Şəhidlər ölməz, Vətən bölünməz FOTO
44 gün davam edən, şanlı Qələbəmizlə başa çatan Vətən müharibəsinin qəhrəman şəhidlərdən biri də Lənkəran elində boya-başa çatan Valeh Asim oğlu Əkbərzadədir. Lənkəran Regional İdarəsinin tabeliyində olan Q. Vəliyev adına Lənkəran Şəhər Mədəniyyət Mərkəzinin Boladi-1 kənd folklor klubunda təşkil olunmuş “Şəhidlər ölməz, Vətən bölünməz” adlı xatirə gecəsi Valehinin doğum günü ilə bağlı idi.
Tədbir şəhidin əziz xatirəsini bir dəqiqəlik sükutla anılmaqla başlandı. Folklor klubunun təşkilatçısı Samirə Ağayeva giriş çıxışında şəhid Valeh Əkbərzadənin həyat və döyüş yolu haqqında ətraflı məlumat verdi. Mərasimdə iştirak edən Boladi kənd bələdiyyəsinin sədri Salman Dadaşov, şəhid Valeh Əkbərzadənin atası Asim Əkbərov, anası Xədicə Əkbərova, şəhidin digər ailə üzvləri, şəhid Aqşin İbadovun atası Nazim İbadov, eləcə də mədəniyyət sahəsini təmsil edən digər iştirakçılar mövzu ətrafında danışmaqla öz igid oğlunu qürurla, sevgi dolu ürəklə xatırladılar. Bildirdilər ki, Valeh nəsillərə nümunə ola biləcək bir qəhrəman ömrü yaşadı.
Tədbirin bədii hissəsi də Vətənə, torpağa ilahi bir məhəbbətin təcəssümü kimi yaddaşlara yazıldı. Belə ki, Boladi-1 kənd folklor klubunda fəaliyyət göstərən “Natiq” bədii- qiraət dərnəyinin üzvləri bir-birinin ardınca doğma Azərbaycana övlad sevgisini , qəhrəmanlığı vəsf edən şerlər söylədilər.
Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü





