Əsas səhifə 

İnsansevərlik, mərhəmət, qarşılıqlı hörmət, səmimiyyət

Azərbaycanın Birinci vitse-prezidenti, Yeni Azərbaycan Partiyası Sədrinin Birinci müavini, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İCESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva bu çağırışı edir ki, məhz bu mənəvi dəyərləri uca tutaraq ən yüksək qələbələr əldə etmək, ən böyük zirvələrə qalxmaq olar

Müstəqilliyinin yenidən bərpasının 30 ilini arxada qoyan Azərbaycanın dayanıqlı inkişafının əsasında dövrün, zamanın tələblərinə uyğun hədəflərin müəyyənləşdirilməsi və onlara nail olmaq üçün kompleks tədbirlərin həyata keçirilməsi dayanır. Yenilikçi ölkə kimi  Azərbaycan daim dünyanın qabaqcıl ölkələrinin təcrübəsinə diqqət yetirir, hər bir yeniliyin, təkmilləşmənin qəbul olunan qanunlarımızda,  milli Konstitusiyamızda öz əksini tapmasına səy göstərir. Konstitusiyamıza dəyişikliklərlə bağlı üç dəfə ümumxalq səsverməsinin keçirilməsi də deyilənlərin təsdiqidir. Onların bir qismi insan hüquq və azadlıqlarının qorunmasına və yeni müdafiə mexanizmlərinin müəyyənləşdirilməsinə, bir qismi isə  idarəçilik sistemində təkmilləşməyə xidmət edir. Azərbaycanda vitse-prezidentlik institutunun yaradılması da  bu əlavə və dəyişikliklərin əsas tərkib hissələrindəndir. Belə ki,  Birinci vitse-prezidentlik institutunun təsis olunması dövlət idarəçilik sisteminin təkmilləşdirilməsinə xidmət edən mühüm addım oldu. 2016-cı il sentyabrın 26-da Prezident İlham Əliyevin təşəbbüsü əsasında Konstitusiya islahatları ilə bağlı keçirilən referendumun nəticələrinə görə ölkədə Birinci vitse-prezidentlik institutu yaradıldı. Dövlət idarəçilik sistemində yeni təsisatın yaradılması Prezident İlham Əliyevin islahatlar kursunun təzahürüdür. Birinci vitse-prezidentlik institutunun təsis olunması demokratik dəyişikliklərə hüquqi əsaslar yaradılmasını özündə ehtiva edən siyasi islahatların tərkib hissəsidir.

Mehriban xanım Əliyevanın  Birinci vitse-prezident təyin olunması ölkənin müasir tarixinin mühüm hadisəsi kimi dəyərləndirilir. Dövlət başçısı  İlham Əliyevin 2017-ci il 21 fevral tarixində imzaladığı Sərəncama əsasən Mehriban Əliyeva Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin olunub. “Bax, bu, çoxşaxəli fəaliyyət və eyni zamanda, uğurlu fəaliyyət mənim bu qərarı qəbul etməyimdə əsas rol oynamışdır. Eyni zamanda, qeyd etməliyəm ki, Mehriban Əliyeva çox peşəkar, bilikli, təcrübəli, prinsipial, çox xeyirxah bir insandır. Təsadüfi deyil ki, Azərbaycan xalqı ona böyük rəğbət və sevgi ilə yanaşır. Dövlət başçısı İlham Əliyev beş il bundan öncə, 2017-ci il fevralın 21-də imzaladığı  Sərəncamla Mehriban xanım Əliyevanı   Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin etdikdən sonra Təhlükəsizlik Şurasının iclasında Birinci vitse-prezidenti təqdim edərkən bu əminliyi də ifadə etmişdir ki, bu gün Mehriban Əliyevanın  həyatında yeni dövr başlayır. O, bundan sonra da ölkəmizin inkişafına öz dəyərli töhfəsini verəcək.

Mehriban xanım Əliyevanın titullarına, verilən mükafatlara, adlara diqqət yetirsək onun çoxşaxəli fəaliyyəti barədə aydın təsəvvür yaranır. Mehriban xanım Əliyeva Heydər Əliyev irsinin təbliği məqsədilə yaradılan Heydər Əliyev Fondunun prezidenti kimi  uğurlu layihələri, biri-birindən əhəmiyyətli addımları ilə diqqətdə olub. Diqqət çəkən məqam budur ki, Fond fəaliyyətini yalnız missiyası çərçivəsində işlərlə tamamlamır,  həmçinin digər sahələrin-təhsilin. səhiyyətinin, mədəniyyətin, milli- mənəvi dəyərlərimizin qorunması, inkişafı istiqamətində mühüm layihələrlə  diqqət mərkəzindədir.  Fondun Azərbaycan həqiqətlərinin təbiliği istiqamətində  gördüyü işlər təqdirəlayiqdir və artıq tarixə qovuşmuş Dağlıq Qarabağ münaqişəsinin həllində əhəmiyyətli rol oynayan  diplomatik mübarizədə qələbəmizdə  öz sözünü dedi. Həmçinin yaxın günlərdə 30 illiyini qeyd edəcəyimiz Xocalı faciəsinin soyqırımı kimi tanıdılması istiqamətində atılan addımların nəticələri göz önündədir. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın «Xocalıya ədalət!» kapmaniyası çərçivəsində görülən tədbirlərin miqyası olduqca genişdir.

Mehriban xanım Əliyeva “Həqiqi mərhəmət real işlər görülməsini, real məsələlərin həllini, konkret addımlar atılmasını tələb edir. Biganəlik və laqeydlik ən dəhşətli xüsusiyyətdir. Bunlar olmamalıdı» çağırışını etməklə yanaşı, bunu fəaliyyəti ilə təsdiqləyir. O,  mütəmadi olaraq cəmiyyətin həssas təbəqələrinin problemlərini həll etməyə, uşaqlara qayğı göstəməyə, təhsilimizin, səhiyyənin inkişafına töhfələr verməyə,  müxtəlif istiqamətlərdə yeni layihələr reallaşdırmağa böyük səy göstərir. Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın bilavasitə təşkilatçılığı ilə  həyata keçirilən layihələrin    əsasında  uşaqlara qayğı da xüsusi yer tutur.  Uşaq evlərinin və internat məktəblərinin ən müasir səviyyədə  təşkilinə diqqəti artıran  Mehriban xanım Əliyeva  körpələrin fiziki və əqli cəhətdən sağlam böyüməsi üçün əlindən gələni əsirgəmir. Bu günədək müalicəsi nisbətən  çətin və uzunmüddətli olan yüzlərlə xəstə, əlil körpənin sağalıb yenidən həyata  qayıtmasında böyük rolu və xidmətləri olan Mehriban xanıma ünvanlanan  minnətdarlıq məktublarının sayı sonsuzdur.  «Diabetli uşaqlara  ən yüksək qayğı» layihəsi çərçivəsində Azərbaycanda diabet xəstəliyinə düçar olmuş uşaqlar müntəzəm olaraq lazımi miqdarda insulin preparatları və digər dərmanlarla təmin edilmişdir. Bakıda talassemiyalı xəstələr, uşaqlar üçün Mərkəzin, tələbatı ödəyəcək qədər Qan Bankın   yaradılması gələcək nəslin sağlamlığı üçün ən böyük töhfədir. «Talassemiyasız həyat naminə» layihəsi çərçivəsində görülən işlər də deyilənlərin təsdiqidir. Valideyn hamayəsindən məhrum olan bütün uşaqları doğma övladı kimi sevən, qayğısını əsirgəməyən «Hər uşağın ailəyə ehtiyacı var» söyləyən Mehriban xanım Əliyevanın qeyd etdiyi kimi, heç bir internat, uşaq evi – ən müasir, bütün tələblərə cavab versə belə- heç vaxt ailə mühitini, ailə tərbiyəsini əhatə edə bilməz.»

Qeyd etdiyimiz kimi,  Mehriban xanım Əliyevanın Azərbaycanın Birinci vitse-prezident təyin olunmasının 5 ili tamam olur. Bütün fəaliyyəti boyu ölkənin və xalqın maraqlarını üstün tutan, xeyirxahlığı, mərhəməti, insanlara sevgini həyat prinsipinə çevirən Mehriban Əliyeva Birinci vitse-prezident vəzifəsində də Azərbaycana layiqincə xidmət edərək üzərinə düşən missiyanı yüksək səviyyədə yerinə yetirir. Çoxşaxəli fəaliyyəti ilə həm beynəlxalq miqyasda, həm də ölkə daxilində cəmiyyətin bütün təbəqələrinin rəğbətini qazanan Mehriban xanım Əliyeva hər bir uğurun təməlində məsuliyyət hissinin dayandığını bildirir.

Mehriban xanım Əliyeva  müsahibələrinin birində «Sizin həyat deviziniz» sualına cavab olaraq bildirmişdir ki, həmişə öz ləyaqətimi saxlamaq, özümə və prinsiplərimə sadiq olmaq. Bu sualın davamı olaraq ünvanlanan «Fikrinizcə, həyatda hər şey qanunauyğundur və heç bir şey təsadüfi olmur, yoxsa Siz xoşbəxt hadisəyə inanırsız» süalına cavabında isə qeyd etmişdir ki, bu suala birmənalı cavab verə bilmərəm. Düşünürəm ki, həyatda hər şey əvvəlcədən müəyyən edilib və çox vaxt təsadüf kimi qəbul olunan hadisələr əslində heç də elə deyil. Nə dialektik materializmin qanunauyğunluğunun və təsadüflüyünün nisbətinin xülasəsi, nə də nisbilik nəzəriyyəsinin öyrənilməsi həyatda nəyin qanunauyğun, nəyin təsadüf olduğuna aydınlıq gətirə bilməz: «Fikrimcə, hər bir insan öz taleyinin yaradıcısı ola bilər və olmalıdır. Seçim həmişə var. Mən nə təsadüfi bir hadisəyə, nə də əvvəlcədən müəyyən olunmuş dünyaya inanmıram. Mən Allaha və insanın imkanlarına inanıram.»

Mehriban xanım Əliyevanın müsahibələrinə müraciət etməyimiz səbəbsiz deyil. Hər bir sualı özünəməxsus şəkildə cavablandırmaqla yanaşı, qeyd etdiyi prinsipləri fəaliyyətinin əsası kimi  qəbul edib bu fonda atdığı addımlarda təsdiqləməsi ona xalqın məhəbbətini daha da artırır.  Mehriban xanım bu fikri də xüsusi qeyd edir ki,  vəzifədən asılı olmayaraq, insan öz yolunu, peşəsini seçəndə hər hansı bir işinə, əməyinə vicdanla yanaşmalı, qarşısına aydın məqsədlər qoyub, bu məqsədlərə nail olmağa çalışmalı, söz və işlərində bütöv olmalıdır.

Mehriban xanım Əliyevanın Birinci vitse-prezidentlik fəaliyyəti dövlət idarəçilik sisteminə müasirlik gətirdi və peşəkarlıq amilinin aktuallığını artırdı. O,  dövlət idarəetməsində çeviklik və effektivlik naminə bütün potensialın səfərbər olunmasını, habelə uğurlu beynəlxalq təcrübə nümunələrindən istifadəni təmin edir.  Onun  təşəbbüsü ilə ölkə əhalisinin bərabər, əlçatan və keyfiyyətli təhsillə təmin olunması istiqamətində reallaşan layihələr təhsildə demokratik prinsipin yaşadılmasını təmin edir. Azərbaycanın Birinci vitse-prezidenti ölkə əhalisinin sağlamlığının qorunması naminə daim müxtəlif təşəbbüslərlə çıxış edir və sosial baxımdan həssas əhali qruplarının problemlərinin həlli istiqamətində tədbirlər görür. Azərbaycan xalqının yaratdığı milli mədəniyyət və incəsənət nümunələrinin dünyada tanıdılması istiqamətində layihələri reallaşdırır. Ölkədə idman hərəkatının davamlılığını təmin edir. Ekoloji problemlərin həllinə dəstək göstərir. İşğaldan azad olunan torpaqların bərpasında humanitar missiyanı həyata keçirir. Hazırda bu ərazilərdə bərpa və quruculuq işləri çərçivəsində tarixi və dini abidələrimizin  bərpasını Heydər Əliyev Fondu öz hesabına həyata keçirir.

Qeyd etdiyimiz kimi, Azərbaycan mədəniyyətinin geniş təbliği, sağlam mənəvi dəyərlərin qorunması Mehriban xanım Əliyevanın fəaliyyətində əsas yer tutur.  Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin zəngin ənənələrinin davamçısı olan Heydər Əliyev Fondu genişmiqyaslı fəaliyyəti ilə məhz Azərbaycanın yüksək dəyərlərini, humanizm prinsiplərini beynəlxalq aləmə təqdimində əvəzsiz rola malikdir.  Mehriban xanım Əliyeva  bildirir ki,  Heydər Əliyevin həyatı  böyük bir epoxanının aynası kimi  ölkəmizin sevincli-kədərli  günlərini və anlarını, Azərbaycanın bu tarix yollarını özündə əks etdirir.  Məhz Heydər Əliyevin həyatı və fəaliyyəti sübut etdi ki,  ədçatmaz xəyalların və arzuların reallaşması insan fenomeninin gücünə mümkündür. Heydər Əliyev qalibiyyətinin nəticəsi müasir müstəqil Azərbaycan Respublikası və onun bugünkü nailiyyətləridir.

Heydər Əliyev Fondunun Azərbaycan mədəniyyətinin, milli-mənəvi dəyərlərimizin, həqiqətlərimizin təbliği istiqamətində həyata keçirdiyi layihələr, əldə olunan nəticələr barədə bir yazıda fikirləri ümumiləşdirmək qeyri-mümkündür. Onun təkcə    muğam sənətinin qorunub saxlanılması və təbliği istiqamətində gördüyü işlər barədə saatlarla bəhs etmək, çoxsaylı məqalələr hazırlamaq olar.  Ölkə daxilində  və dünya arenasında  həyata keçirdiyi layihələrin əhəmiyyətini nəzərə alan  Prezident İlham Əliyev  Mehriban xanım Əliyevanı Vətənimizin ən ali  mükafatı –  Heydər Əliyev Mükafatı ilə təltif edərkən  bildirmişdir ki,  Fondun bütün təşəbbüsləri milli ruha  əsaslanır: «Modernləşmə,  müasirləşmə,  dünya birliyinə inteqrasiya, Azərbaycanın milli maraqlarının müdafiə edilməsi, Azərbaycannın olduğu kimi dünyaya təqdim edilməsi- bütün bu şərəfli  funksiyalar bu Fondun üzərinə düşür.»

Sirr deyil ki, hər bir xalqın varlığı,  milli kimliyi ilk növbədə  milli-mənəvi dəyərlərində ehtiva  olunur. Heydər Əliyev Fondunun fəaliyyətində  tariximizə, milli-mənəvi dəyərlərimizə, ədəbiyyatımıza, musiqimizə verilən dəyərdən qaynaqlanan addımların uğurlu nəticələrini Azərbaycanımızın bugünkü reallıqlarında görürük.  Mehriban xanım Əliyevanın rəhbərliyi ilə hazırlanan və Azərbaycanda keçirilmiş beynəlxalq tədbirlər sayəsində ölkəmizin nüfuzu daha da artır. Mehriban xanım Əliyevanın rəhbərliyi və təşkilatçılığı ilə keçirilən tədbirlər Azərbaycanın güclü dövlət olduğunu bir daha nümayiş etdirdi. Qeyd etdiyimiz kimi,  Mehriban xanım Əliyevanın 2019-cu ildə UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının Azərbaycanda keçirilməsinə təşəbbüs göstərməsi və buna nail olması tarixi hadisədir. Azərbaycan cəmiyyəti istər Heydər Əliyev Fondunun prezidenti, istərsə də ölkəmizin yüksək səviyyədə ev sahibliyi etdiyi müxtəlif beynəlxalq tədbirlərin təşkilat komitələrinin rəhbəri kimi fəaliyyətində Mehriban xanım Əliyevanın yüksək təşkilatçılıq bacarığının, məqsədyönlülüyünün dəfələrlə şahidi olub. Azərbaycanın Birinci vitse-prezidenti siyasi karyerası və ictimai fəaliyyəti dövründə başladığı bütün işlərin öhdəsindən böyük məharətlə və ustalıqla gəlir.

UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası Azərbaycanın   milli-mənəvi dəyərlərimizin, tarixi-mədəni irsimizin qorunması və təbliği, eyni zamanda,  beynəlxalq səviyyədə  dünya irsinin müdafiəsi və  mühafizəsinə dəstək olmaq istiqamətində atdığı addımlara, malik olduğu təcrübəyə bir daha işıq saldı. Bu uğurumuz, eyni zamanda, Azərbaycan-UNESCO əməkdaşlığının hazırkı səviyyəsinin göstəricisi oldu. UNESCO ilə Azərbaycan  arasındakı əlaqələr Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva 2004-cü ildə qurumun  xoşməramlı səfiri seçiləndən sonra daha sürətlə inkişaf etməyə başlamışdır. Onun səyləri nəticəsində Azərbaycanın maddi və qeyri-maddi mədəni irs nümunələri UNESCO-nun müvafiq siyahılarında yer alıb.  Muğamın, aşıq sənətinin, Novruz bayramının, İçərişəhərin, tar ifaçılığı sənətinin UNESCO-nun nadir, şah əsərləri sırasına daxil edilməsi Azərbaycanla bu təşkilat arasında  əməkdaşlığın davamlılığını diqqətə çatdırır. Onu da qeyd edək ki, UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasında Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi qurumun Ümumdünya İrs Siyahısına daxil edildi.

Vətənə, dövlətə  sədaqət, milli dəyərlərə hörmət və uğurlu fəaliyyət Mehriban xanım Əliyevanın ölkənin Birinci vitse-prezidenti vəzifəsinə təyin olunmasını şərtləndirən əsas amillərdir.    2017-ci ilin fevralından ötən 5 ilə nəzər salsaq Azərbaycanın  Birinci vitse-prezidenti  Mehriban Əliyevanın bu məsuliyyətli və şərəfli vəzifənin də öhdəsindən ləyaqətlə gəldiyini böyük qürur və  fəxr hissi ilə qeyd edə bilərik.

Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyətindən bəhs edərkən ulu öndər Heydər Əliyevin yaradıcısı olduğu, son 18 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla inkişaf edən   Yeni Azərbaycan Partiyasının davamlı inkişafına  töhfələrini də qeyd etməliyik. Zəfərimizin yaratdığı reallıqlara uyğun olaraq Yeri Azərbaycan Partiyası ötən il martın 5-də VII qurultayını keçirdi. Qurultay yeni qərarlarla, struktur dəyişiklikləri ilə, yeni tərkibin formalaşması ilə tarixə yazıldı.   Mehriban xanım  Əliyevanın YAP  Sədrinin Birinci   müavini vəzifəsinə təyin edilməsi hədəflərə yüksək səviyyədə nail olmağa geniş imkanlar yaradır. Bütün fəaliyyəti ilə uğurlara imza atan Mehriban xanım Əliyevanın məqsədli amalı, fədakarlığı, ictimai- siyasi  mövqeyi onu hər kəsə örnək edib. Mehriban xanım Əliyeva qarşıya qoyduğu məqsədə doğru daim addımlayır. Özünü  gördüyü işlərlə təsdiqləyir və məsuliyyətin uğurların davamlılığında açar olduğunu nümayiş etdirir.

İki ildən artıqdır ki,  dünya,  o cümlədən ölkəmiz COVID-19 pandemiyası ilə mübarizə aparır. Pandemiya səbəbindən ölkəmizdə yaşanan böhran zamanı Mehriban xanım Əliyevanın peşəkarlığı sayəsində idarətmədə güc birliyi təmin olunmuşdur. Onun tapşırığına əsasən Heydər Əliyev Fondu tərəfindən pandemiya dövründə ailələrin sosial ehtiyaclarının qarşılanması, onların ərzaq və tibbi ləvazimatlarla təminatı həyata keçirildi. Bakı və regionlardakı körpələr və uşaq evləri, internat məktəbləri, Uşaq Psixonevroloji Mərkəzi, bütün sosial xidmət müəssisələri, o cümlədən pensiya yaşına çatmış şəxslər üçün sosial xidmət müəssisəsi belə koronavirusla mübarizə tədbirləri çərçivəsində dezinfeksiyaedici vasitələrlə, maskalar, digər qoruyucu vasitələr və zəruri ehtiyaclarla mütəmadi təmin edildi.  Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın koronavirus infeksiyası ilə bağlı xalqa bütün müraciətlərində COVID-19 qorxulu hekayənin başa çatacağına inam ifad edilməklə yanaşı, buna əsas verən əminlik də diqqətə çatdırılırdı: «Əminəm ki, müdrik xalqımızın ən gözəl xüsusiyyətləri – ruh yüksəkliyi və mərdlik, mərhəmət və şəfqət, inam və məhəbbət sayəsində biz birlikdə bu ciddi çağırışın öhdəsindən gələcəyik. Sizə möhkəm cansağlığı və uzun ömür arzulayıram!»

Azərbaycan 30 ilin işğalına son qoydu, ərazi bütövlüyümüz bərpa edildi. Tarixi Zəfərimiz ölkəmizin qarşısında yeni reallıqlar yaratdı.  Dövlət başçısı  İlham Əliyevin ən yaxın silahdaşı olaraq Birinci vitse-prezident Mehriban Əliyevanın  son bir ildən artıqdır  işğaldan azad edilmiş ərazilərimizə səfərləri bu sevincin xalqımızla bölüşmək istəklərini nümayiş etdirir. Prezident İlham Əliyevin hər vədini konkret əməli ilə təsdiqləməklə yanaşı,  müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin vəsiyyətini yerinə yetirməsindən keçirdiyi xoşbəxtlik hissi  hər bir çıxışında, xalqa müraciətlərində xüsusi yer alır. Bu gün Mehriban xanım Əliyevanın Azərbaycanın bütün sahələrdə inkişafı,  dünyada mədəniyyət carçısı, sivilizasiyalararası dialoq, mültikulturalizm və tolerantlıq məkanı kimi təqdim etməsi istiqamətində atdığı addımlar ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin  Müzəffər Lider portretini uğurla tamamlayır. Mehriban xanım Əliyevanın 44 günlük İkinci Qarabağ müharibəsinin başlandığı ilk gündən yeganə arzusu bu oldu ki, Qoy Uca Tanrı hər bir azərbaycanlıya müqəddəs Qarabağ torpağını öpməyi nəsib etsin!. Mehriban xanım, eyni zamanda, bildirirdi ki, Azərbaycan dövləti heç vaxt başqasının torpaqlarına iddialı olmayıb, heç zaman insanlığa qarşı cinayət törətməyib. Azərbaycan Ordusu başqa dövlətin torpaqlarına ayaq basmayıb, o, doğma torpağını qoruyur və onun uğrunda döyüşür! Bu gün biz azərbaycanlılar niyyətimizlə, hərəkət və dualarımızla misli görülməmiş birlik göstəririk. Ulu Tanrı Azərbaycan xalqına onun müqəddəs mübarizəsində yar olsun!

Qeyd etdiyimiz kimi, Qarabağımız tarixi sahibinə qayıtdı. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin təşəbbüsü və Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Şuşa, Cıdır düzü 28 ildən sonra yenidən «Xarıbülbül» musiqi festivalına ev sahibliyi etdi.  Azərbaycan  bütün dünyaya Şuşadan, qədim torpağımızdan mesaj ünvanladı. Bu, sülh, mədəniyyət, birgəyaşayış, tolerantlıq, milli birlik, həmrəylik mesajı oldu. Festivalın ilk günü ölkəmizdə yaşayan xalqların mədəni zənginliyinin nümayişi- «Azərbaycan musiqisində multikulturalizm» mövzusunda proqram da bunun ifadəsi oldu. Dövlət başçısı İlham Əliyev festivaldakı nitqində bildirmişdir:  “Biz bu gözəl ənənəni bərpa etdik və bundan sonra «Xarıbülbül» festivalı Şuşada hər il keçiriləcək. Builki festival Azərbaycanda yaşayan xalqların nümayəndələrini əhatə edir. Bu tövsiyəni festivalın təşkilatçısı olan Heydər Əliyev Fonduna mən vermişdim, çünki Vətən müharibəsində Azərbaycanda yaşayan bütün xalqların böyük payı vardır. Vətən müharibəsi bir daha onu göstərdi ki, Azərbaycanda bütün xalqlar dostluq, qardaşlıq, həmrəylik şəraitində yaşayır… Bir daha biz bütün dünyaya buradan – Şuşadan, qədim torpağımızdan  mesaj veririk. Ölkələr belə inkişaf etməlidir, ancaq çoxkonfessiyalı, çoxmillətli ölkələrdə, cəmiyyətlərdə inkişaf olur, birlik olur, milli həmrəylik olur, sülh olur.»

Şuşa artıq hər gün qonaqlarını qarşılayır, müxtəlif tədbirlərə, əhəmiyyətli sənədlərin imzalanmasına şahidlik edir. Şuşa Bəyannaməsi birliyimizin, həmrəylimizin zirvəsi kimi dəyərləndirilir. Mədəniyyət paytaxtımız Şuşa  illərdir həsrətində olduğu doğma musiqimizə qovuşmaqla 28 il əsarətdə qalsa da əyilmədiyini, Azərbaycan xalqının milli ruhunu qoruduğunu bir daha təsdiqlədi. «Xarıbülbül» musiqi festivalının keçirildiyi tarix «Şuşasız Qarabağ, Qarabağsız Azərbaycan yoxdur!»  söyləyən ulu öndər Heydər Əliyevin ruhunun şad, arzularının həyata keçdiyi gün oldu. Heydər Əliyev Fondu belə möhtəşəm, tarixi əhəmiyyət kəsb edən tədbirə təşkilatçılığı ilə  Heydər Əliyev siyasətinin növbəti təntənəsi kimi dəyərləndirilən tarixi Zəfərimizi bir daha dünyaya təqdim etdi.

Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyətini bir yazıda tam əhatə etmək qeyri- mümkündür. Onun   hər addımının əsasında xeyirxahlıq, humanizm, səmimiyyət, vətəndaşlıq təəssübkeşliyinin yüksək səviyyədə qorunması dayanır. Mehriban xanım Əliyevanın   aforizmə çevrilən «Öz həyat kitabını yazmağa ancaq sənin şəxsi, dərk edilmiş məsuliyyətin imkan verir» fikri  qazandığı uğurların, gördüyü işlərin bələdçisidir. Mehriban xanım Əliyeva  Azərbaycanın Birinci vitse-prezidenti kimi təqdimatında bu prinsipləri xüsusi diqqətə çatdırmışdır: «Gündəlik fəaliyyətimizdə insansevərlik, mərhəmət, qarşılıqlı hörmət, mehribançılıq unudulmamalıdır. Əksinə, məhz bu mənəvi dəyərləri uca tutaraq ən yüksək qələbələr əldə etmək, ən böyük zirvələrə qalxmaq olar.»

Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyəti sırasında Milli  Məclisin deputatı kimi gördüyü işləri, qazandığı seçici etimadını da xüsusi qeyd etməliyik. Sözü ilə əməli bir olan, verdiyi vədləri layiqincə yerinə yetirən,  mühüm  problemlərin həllinə yüksək səviyyədə  nail olan  Mehriban xanım  Əliyevanın gördüyü işlər  Xəzər  rayonunun seçicilərində  böyük ruh yüksəkliyi yaratmışdır. Seçici etimadını qazanmaq böyük xoşbəxtlikdir. İnsan amilinə yüksək dəyərin  verildiyi  ölkəmizdə Amnistiya aktlarının qəbulunda Mehriban xanım Əliyevanın təşəbbüskar kimi çıxış etməsi ictimaiyyət tərəfindən böyük rəğbətlə qarşılanan addımlar sırasındandır.  Təbii ki, bu, onun  humanistliyindən, mərhəmətindən irəli gəlir. Mehriban xanım bildirir ki, mərhəmət təkcə çətinliyə düşən insanlara yardım əlini uzatmaq deyil. Mərhəmət  bəzən çətin və məsuliyyətli qərar qəbul etməyi tələb edir.  Bir dəfə səhv  etmiş insanların bağışlanmaq hüququ var. Bu gün biz  yenidən cəmiyyətdə öz yerlərini tutmaları, layiqli həyat yaşamaları üçün  onlara şans verməliyik.

Çoxşaxəli  fəaliyyəti ilə qadın hərəkatının önündə gedən  Mehriban xanım Əliyeva hər zaman olduğu kimi, müxtəlif sahələrdə bu şərəfli missiyanı və bununla bağlı məsuliyyəti mətinliklə daşıyaraq ölkə Prezidenti və xalq tərəfindən ona göstərilən yüksək etimadı layiqincə doğrultmaqdadır. O,  müdrikliyi, humanistliyi ilə xalqın sevimlisi və ümid ünvanıdır. Qayğını və mərhəməti, dünya mədəni irsinin qorunmasını hədəf kimi qarşıya qoyan,  böyük humanitar layihələrin müəllifi kimi çıxış edən Heydər Əliyev Fondunun istər Azərbaycanda, istərsə də ölkə xaricində artan nüfuzunun arxasında məhz onun yüksək mənəvi və işgüzar keyfiyyətləri dayanır. Mehriban xanım Əliyeva  “Eurovision” mahnı müsabiqəsi, ilk Avropa Oyunları və IV İslam Həmrəyliyi Oyunları kimi mötəbər yarışların yüksək səviyyədə keçirilməsi işinə rəhbərlik etdi. Azərbaycan Gimnastika Federasiyasının prezidenti olan Mehriban xanım Əliyeva Azərbaycanın idman potensialının reallaşması və idman ölkəsi kimi tanınmasına da böyük töhfələr bəxş etməkdə davam edir. Mehriban xanım Əliyevanın  xarakterinin ən ümdə və aparıcı xüsusiyyəti vətənpərvərlikdir, Vətənə, torpağa, millətə sonsuz məhəbbətdir. Ulu öndər Heydər Əliyevin: “Xalqın, vətənin taleyi hər bir insanın taleyinə çevrilməlidir»  unudulmaz sözləri Mehriban xanımın da həyat amalına çevrilmişdir. Ümumiləşdirmələr sırasında bu fikri də xüsusi qeyd etməliyik ki, Azərbaycan dövlətçiliyi tarixində ilk dəfə olaraq “birinci xanım” statusunu məhz Mehriban Əliyeva formalaşdıraraq cəmiyyətin həyatına birinci xanım ənənəsini gətirdi.

Mehriban xanım Əliyevanın misilsiz xidmətləri ölkə rəhbərliyi və xarici dövlətlər tərəfindən yüksək dəyərləndirilir.  Mehriban xanım Əliyeva Azərbaycanın ən ali dövlət mükafatlarına – “Heydər Əliyev” ordeninə və Heydər Əliyev Mükafatına layiq görülüb. Xarici ölkələrin ali dövlət mükafatları sırasında  Fransanın “Şərəf Legionu”, Rusiyanın “Dostluq” və “Həştərxan vilayəti qarşısında xidmətlərinə görə”, İtaliyanın “Xidmətlərə görə” Böyük Xaç Kavaleri, Vatikanın IX Piy Ordeninin Böyük Xaçı, Polşanın “Xidmətlərə görə” Böyük Komandor Xaçı, Pakistanın “Hilal-e Pakistan”, Serbiyanın “Sreten”, Macarıstanın “Xidmətlərə görə” Komandor Xaçı, Rus Pravoslav Kilsəsinin II dərəcəli Müqəddəs Mələksima Knyaginya Olqa ordenləri, UNESCO-nun “Qızıl Motsart” medalı, BMT-nin Ümumdünya Əqli Mülkiyyət Təşkilatının Qızıl medalı, Krans Montana Forumunun Qızıl medalı və “Prix de la Fondation” mükafatı, Avropa Olimpiya Komitələrinin Ali Ordeni, Beynəlxalq Ədalətli Oyunlar Komitəsinin “Xüsusi xidmətlərə görə” medalı, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Qızıl medalı, Küveyt Dövlətinin Fəxri diplomu, Ümumdünya Səhiyyə Təşkilatı İcraiyyə Komitəsinin mükafatı, “Qızıl ürək” beynəlxalq mükafatı, Beynəlxalq Olimpiya Akademiyasının “Olympic Excellence” xüsusi fəxri mükafatı, Türk-Alman Dostluq Federasiyasının fəxri mükafatı. Mehriban xanım Əliyeva, eyni zamanda, Rusiya Federasiyasının İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Fəxri professoru, Bolqarıstanın Müqəddəs Kiril və Mefodi adına Veliko Tırnovo Universitetinin fəxri doktoru seçilmişdir.  Çoxşahəli fəaliyyətinə görə layıq görülmüş təltiflərin hər birinin arxasında bilik, ağıl və iradə, peşəkarlıq və təcrübə, prinsipiallıq və xeyirxahlıq, ən əsası xalqına, dövlətinə, insanlığa, bəşəriyyətə sevgi dayanır. Mehriban xanım Əliyevanın ən böyük mükafatı Azərbaycan xalqının rəğbəti və sevgisidir. Mehriban xanım Əliyevanın  «Həyatda hər bir kəsin yerini və taleyini tarix müəyyən edir. Odur ki, nə böyük, nə də kiçik rollar olmur. Öz həyat kitabını yazmağa ancaq sənin şəxsi, dərk edilmiş məsuliyyətin imkan verir. Bu kitabda hər bir kəs özünü şəxsi həyatının və dünyanın qurub-yaradıcısı, yaxud dağıdıcısı kimi təcəssüm etdirir. Kimsənsə, elə də olmalısan – bax, budur bizim həyatımız. Ona görə də özgələrin rollarını və obrazlarını gərək öz üzərinə götürməyəsən. Çünki sən də, dünyada yerin də yeganə və bənzərsizdir» fikirləri qeyd etdiklərimizin ümumiləşdirilmiş ifadəsidir.

Daha çox xəbərlər