Xalqın sevgisini və rəğbətini qazanmış xanım
“Həqiqi mərhəmət real işlər görülməsini, real məsələlərin həllini, konkret addımlar atılmasını tələb edir. Biganəlik və laqeydlik ən dəhşətli xüsusiyyətdir. Bunlar olmamalıdır” – Birinci vitse-prezident Mehriban xanım Əliyeva
Həyatda müxtəlif statusları, adları, titulları qazanmaq olar. Siyasətçi,alim, ziyalı və digər müxtəlif adlara sahib olmaq olar. Lakin həyatda xalqın sevgisini, rəğbətini qazanmaq, uşaqdan böyüyə hər kəsin sevimlisinə çevrilmək, insanların qəlbində əbədi məskən salmaq hər kəsə nəsib olan xoşbəxtlik deyil. Bu gün Azərbaycan dövlətinin, xalqımızın rifahı və inkişafı naminə yorulmadan çalışan, bütün fəaliyyəti boyu humanizm və bəşəri dəyərləri özünə rəhbər tutmaqla, mənsub olduğu xalqın kiçikdən-böyüyə hər bir fərdinin sevimlisinə çevrilən ölkəmizin birinci xanımı Mehriban Əliyeva qazandığı bütün adları və titulları layiqincə daşımaqla yanaşı Azərbaycan xalqının əbədi sevgisini qazanmağı da məharətlə bacarır. Çünki təkcə bir xalqın mənəvi dəyərlərini, onun varlığının əsaslarını, təmsil etdiyi yüksək keyfiyyətləri özündə birləşdirə bilən şəxslər həmin xalqın ən dəyərli nümayəndələrinə çevrilə bilər. Xalqın arasından çıxıb onun mədəniyyət və tarixinə sahib çıxan, bu dəyərləri layiqincə təmsil edən və onları öz fəaliyyətində rəhbər tutanlar məhz bir gün xalqı təmsil etmək hüququ qazanır. Xalq bu hüququ yalnız ona xidmət yolunda yorulmadan çalışan, atdığı hər addımı, hər şəxsi uğuru xalqın sevgisinə, uğuruna çevrilən insanlara verir.
Müasir Azərbaycan tarixində baş verən ən mühüm hadisələrdən biri də məhz Mehriban xanım Əliyevanın Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin olunmasıdır. Bu təyinat Prezident İlham Əliyevin Mehriban xanım Əliyevanın Azərbaycan naminə yorulmaz və səmərəli fəaliyyətinə verdiyi yüksək qiymət olmaqla yanaşı müasir tariximizdə Azərbaycan qadınına verilən ən yüksək dəyərin göstəricisidir.
2017-ci il 21 fevral tarixində Təhlükəsizlik Şurasının iclasında Mehriban xanım Əliyeva ölkənin Birinci vitse-prezidenti kimi ilk çıxışı zamanı qeyd etmişdir: “Biz fəxr edirik ki, son illər ölkəmizdə baş verən müsbət meyillərdə, dəyişikliklərdə, inkişafda Azərbaycanın beynəlxalq arenada nüfuzunun artmasında biz kiçik də olsa öz töhfəmizi verməyi bacarmışıq. Mən əminəm ki, vəzifədən asılı olmayaraq, insan öz yolunu, peşəsini seçəndə hər hansı bir işinə, əməyinə vicdanla yanaşmalı, qarşısına aydın məqsədlər qoyub, bu məqsədlərə nail olmağa çalışmalı, söz və işlərində bütöv olmalıdır… Mən sizi əmin edirəm ki, gələcək fəaliyyətimi məhz bu prinsiplər əsasında qurmağa çalışacağam. Ölkəmizin və xalqımızın maraqlarını hər şeydən üstün tutacağam, Azərbaycana layiqincə xidmət etməyə çalışacağam”.
Bu gün Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva Azərbaycan xalqının layiqli təmsilçisi, onun milli-mənəvi dəyərlərinin, tarixinin təbliğatçısı, gələcək nəsillərə qüdrətli Azərbaycan ideallarının ötürülməsində müstəsna xidmətləri olan əvəzsiz bir şəxsiyyətdir. Mehriban xanım Əliyeva mütəmadi olaraq cəmiyyətin həssas təbəqələrinin problemlərini həll etməyə, ana nəvazişinə ehtiyac duyan uşaqları sevindirməyə, zəngin mədəniyyətimizi təbliğ etməyə, müxtəlif istiqamətlərdə yeni layihələr reallaşdırmağa böyük səy göstərir. Əlamətdar haldır ki, Mehriban xanım Əliyeva Birinci vitse-prezident kimi öz ilk müşavirəsini məcburi köçkün soydaşlarımızın problemlərinə həsr etmişdir. Məhz Mehriban xanım Əliyevanın rəhbərliyi ilə bu gün Birinci vitse-prezidentlik institutu funksional siyasi təsisat kimi uğurla fəaliyyət göstərir.
Öz intellekti, səmimiyyəti, qayğıkeşliyi ilə hər birimizin ən yaxın, ən sevimli insanına çevrilən Mehriban xanım Əliyeva Azərbaycan adət-ənənələrinə hörmət, diqqət və sayğı ilə yanaşan güclü qadın kimi çağdaş dünyada bənzərsiz bir rəhbər xarakterini əks etdirir. Onun çoxşaxəli və səmərəli fəaliyyəti biz qadınlar üçün, eləcə də gənclər üçün örnək olan ən ali dəyərlərə söykənir. Mehriban xanım Azərbaycan xalqının, dövlətinin maraqlarını beynəlxalq aləmdə əks etdirməklə yanaşı, müasir Azərbaycan qadınının ictimai-siyasi obrazını da dünyaya tanıdır. Ölkəmizin siyasi-iqtisadi, sosial-ictimai, mədəni-mənəvi tərəqqisində xüsusi yeri, xidmətləri olan Azərbaycanın birinci xanımı hazırda dünyada öz sözü, samballı nüfuzu olan lider qadın örnəyinə çevrilmişdir.
Mehriban xanım Əliyeva ölkəmizdə milli dövlətçilik institutunun formalaşmasına böyük töhfələr verən siyasi-mədəni rəhbər, çoxyönlü fəaliyyət meydanı ilə dünyada tanınan, qəbul edilən humanist xadimdir. Çağdaş Azərbaycan tarixinə onun adı artıq modern qadın rəhbər, fenomen qadın lider kimi yazılmışdır. Danılmaz həqiqətdir ki, Mehriban xanım Əliyevanın Birinci vitse-prezidentlik fəaliyyəti dövlət idarəçilik sisteminə müasirlik qatdı və peşəkarlıq amilinin aktuallığını artırdı. Mehriban xanım Əliyeva dövlət idarəetməsində çeviklik və effektivlik naminə bütün potensialın səfərbər olunmasını, habelə uğurlu beynəlxalq təcrübə nümunələrindən istifadəni təmin edir. Mehriban xanım Əliyevanın təşəbbüsü ilə ölkə əhalisinin bərabər, əlçatan və keyfiyyətli təhsillə təmin olunması istiqamətində reallaşan layihələr təhsildə demokratik prinsipin yaşadılmasını təmin edir. Azərbaycanın Birinci vitse-prezidenti ölkə əhalisinin sağlamlığının qorunması naminə daim müxtəlif təşəbbüslərlə çıxış edir və sosial baxımdan həssas əhali qruplarının problemlərinin həlli istiqamətində tədbirlər görür. Azərbaycan xalqının yaratdığı milli mədəniyyət və incəsənət nümunələrinin dünyada tanıdılması istiqamətində layihələri reallaşdırır. Ölkədə idman hərəkatının davamlılığını təmin edir. Ekoloji problemlərin həllinə dəstək göstərir. İşğaldan azad olunan torpaqların bərpasında humanitar missiyanı həyata keçirir.
Azərbaycan qadınına xas olan ən gözəl xüsusiyyətləri özündə cəmləşdirən, humanizm və nəciblik missiyasını şərəflə yerinə yetirən Mehriban xanım Əliyevanın ölkəmizin ictimai-siyasi və mədəni həyatındakı rolu mühüm, xidmətləri danılmazdır. Onun fəaliyyət dairəsi çoxşaxəli olub həyatımızın bütün sahələrinə dərindən nüfuz edir. Mehriban xanım Əliyeva Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı (2005-ci ildən 2017-ci ilə qədər), Azərbaycan Milli Olimpiya Komitəsinin İcraiyyə Komitəsinin üzvü, həmçinin Azərbaycan Mədəniyyətinin Dostları Fondunun prezidentidir. Fəaliyyət göstərdiyi hər bir sahədə böyük uğurların qazanılmasına, qlobal layihələrin gerçəkləşməsinə, Azərbaycanın mədəni irsinin bütün dünyada tanınmasına və təbliğinə nail olub. Bu qədər gərgin işlə məşğul olmasına baxmayaraq, fəaliyyətinin əsas hissəsini xalqımızın gələcəyi olan uşaqlara yönəldib. Yardıma və qayğıya ehtiyacı olan hər bir kəsə, xüsusən də əlil və xəstə uşaqlara xüsusi diqqət yetirir, onların problemlərinin həllinə kömək edir.
Çoxşahəli fəaliyyətinə görə layıq görülmüş təltiflərin hər birinin arxasında bilik, ağıl və iradə, peşəkarlıq və təcrübə, prinsipiallıq və xeyirxahlıq, ən əsası xalqına, dövlətinə, insanlığa, bəşəriyyətə sevgi dayanır. Beynəlxalq ictimaiyyət Birinci vitse-prezident Mehriban xanım Əliyevanı dünyanın ən nüfuzlu qadın siyasətçilərindən biri kimi səciyyələndirir. Mehriban xanım Əliyeva uzun illər ərzində çoxsaylı nüfuzlu beynəlxalq mükafatlar ilə təltif olunmuşdur, ancaq onun ən böyük mükafatı Azərbaycan xalqının rəğbəti və sevgisidir.
Mehriban xanım Əliyeva Prezident İlham Əliyevin ən yaxın silahdaşı kimi ölkəmizin tərəqqisinə müstəsna töhfələr verir. Birinci vitse-prezidentimizin sosial, humanitar və iqtisadi siyasətin həyata keçirilməsində, bəhs olunan sahələrdə mühüm nailiyyətlərin əldə olunmasında böyük əməyi var. Mehriban xanım Əliyevanın fəaliyyəti, həmçinin humanizm, xeyriyyəçilik və vətənpərvərlik prinsiplərinə əsaslanır. O, əhalinin həssas qruplarının, o cümlədən şəhid ailələrinin, qazilərin, məcburi köçkünlərin, ahılların, kimsəsizlərin, irsi qan xəstəliyindən və digər irsi xəstəliklərdən əziyyət çəkənlərin problemlərinin həllinə xüsusi diqqət və həssas münasibət göstərir.
Mehriban xanım Əliyevanın Azərbaycanı dünyada mədəniyyət carçısı, sivilizasiyalararası dialoq, mültikulturalizm və tolerantlıq məkanı kimi təqdim etməsi Prezident İlham Əliyevin müzəffər lider portretini uğurla tamamlayır. Birinci vitse-prezident kimi Mehriban xanım Əliyeva qısa müddətdə özünün peşəkarlığı, zəngin təcrübəsi, böyük humanizmi və hadisələrə genişmiqyaslı baxışı ilə Azərbaycan tarixində qadın hərəkatının yeni bir səhifəsini açmış, idarəetmədə qadınların rolunun artmasına səbəb olmuşdur. Mehriban xanım Əliyeva ölkəmizdəki qadın hərəkatı tarixində ilk şəxsiyyətdir ki, maarifçilikdən səhiyyəyə, idmandan mədəniyyətimizin təbliğinə, xeyriyyəçilikdən ətraf mühitin qorunmasına qədər geniş bir fəaliyyət məkanını əhatə edir.
Böyük fəxrlə deyə bilərik ki, ölkəmizin hər bir bölgəsində Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondu tərəfindən həyata keçirilmiş mühüm layihələri görmək mümkündür. Heydər Əliyev Fondu 20 ilə yaxındır ki, yaradılmışdır və bütün bu illər ərzində Fondun əsas məqsədi, vəzifəsi insanlara kömək göstərmək, Azərbaycan mədəniyyətini dünyada təbliğ etmək, təhsil, səhiyyə, mədəniyyət, incəsənət, elm sahələrinə töhfə verməkdir.
Bizim rayonumuzun ərazisində də infrastruktur layihələrin reallaşdırılmasında dövlətimizlə yanaşı Heydər Əliyev Fondunun böyük dəstəyi var. Belə ki, Füzuli rayonu ərazisində bu günə qədər Heydər Əliyev Fondu tərəfindən 9 böyük layihə reallaşdırılmış, 1 məktəb binasının əsaslı təmiri həyata keçirilmişdir. Sevindirici haldır ki, rayonumuzda Heydər Əliyev Fondu tərəfindən mühüm layihələrin həyata keçirilməsi bu günə qədər də uğurla davam etməkdədir. Horadiz şəhərində 2 saylı körpələr evi-uşaq bağçası, 3 saylı tam orta məktəb,Tarix Diyarşünaslıq Muzeyi, Rəsm Qalereyası, Gənclər Mərkəzi, habelə rayonun Bala bəhmənli kəndində yerləşən körpələr evi-uşaq bağçası Heydər Əliyev Fondunun füzulilərə olan töhfələrindəndir. Rayonumuzda yeni inşa olunan körpələr evi- uşaq bağçaları füzulilərə göstərilən diqqət və qayğının növbəti əyani təzahürüdür. Belə ki, rayonun İkinci Mahmudlu, Əhmədbəyli və Arayatılı kəndlərində Heydər Əliyev Fondu tərəfindən tikilmiş, hər biri 55 yerlik olan körpələr evi-uşaq bağçaları artıq körpə fidanların ixtiyarındadır. Heydər Əliyev Fondunun rayonumuzda reallaşdırdığı layihələrdən olan Horadiz şəhər 3 saylı tam orta məktəb artıq Vətən Müharibəsi Qəhrəmanı, şəhid Fəqan Zalovun adını daşıyır.
Bir xalqın qəlbində özünə yer tapmaq, onun həm qürur duyduğu bir fərdi, həm gələcəyini təmin edəcək siyasi fikirlərin tətbiqində yer alan siyasətçisi, həm də keçmişinə və gələcəyinə işıq tutan ziyalısı olmaq artıq tarixin şanlı səhifələrində o xalqla birgə yer almaq deməkdir. Mehriban xanım Əliyeva öz fəaliyyətində hər zaman millətin dili, mədəniyyəti, tarixi və milli-mənəvi dəyərlərinə sadiq qalmışdır. Mehriban xanım Əliyeva özünün çoxşaxəli fəaliyyətini bu amillər üzərində qurmuşdur. Bütün varlığı və əzmkar fəaliyyəti ilə Azərbaycançılıq ideologiyasına xidmət edən Mehriban xanım Əliyeva dövlətçiliyin qorunması və qüdrətlənməsi naminə uğurla fəaliyyət göstərir. Bu uğurlu fəaliyyətində Mehriban xanım Əliyevaya əzmkarlıq, yorulmazlıq və möhkəm can sağlığı arzulayırıq.
Eyvazova Gülbahar,
Füzuli RİHB-nin müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri

