Azərbaycanın qüdrətlənməsinə öz töhfələrini verən dövlət xadimi
2016-cı il sentyabrın 26-da Azərbaycan Respublikasında keçirilən referendum Konstitusiya islahatları, o cümlədən də Birinci vitse-prezidentlik institutunun yaradılması ilə bağlı Prezident İlham Əliyevdən gələn təklifin, siyasi iradənin Azərbaycan ictimaiyyətinin mövqeyi ilə üst-üstə düşdüyünü bir daha təsdiqlədi. Referenduma edilən dəyişikliklər və yeniliklər xalq tərəfindən böyük çoxluqla qəbul edildi. Məhz bu tarixi dəyişiklik və yeniliklərdən sonra Prezident İlham Əliyevin 2017-ci il fevralın 21-də imzaladığı Sərəncama əsasən Mehriban xanım Əliyeva Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin olundu. Təhlükəsizlik Şurasının iclasında Birinci vitse-prezidenti təqdim edən Prezident İlham Əliyev bu qərarını Mehriban Əliyevanın müstəsna işgüzar və mənəvi keyfiyyətləri, olduqca məhsuldar ictimai-siyasi fəaliyyəti və yüksək beynəlxalq nüfuzu ilə əlaqələndirmişdir: «Mehriban Əliyeva uzun illərdir ki, ictimai-siyasi, mədəni və beynəlxalq sferalarda fəaliyyətdə vacib rol oynayır. O, ümumilikdə çoxtərəfli və uğurlu fəaliyyət göstərir. Mən onun Azərbaycanın Birinci vitse-prezidenti vəzifəsinə təyin edilməsində məhz bu amilləri rəhbər götürmüşəm… O, peşəkar, təcrübəli və prinsipial insandır, humanistdir. Təsadüfü deyil ki, Azərbaycan xalqı ona çox böyük rəğbətlə, sevgi ilə yanaşır».
Mehriban xanım Əliyevanın fəaliyyətində əhalinin həssas təbəqələrinin, o cümlədən məcburi köçkünlərin problemlərinin həlli xüsusi yer tutur. O, Birinci vitse-prezident kimi ilk müşavirəsini də məhz qaçqın və məcburi köçkün ailələrinə həsr etdi. Həmin müşavirədən dərhal sonra müvafiq tədbirlər planı hazırlandı və real işlər başlandı. Qısa müddətdə dövlətin sosialyönümlü çoxşaxəli layihələri məhz Mehriban xanım
Əliyevanın rəhbərliyi altında həyata keçirildi, 300 minə yaxın qaçqın və məcburi köçkünün mənzil şəraiti yaxşılaşdırıldı.
Artıq beş ildir ki, Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Birinci vitse-prezidentlik institutu funksional təsisat kimi uğurla fəaliyyət göstərir. Ötən müddət ərzində əldə olunan uğurlar təsdiqləyir ki, Birinci vitse-prezidentlik institutu idarəetmənin çevikliyini və səmərəliliyini artırıb. Təbii ki, burada Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəxsi keyfiyyətləri və yüksək idarəçilik təcrübəsi mühüm rol oynayıb.
Ötən illər ərzində Mehriban xanım Əliyevanın rəhbərliyi ilə hazırlanan və Azərbaycanda keçirilmiş beynəlxalq tədbirlər sayəsində ölkəmizin nüfuzu daha da artmışdır. Mehriban xanım Əliyevanın rəhbərliyi və təşkilatçılığı ilə keçirilən tədbirlər Azərbaycanın güclü dövlət olduğunu bir daha nümayiş etdirmişdir. Xüsusilə dünya ictimaiyyəti 2017-ci ildə Bakının ev sahibliyi etdiyi IV İslam Həmrəyliyi Oyunları zamanı Birinci vitse-prezident Mehriban xanım Əliyevanın yüksək təşkilatçılıq qabiliyyətinin bir daha şahidi olmuşdu. Həmçinin, Mehriban xanım Əliyevanın 2019-cu ildə UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının Azərbaycanda keçirilməsinə təşəbbüs göstərməsi və buna nail olması tarixi hadisədir. Azərbaycan cəmiyyəti istər Heydər Əliyev Fondunun prezidenti, istərsə də ölkəmizin yüksək səviyyədə ev sahibliyi etdiyi müxtəlif beynəlxalq tədbirlərin təşkilat komitələrinin rəhbəri kimi fəaliyyətində Mehriban xanım Əliyevanın yüksək təşkilatçılıq bacarığının, məqsədyönlülüyünün dəfələrlə şahidi olub. Azərbaycanın Birinci vitse-prezidenti siyasi karyerası və ictimai fəaliyyəti dövründə başladığı bütün işlərin öhdəsindən hər zaman böyük məharətlə gəlib.
Bütün bunlarla bərabər, beynəlxalq münasibətlər sistemində Azərbaycanın dostu olan ölkələrin sayının artmasında Azərbaycanın
Birinci vitse-prezidentinin də misilsiz xidmətləri vardır. Mehriban xanım Əliyevanın xeyriyyəçilik tədbirləri bir çox ölkələri əhatə edir. Prezidenti olduğu Heydər Əliyev Fondu isə uzun illərdir ki, Azərbaycanın humanitar və mədəni diplomatiyasının səlahiyyətli nümayəndəsinə çevrilib və bu fəaliyyət hər şeydən əvvəl dünyada Azərbaycanın təqdimatı və təbliğidir. Mehriban xanım Əliyevanın qlobal təşəbbüsləri sayəsində mədəniyyətlərarası dialoq Azərbaycanın beynəlxalq brendinə çevrilmişdir. Bilavasitə Azərbaycanın Birinci vitse-prezidentinin təşkilatçılığı ilə ölkəmizdə keçirilmiş beynəlxalq tədbirlər nəticəsində Azərbaycan dünyanın siyasi xəritəsində mədəniyyətlərarası dialoq ünvanlarından biri sayılır.
Birinci vitse prezidentin fəaliyyətində ölkənin təhsil və səhiyyə sistemlərinin təkmilləşdirilməsi istiqamətində görülən işlər xüsusi yer tutur. Ölkəmizdə Birinici xanımın bilavasitə təşəbbüsü ilə uşaq və yeniyetmələrin təhsili və təlimi sahəsində, səhiyyəmizin inkişafı və təkmilləşdirilməsi istiqamətində hər il möhtəşəm layihələr həyata keçirilir. Birinci vitse-prezident Mehriban xanım Əliyeva daim uşaqları diqqətdə saxlayır, xüsusən də valideyn qayğısından məhrum olan, xəstə uşaqların əsl himayəçisi kimi fəaliyyət göstərir. Bəli, qürur hissi ilə demək olar ki, Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun fəaliyyəti ölkənin ictimai həyatının bütün sahələrini əhatə edir. O cümlədən, Fondun çoxşaxəli fəaliyyətindən bəhs edərkən onu da vurğulamaq lazımdır ki, bu təsisat Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, ölkəmizin 30 ilə yaxın müddət ərzində məruz qoyulduğu təcavüzkarlıq faktının ifşası istiqamətində məqsədyönlü və ardıcıl iş aparıb.
Birinci vitse-prezident kimi fəaliyyəti dövründə Mehriban xanım Əliyeva qısa müddətdə özünün peşəkarlığı, zəngin təcrübəsi, böyük humanizmi və hadisələrə genişmiqyaslı baxışı ilə Azərbaycan tarixində
qadın hərəkatının yeni bir səhifəsini açmış, idarəetmədə qadınların rolunun artmasına səbəb olmuşdur. Mehriban xanım Əliyeva ölkəmizdəki qadın hərəkatı tarixində ilk şəxsiyyətdir ki, maarifçilikdən səhiyyəyə, idmandan mədəniyyətimizin təbliğinə, xeyriyyəçilikdən ətraf mühitin qorunmasına qədər geniş bir fəaliyyət məkanını əhatə edir. Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən tədbirlər təkcə Azərbaycanla məhdudlaşmır, eyni zamanda, sülh və sabitliyin təmin edilməsində önəmli rol oynayan sivilizasiyalararası dialoq mühitinin formalaşdırılması, dünya mədəni irsinin qorunması üzrə aktual məsələləri də əhatə edir. Bir sözlə, Mehriban xanım Azərbaycanın daha da qüdrətlənməsinə öz töhfələrini verən dövlət xadimidir.

Elmar Əhmədov,
YAP Salyan rayon təşkilatının sədri

