerlərinin yaradılması ilə bağlı əlavə addımlar da atılacaq. Yaxın gələcəkdə Ağdam Sənaye Parkında onlarla müəssisə işə başlayacaqdır. Azərbaycanın iş adamları Ağdam və azad edilmiş bütün digər ərazilərə sərmayə qoymalı və müasir layihələri reallaşdırmalıdırlar. Bu gün Azərbaycanda biznes üçün, sahibkarlar üçün çox gözəl şərait yaradılıb. Dövlət sahibkarları dəstəkləyir və həm mənəvi-siyasi dəstək verilir, eyni zamanda, güzəştli kreditlər verilir. Bölgələrdə infrastruktur layihələrinin icrası sahibkarlıq üçün də gözəl imkanlar yaradır.
İşğaldan azad olunmuş ərazilərdə infrastruktur layihələri sürətlə icra olunur. Azad edilmiş torpaqlarda yarımstansiyaların sayı 9-a çatıb. “Ağdam-1” və “Ağdam-2” yarımstansiyalarının fəaliyyəti nəticəsində bütün rayon elektrik enerjisi ilə dayanıqlı şəkildə təmin ediləcək. Ağdamda müasir mehmanxana təqribən 2 ildən sonra fəaliyyətə başlayacaq. Yaşayış kompleksinin təməl daşının qoyulmasıda əlamətdar hadisədir. Altı evdən ibarət yaşayış kompleksi təqribən il yarıma – iki ilə inşa ediləcək. 210 çarpayılıq Ağdam Mərkəzi Şəhər Xəstəxanasının inşası ağdamlılara tibbi xidmətin göstərilməsi üçün imkanlar yaradacaq. 1 nömrəli məktəb inşa olunur, məktəbdə təqribən minə yaxın şagird oxuyacaq. Ağdama qaz xətlərinin çəkilişi layihəsi işlənilir. İçməli suyun gətirilməsi, o cümlədən Xaçınçay su anbarının təmiri layihəsi İnvestisiya Proqramında öz əksini tapıbdır. Bərdə-Ağdam avtomobil yolu, dəmir yolu inşa edilir. Avtomobil yolu təqribən bir ilə hazır olacaq. Füzuli-Ağdam avtomobil yolunun çəkilişi layihəsi artıq icra olunmağa başlamışdır. Bu yol həm Füzuli və Ağdam şəhərlərini birləşdirəcək, eyni zamanda, Ağdamı Füzuli Beynəlxalq Hava Limanı ilə birləşdirəcək və Ağdama başqa ölkələrdən gəlmək daha asan olacaq. Ümumilikdə qurulan müasir yol-nəqliyyat infrastrukturu işğaldan azad olunmuş ərazilərə gediş-gəlişi və yüklərin daşınmasını asanlaşdıracaq.
Sevindirici haldır ki, bizim rayonumuzda da yol-nəqliyyat infrastrukturu yüksək standartlara cavab verən səviyyədə qurulur. Xüsusi əhəmiyyətə malik Zəfər yolu artıq istismara verilib. Əhmədbəyli-Füzuli-Şuşa, Əhmədbəyli-Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd, Füzuli-Şükürbəyli-Cəbrayıl-Hadrud avtomobol yollarında və Horadiz-Ağbənd dəmir yolunda isə işlər sürətlə davam edir.
Füzuli şəhərinin Baş planı təsdiq olunub. Ölkə başçısı cənab İlham Əliyevin rayon ictimaiyyətinin nümayəndələri ilə görüşü zamanı Füzuli şəhərinin Baş planı ilə tanış olunub və müsbət rəylər bildirilib. Rayonumuza səfəri zamanı Prezident İlham Əliyev tərəfindən Dövlətyarlı kəndində “Ağıllı kənd”, Füzulidə Mərkəzi Şəhər Parkı, Rəqəmsal Stansiya İdarəetmə Mərkəzi, Çoxmənzilli yaşayış binası, Füzuli Memorial Kompleksinin (Zəfər və işğal Muzeyi) və Füzuli-Ağdam avtomobil yolunun təməlqoyması həyata keçirilib.
Beynəlxalq və regional əhəmiyyətli Füzuli Beynəlxalq Hava Limanının cəmi 8 aya istifadəyə verilməsi dövlətimizin iqtisadi gücünün və potensialının nəticəsidir. İşğaldan azad edilmiş ərazilərdə enerji təminatında xüsusi əhəmiyyətə malik Füzuli yarımstansiyasının açılışı ölkə başçısı cənab İlham Əliyev tərəfindən ötən il həyata keçirildi.
Bütün bunlar – görülən bütün işlər Azərbaycanın daxili vəsaiti hesabına reallaşdırılır. İcra olunan layihələr onu göstərir ki, bütün maliyyə və texniki imkanları, habelə kadr potensialı peşəkar şəkildə səfərbər olunubdur. Əlbəttə ki, müxtəlif xarici şirkətlər artıq bu işlərdə fəal iştirak edir və bu şirkətlərin sayı artmaqdadır. Bu da öz növbəsində Azərbaycana olan müsbət maraqların artmasının nəticəsidir.
Əminik ki, yaradılan yüksək səviyyəli infrastruktur həm işğaldan azad olunmuş ərazilərin iqtisadi potensialından səmərəli istifadə edilməsində, həm də oraya qayıdacaq insanların normal həyat şəraiti ilə təmin olunmasında mühüm rol oynayacaq.
Qeyd etməyə borcluyuq ki, rayonumuzun ərazisində infrastruktur layihələrin reallaşdırılmasında dövlətimizlə yanaşı Heydər Əliyev Fondunun böyük dəstəyi var. Belə ki, Füzuli rayonu ərazisində bu günə qədər Heydər Əliyev Fondu tərəfindən 9 böyük layihə reallaşdırılmış, 1 məktəb binasının əsaslı təmiri həyata keçirilmişdir. Sevindirici haldır ki, rayonumuzda Heydər Əliyev Fondu tərəfindən mühüm layihələrin həyata keçirilməsi bu günə qədər də uğurla davam etməkdədir. Horadiz şəhərində 2 saylı körpələr evi-uşaq bağçası, 3 saylı tam orta məktəb,Tarix Diyarşünaslıq Muzeyi, Rəsm Qalereyası, Gənclər Mərkəzi, habelə rayonun Bala bəhmənli kəndində yerləşən körpələr evi-uşaq bağçası Heydər Əliyev Fondunun füzulilərə olan töhfələrindəndir. Rayonumuzda yeni inşa olunan körpələr evi- uşaq bağçaları füzulilərə göstərilən diqqət və qayğının növbəti əyani təzahürüdür. Belə ki, rayonun İkinci Mahmudlu və Əhmədbəyli kəndlərində Heydər Əliyev Fondu tərəfindən tikilmiş, hər biri 55 yerlik olan körpələr evi-uşaq bağçaları artıq körpə fidanların ixtiyarındadır. Bütün bu işlər Heydər Əliyev Fondunun Prezidenti, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəxsi diqqət və qayğısı nəticəsində həyata keçirilib.
Rayonumuza göstərilən hərtərəfli diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz dərin minnətdarlığımızı bildiririk.
Natiq Ağayev,
Füzuli RİH Memarlıq və tikinti şöbəsinin müdiri

