Vətən sevgisindən doğan qəhrəmanlıq
Vətənin dar günündə dadına çatıb çəkinmədən canını onun azadlığına qurban verən mərd igidlərdən bir də Çərkəz Vidadi oğlu Teyyubludur. Bir ilahi sevgidən yaranan bu rəşadət, hünər Çərkəzə qərinələr boyu unudulmaz, günəşdən də parlaq ömür bəxş etdi. Fəqət böyük bir xalqın dilində Çərkəzin adı indi Vətənə, torpağa sədaqət rəmzi kimi çəkilir. Bu Vətən sevdalısı 24 yaşında qalmaqla elə neçə-neçə gələn nəsillər üçün də belə olacaqdır.
Bəli, özünü biləndən bütün həyatını, istəyini xalqına, Vətəninə bağlayan Çərkəz doğulduğu Lerik rayonunun Züvüç kənddə orta təhsilini başa vurub ailəsi ilə birlikdə Bakı şəhərinə köçür. Burada xoş əməllərə dönüb ürəklərə yağa-yağa yaşadığı cəmiyyətdə hörmət sahibi olur. Bu sağlam əqidəli, vətənpərvər gənc Erməni tapdağında olan Azərbaycan torpaqlarının taleyini daha çox düşünür. Və həm də inanır ki, tezliklə bu torpaqlar erməni dığalardan təmizlənər, yenidən əhalinin azad, firavan həyatı başlanar. Belə bir istəklə Çərkəz 2014-cü ildə həqiqi xidmətə yollanır. Əlinə silah götürüb Murovda Vətən torpaqlarını göz-bəbəyi kimi qoruyur. Ürəyi bir qayda olaraq düşməndən qisas almaq eşqi ilə döyünür. Vətən sevgisi, torpaq məhəbbəti xidmət etdiyi hissədə hamıya nümunə göstərilir. Ləyaqətli övlad kimi əsgərliyi başa vurub üzüağ ailəsinə qayıdır.
Mənfur düşmənin əməlləri ilə barışmayan Çərkəz yenidən ordu sıralarında xidmətə başlayır. Ön xətdə doğma Vətəninə canını, qanını fəda etməyə hazır qeyrətli oğullarla yağı düşmənlə döyüş anını gözləyir. Kiçik çavuş rütbəsində top komandiri olur. Andına sadiq qalan Çərkəz 27 sentyabr müharibəsi başlanan andan düşmənə qarşı çıxır. Cəbrayıl, Hadrut, Füzuli ərazilərində mərdliklə vuruşur, bir-birindən çətin ölüm-dirim döyüş əməliyyatlarında yağıya qan qusdurur. Müharibənin ağır anlarında bacarıqlı, səriştəli bir hərbiçi kimi öndə olmaqla torpaq uğrunda gedən çox qanlı hadisələrin qəhrəmanı olur. 21 oktyabrda Füzulunun Gecəgözlü kəndində canını Vətənə qurban verməklə bir tarix yazır. Beləcə qanı bahasına torpağı Vətən etməklə bütün bir xalqın qəhrəmanlıq simvoluna çevrilir Çərkəz.
Dağlar diyarında dünyaya göz açan igid sevdalandığı Vətən adlı sevgilisinə əbədi qovuşmaq üçün onun torpağına Qaradağ rayonu, Şonqar qəsəbəsindəki Şəhidlər xiyabanında baş qoyur. Dövlət də öz Vətən sevdalı oğlunu ölümündən sonra “Vətən uğrunda”, Füzulinin, Xocavəndin azad olmasına görə medallara layiq görür.
Çərkəzin adı, qəhrəmanlığı bir xalqın tarixinə əbədi yazıldığı üçün o, heç vaxt unudulmaz.
Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü

