Siyasət 

Mehriban xanım Əliyevanın fəaliyyətinə verilən ən yüksək dəyər xalqımızın qəlbində taxt qurmuş bütöv şəxsiyyət obrazıdır

Mehriban Əliyeva çox peşəkar, bilikli, təcrübəli, prinsipial, çox xeyir­xah bir insandır. Təsadüfi deyil ki, Azərbaycan xalqı ona böyük rəğbət və sevgi ilə yanaşır.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Dövlət idarəçiliyi sisteminin institusional əsaslarının və kadr potensialının tarixilik ənənələri və modern trendlər nəzərə alınaraq təkmilləşdirilməsi cənab Prezident İlham Əliyevin idarəçiliyinin mərkəzi xəttini təşkil edir. Bu novator yanaşmaya və inkişaf xəttinə uyğun olaraq 2016-cı il sentyabrın 26-da Prezident İlham Əliyevin təşəbbüsü əsasında Konstitusiya islahatları ilə bağlı keçirilən referendumun nəticələrinə görə ölkədə Birinci vitse-prezidentlik institutu yaradılmışdır. Qədim dövlətçilik ənənələrinə malik olan, habelə qlobal və yenilikçi çağırışlara adekvat cavab verən Azərbaycanın müasir dövlət idarəçilik tarixində Birinci vitse-prezidentlik institutunun təsis olunması dövlət idarəçilik sisteminin təkmilləşdirilməsinə xidmət edən vacib addım oldu. Prezident İlham Əliyevin beş il öncə, 2017-ci il 21 fevral tarixində imzaladığı Sərəncama əsasən, Mehriban Arif qızı Əliyevanın Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin olunması və illər ərzində görülən işlərin nəticəsi bu qərarın yerində və məqamında atılmış addım olduğunu bir daha təsdiq etməklə yanaşı, həm də cəmiyyətin çağırışlarına cavab verdi. Bu baxımdan da Mehriban xanım Əliyevanın həyata keçirdiyi fəaliyyətin xalq tərəfindən təqdir edilməsi, cəmiyyətimizin səmimi sevgi ilə onu bağrına basması göstərdi ki, cənab Prezidentin bu qərarı Azərbaycan cəmiyyətinin mövqeyi ilə paralellik təşkil edir. Buna görə də Təhlükəsizlik Şurasının iclasında Birinci vitse-prezidenti təqdim edən Prezident İlham Əliyev deyib: “Mehriban Əliyeva uzun illərdir ki, ölkəmizin ictimai-siyasi həyatında, mədəni həyatımızda mühüm və fəal rol oynayır”.

Vitse-prezidentlik institutunun yaradılması dövlətin idarəetməsinin səmərəlilik və çevikliyini artırdı. Buna görə də dünyanın nüfuzlu və aparıcı hesabatlarına əsasən, Azərbaycan nəinki hökumətin siyasi sabitliyi təmin etməsinə görə, həm də onun dəyişməyə cavabdehliyi, yəni, islahatçı obrazı və uzunmüddətli strategiyasına görə qabaqcıl yerlərdə dayanır. Differensiallaşdırılmış bölmələrə adi və qeyri-adi tapşırıqlar üzərində paralel işləməyə imkan verən yüksəkixtisaslı kadrların cəlb olunması işində bu təsisat əhəmiyyətli rol oynamaqdadır. Mehriban xanım Əliyevanın Birinci vitse-prezidentlik fəaliyyəti dövlət idarəçilik sisteminə modernlik qatmaqla, yeni nəfəs gətirdi. Rutin, təkrarlanan tapşırıqlardan kənara çıxmaqla qeyri-müntəzəm, innovativ tapşırıqların yerinə yetirilməsində beynəlxalq trendlərin və təcrübənin nəzərə alınaraq ölkəmizdə tətbiq olunmasında uyğun olan təşkilati dizaynların  seçilməsi, savad, peşəkarlıq amilinin  ön plana çəkilməsi, dünyanın qabaqcıl təhsil standartlarının tətbiq olunaraq keyfiyyətli təhsilə əlçatabilənlik, ölkədə idman hərəkatının davamlılığı, ekoloji problemlərin aktual tutulması, bu istiqamətdə cəmiyyətimizin maarifləndirilməsi, şüurluluq, məlumatlılıq əsas məqsədlərdir ki, illər ərzində əldə olunmuş nəticələr hər belə məqsədin uğurla realizə edilməsinin əyani sübutudur.

Dövlət idarəçiliyində praqmatizm və siyasi inam hökumətdə idarəetmə innovasiyalarını həvəsləndirmək üçün mühüm əhəmiyyət kəsb edir. Yeniliklər dövlət idarəçiliyinə yeni yanaşmaya gətirib çıxardı. Bu illər ərzində geniş məqsədlər diqqətin yeni və əsaslı planların hazırlanması ilə əsas strateji sahələrin inkişafına yönəldilməsindən, yeni sinerjidə tətbiq edilən strategiyalar və fəaliyyətlərin  hazırlanmasından ibarət olmuşdur. Birinci vitse-prezidentlik institutunun təsisatından sonra hökumətin işində bəzi əsaslı dəyişikliklər baş vermişdir ki, bu da təşkilati strukturlarda və hökumət sistemlərində daha çox səmərəliliyin, daha həssas və çevik dövlət xidmətlərinin göstərilməsinə yönəlmiş əsas və görünən idarəetmə yenilikləri ilə nəticələnmişdir.

Mehriban xanım Əliyevanın xalqımızın qəlbində daha dərin kök salması özünü onun Birinci vitse-prezident kimi ilk müşavirəsini məcburi köçkün soydaşlarımızın problemlərinə həsr etməsində göstərdi. Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyəti və nəcib əməlləri nəinki cəmiyyətimizi əhatə edir, bu nümunəvi fəaliyyət ölkə hüdudlarına çıxaraq bütün bəşəriyyəti qucaqlamışdır. Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondu “Tolerantlığın ünvanı – Azərbaycan” layihəsi çərçivəsində ölkəmizdə yeni məscidlər inşa etmiş, müqəddəs ziyarətgahların təmir-bərpa işlərini həyata keçirməklə kifayətlənməmiş, dünya mədəni irsinə töhfələr vermişdir. Bu gün Mehriban xanım Əliyeva işğaldan azad olunmuş tarixi torpaqlarımızın bərpasında humanitar missiyanı həyata keçirir.

Yeni Azərbaycan Partiyasının Sədrinin Birinci müavini, 2005-ci ildən 2017-ci ilə qədər Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Heydər Əliyev Fondunun və Azərbaycan Mədəniyyət Fondunun prezidenti, Azərbaycan Milli Olimpiya Komitəsinin İcraiyyə Komitəsinin üzvü, UNESCO-nun və ICESCO-nun Xoşməramlı səfiri kimi Mehriban xanım Əliyevanın adı tutduğu vəzifələrdə təşkilatçılıq, peşəkar qərarların qəbul olunması və çeviklik kimi xüsusiyyətlərlə paralel işlənir. Digər tərəfdən isə qadın isməti, nümunəvi analıq obrazı, yaşlılara qayğı, körpələrə sonsuz sevgi Mehriban xanım Əliyevanın əsl Azərbaycan xanımına xas olan xüsusiyyətlərindən xəbər verir ki, məhz bu amil də ona  xalqın qəlbində taxt qurmağa imkan verdi.

Cənab Prezident İlham Əliyev deyirdi: “Biz heç vaxt işğal siyasəti ilə barışmayacayıq”. Bu devizin elan olunması ilə dövlətin ordu sisteminin modernləşdirilməsi, siyasi, iqtisadi cəhətdən möhkəmləndirilməsi və gücləndirilməsi beynəlxalq aləmdə də Azərbaycanın nüfuzunun artırılması ilə paralel irəliləməli idi. Bu missiyanı öz nəcib çiyinləri üzərinə götürən Mehriban xanım Əliyevanın rəhbərliyi ilə hazırlanan və Azərbaycanda keçirilmiş beynəlxalq tədbirlər sayəsində ölkəmizin nüfuzu daha da artmış, dünya birliyi Azərbaycanı mədəni, sivil, multikultural dəyərlərə rəğbət edən dövlət, bu dəyərləri cəmiyyətimizin həyat tərzi kimi qəbul edən bir xalq olaraq tanımışdır. Müharibənin bitməsinə baxmayaraq postmünaqişə dövründə informasiya savaşı, Azərbaycanın siyasi iradəsinin davam etdirilməsi, diktə etdiyimiz reallıqların davamlı və nəticəyə istiqamətlənməsi işində Mehriban xanım Əliyevanın Azərbaycanı dünyada mədəniyyət carçısı, sivilizasiyalararası dialoq, multikulturalizm və tolerantlıq məkanı kimi təqdim etməsi Prezident İlham Əliyevin Müzəffər Lider portretini uğurla tamamlayır. Diplomatiya dostların sayını artırmaq, düşmənləri minimallaşdırmaq ya da ən azından neytrallaşdırmaq sənətidirsə Mehriban xanım Əliyevanın fəaliyyəti ölkənin “Yumşaq güc” siyasətinin təcəssümüdür. Beynəlxalq münasibətlər sistemində Azərbaycanın dostu olan ölkələrin sayının artmasında müstəsna xidmətlər onun fəaliyyətinin ana xəttini təşkil edir. Sadəlik, dürüstlük, sədaqət, sevgi, peşəkarlıq bütün bu xüsusiyyətlər Azərbaycan insanının və qadınının obrazında Mehriban xanım Əliyevada cəmlənmişdir. Keçmişə sədaqət, gələcəyə planlı və sistemli yanaşma kimi mənəvi və professional dəyərləri əsas tutaraq yüksək etimad və Ulu Öndər Heydər Əliyevin siyasi irsinə sadiqlik göstərən Mehriban xanım Əliyeva Yeni Azərbaycan Partiyasının yeni Nizamnaməsinə uyğun olaraq, Partiyanın Sədri cənab İlham Əliyevin Sərəncamı ilə 2021-ci il 5 mart tarixində YAP Sədrinin birinci müavini təyin edilib. Heç şübhəsiz ki, bu təyinat yüksək etimadın, Ulu Öndər Heydər Əliyevin siyasi irsinə sadiqliyin və Azərbaycanın dövlət siyasətində qadına göstərilən xüsusi diqqətin bariz nümunəsidir. Məhz bu səbəbdəndir ki, Mehriban xanım Əliyeva dövlət idarəçilik sistemində peşəkar dövlət xadimi obrazı formalaşdırmış, onun timsalında Azərbaycan qadını cəmiyyət həyatının aktiv iştirakçısına çevrilmişdir. Qadınların rolunun artması, hər bir azərbaycanlı qadının fəaliyyətində Mehriban xanım Əliyevanın obrazının bütövlüyünün əsas tutulması ilə yanaşı,  Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Fransa, İtaliya, Rusiya, Türkiyə, Ukrayna və başqa ölkələrin birinci xanımları və ya dövlət idarəetməsində yüksək vəzifə tutan xanımları ilə keçirdiyi çoxsaylı görüşlər, əməkdaşlıq etdiyi müxtəlif platformalar Azərbaycan qadını obrazının dünyada ən ali xüssiyyətlər və keyfiyyətlərlə tanıdılmasında önəmli əhəmiyyətə malikdir.

Heydər Əliyev Fondunun prezidenti kimi həm ölkəmizdə çoxsaylı beynəlxalq tədbirlərə yüksək səviyyədə ev sahibliyi etməsi təşkilat komitələrinin rəhbəri kimi Mehriban xanım Əliyevanın yüksək təşkilatçılıq qabiliyyətindən, məqsədyönlülüyündən xəbər verir.  Mehriban xanım Əliyeva istər siyasi karyerası, istər ictimai fəaliyyəti çərçivəsində başladığı bütün işlərin öhdəsindən yüksək peşəkarlıqla gəlir. 2017-ci ildə Bakının ev sahibliyi etdiyi IV İslam Həmrəyliyi Oyunları, 2019-cu ildə UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının Azərbaycanda keçirilməsinə təşəbbüs göstərməsi və buna nail olması Birinci vitse-prezident Mehriban xanım Əliyevanın yüksək təşkilatçılıq qabiliyyətindən xəbər verdisə, eyni zamanda bütün dünya gördü ki, Azərbaycan güclü dövlətdir.

Dövlət idarəetməsi  bir tərəfdən istiqamət vermək, əlaqələndirmək, nəzarət etmək kimi amillərdə cəmlənirsə, digər tərəfdən sosial baxımdan həssas əhali seqmentinin sosial təminatının milli səylər və beynəlxalq əməkdaşlıq vasitəsilə həyata keçirilməsi, onların iqtisadi, sosial və mədəni hüquqlarla təminatı dövlət idarəçiliyinin təşkili və resurslarının uyğun olaraq sözügedən insanların sosial təhlükəsizlik hüququnu, hökumətin fəaliyyət proqramlarını şərtləndirir, əhalinin rifahını təşviq etmək üçün onların sosial təhlükəsizliyi istiqamətində kompleks tədbirlər görür. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın sözügedən həssas qrupa sevgi, qayğı, mərhəmət göstərməsi göstərir ki, bu həm onun şəxsi keyfiyyətləri, həm də həyat tərzidir. Məhz bu səbəbdəndir ki, Mehriban xanım Əliyevanın bu adi normaları öz fəaliyyətində rəhbər tutması ona Azərbaycan cəmiyyətinin bütün təbəqələri arasında nüfuz, rəğbət və etibar qazandırmışdır. Şəhid ailələrinə, qazilərə göstərilən diqqət və qayğı, fiziki və əqli cəhətdən məhdud sağlamlıq imkanlarına malik körpələrin, uşaqların, yeniyetmələrin müalicəsi, onların cəmiyyətin bir üzvü kimi cəmiyyətə qazandırılması istiqamətində Heydər Əliyev Fondunun gördüyü işlər misilsizdir. Fond insan amilinin hər şeydən artıq önəm kəsb etməsinin əhəmiyyətinin cəmiyyətə aşılanması baxımından Azərbaycanda hər bir təşkilat üçün nümunəvi fəaliyyət göstərməklə bayraqdar qismində çıxış edir.  “Talassemiyasız həyat naminə” layihəsi yüzlərlə, minlərlə ananın qəlbinə ümid, ailələrə sevinc bəxş etmişdir. Fəaliyyətində və əməllərində məhz bu yüksək insani keyfiyyətləri rəhbər tutan Mehriban xanım Əliyevaya bəslənən səmimi sevgi bir ictimai və siyasi xadimin ucala bildiyi ən ali mərtəbədir.

Mehriban xanım Əliyevanın 2017-ci ilin 21 fevral tarixində Təhlükəsizlik Şurasının iclasında səsləndirdiyi  “Mən əminəm ki, vəzifədən asılı olmayaraq, insan öz yolunu, peşəsini seçəndə hər hansı bir işinə, əməyinə vicdanla yanaşmalı, qarşısına aydın məqsədlər qoyub, bu məqsədlərə nail olmağa çalışmalı, söz və işlərində bütöv olmalıdır. İnsanlarla ünsiyyətdə olmaq, onları dinləmək və eşitmək, köməyə ehtiyacı olana kömək etmək, mənəvi dəstək vermək Heydər Əliyev Fondunun hər bir əməkdaşının birbaşa vəzifəsidir. Hesab edirəm ki, bu, dövlət qurumlarında çalışan bütün insanların əsas borcu və vəzifəsidir. Gündəlik fəaliyyətimizdə insansevərlik, mərhəmət, qarşılıqlı hörmət, mehribançılıq unudulmamalıdır. Əksinə, məhz bu mənəvi dəyərləri uca tutaraq ən yüksək qələbələr əldə etmək, ən böyük zirvələrə qalxmaq olar. Mən sizi əmin edirəm ki, gələcək fəaliyyətimi məhz bu prinsiplər əsasında qurmağa çalışacağam. Ölkəmizin və xalqımızın maraqlarını hər şeydən üstün tutacağam, Azərbaycana layiqincə xidmət etməyə çalışacağam” fikirləri özünü illər ərzində fəaliyyətində doğrultdu.

Mehriban xanım Əliyevanın fəaliyyətinin arxasında zəhmət, bilik, ağıl və iradə, peşəkarlıq və təcrübə, prinsipiallıq və xeyirxahlıq kimi amillər dayansa da, bütün professional və şəxsi keyfiyyətlər ən yüksək ordenlərlə dəyərəndirilsə də, onun fəaliyyətinə verilən ən yüksək dəyər Azərbaycan xalqının qəlbində taxt qurmuş bütöv şəxsiyyət obrazıdır.

Şəbnəm HƏSƏNOVA,

Politoloq

Daha çox xəbərlər