Siyasət 

Mehriban xanım Əliyevanın fəaliyyət dairəsi çox genişdir.

Birinci vitse-prezident Mehriban xanım Əliyeva Azərbaycanda savadlı, peşəkar və sağlam yeni nəslin formalaşmasına xidmət edən önəmli təşəbbüslərlə daim çıxış edir.
Mehriban xanım Əliyevanın fəaliyyət dairəsi çox genişdir. O, elə bir şəxsiyyətdir ki, onun fəaliyyəti təhsildən səhiyyəyə, idmandan mədəniyyətimizin təbliğinə, xeyriyyəçilikdən ətraf mühitin qorunmasına qədər geniş bir fəaliyyət arealını əhatə edir. Heydər Əliyev Fondunun prezidenti kimi Mehriban xanım Əliyevanın Azərbaycan-UNESCO münasibətlərinin inkişafı sahəsində gördüyü işlər xüsusi əhəmiyyət kəsb edir. On səkkiz ildir ki, Mehriban Əliyeva UNESCO-nun xoşməramlı səfiri kimi qeyri-maddi mədəni irsin təbliği və qorunması missiyasını şərəflə yerinə yetirir. Eyni zamanda, ISESCO-nun da xoşməramlı səfiri olaraq Azərbaycan tarixini və mədəni irsini, ölkəmizlə bağlı həqiqətləri dünya ictimaiyyətinə çatdırmaq istiqamətində davamlı fəaliyyət göstərir. Məhz bu səylərin nəticəsi olaraq İçərişəhər, o cümlədən Şirvanşahlar Sarayı və Qız qalası, Qobustan qayaüstü rəsmləri, Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilib. Həmçinin muğam və aşıq sənətimiz, “Kamança simli musiqi alətinin hazırlanması və ifaçılıq sənəti”, “Dədə Qorqud irsi”, Azərbaycan kəlağayı sənəti Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına salınıb. Bundan başqa, Azərbaycan 2019-cu ilin iyulunda UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasına uğurla ev sahibliyi edib.
2017-ci il fevralın 21-də Mehriban xanım Əliyevanın Birinci vitse-prezident vəzifəsinə təyin edilməsi onun zəngin fəaliyyətinin və təşkilatçılıq bacarığının məntiqi nəticəsi kimi dəyərləndirilir.
Mehriban xanım Əliyeva sadəcə ölkənin birinci xanımı olaraq deyil, ümumiyyətlə bir vətəndaş, qadın və ana olaraq mövqeyini ortaya qoyaraq Azərbaycan üçün çox böyük işlər görüb. Mehriban xanım Əliyevanın ali dəyərlərə söykənən fəaliyyətindən söz açarkən onun bilavasitə təşəbbüsü ilə uşaq və yeniyetmələrin təhsili və təlimi sahəsində müxtəlif layihələrin həyata keçirilməsinə də xüsusi nəzər salmaq lazımdır. Sirr deyil ki, birinci xanım, xüsusilə, valideyn qayğısından məhrum olan, xəstə, yardıma ehtiyac duyan uşaqların əsl himayəçisi kimi fəaliyyət göstərir. Həmçinin, Daun Sindromlu Şəxslərin Reabilitasiyası Mərkəzinin, Talassemiya Mərkəzinin tikilməsi, 50 mindən çox insana sağlamlığına qovuşması üçün zəruri dəstəyin göstərilməsi kimi vacib tədbirlər Mehriban Əliyevanın ölkəmizdə fiziki və əqli cəhətdən sağlam nəslin yetişməsinə verdiyi əhəmiyyətin parlaq təzahürüdür.
Mehriban xanım Əliyevanın fəaliyyətində əhalinin həssas təbəqələrinin, o cümlədən məcburi köçkünlərin, şəhid ailələrinin, qazilərin problemlərinin həlli xüsusi yer tutur. O, Birinci vitse-prezident kimi ilk müşavirəsini qaçqın və məcburi köçkün ailələrin həyat şəraitinin yaxşılaşdırılmasına həsr etmişdi. Həmin müşavirədən dərhal sonra müvafiq tədbirlər planı hazırlandı və real işlər başlandı. Qısa müddətdə yüz minlərlə qaçqın və məcburi köçkünün mənzil-məişət şəraiti yaxşılaşdırıldı.
Heydər Əliyev Fondu Vətən müharibəsi zamanı şəhid olan hərbçilərin ailələrini və qazilərimizi də daim diqqətdə saxlayır, onların qayğısına qalır. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərlik etdiyi Fond bu kateqoriyadan olan insanların qayğıları ilə yaxından maraqlanır, onları narahat edən məsələlərin həlli üçün mütəmadi olaraq tədbirlər həyata keçirir. Birinci vitse-prezident Mehriban Əliyevanın tapşırığı ilə Heydər Əliyev Fondu tərəfindən Aprel döyüşləri zamanı, eyni zamanda, 44 günlük Vətən müharibəsində ağır yaralanan qazilərimiz müalicə və reabilitasiya üçün Türkiyəyə göndərilib, həmçinin müharibədə sağlamlıqlarını itirmiş bir qrup əsgər və zabit yüksək texnologiyalı protezlərlə təmin edilib.
Mehriban xanım Əliyevanın çoxşaxəli və xoşməramlı fəaliyyəti həm Azərbaycanda, həm də beynəlxalq miqyasda yüksək qiymətləndirilir. Mehriban xanım Əliyeva Azərbaycanın ən ali dövlət mükafatlarına – “Heydər Əliyev” ordeninə və Heydər Əliyev Mükafatına layiq görülmüşdür. Xarici ölkələrin ali dövlət mükafatları sırasında xüsusi olaraq qeyd etmək olar: Fransanın “Şərəf Legionu”, Rusiyanın “Dostluq” və “Həştərxan vilayəti qarşısında xidmətlərinə görə”, İtaliyanın “Xidmətlərə görə” Böyük Xaç Kavaleri, Vatikanın IX Piy Ordeninin Böyük Xaçı, Polşanın “Xidmətlərə görə” Böyük Komandor Xaçı, Pakistanın “Hilal-ePakistan”, Serbiyanın “Sreten”, Macarıstanın “Xidmətlərə görə” Komandor Xaçı, Rus Pravoslav Kilsəsinin II dərəcəli Müqəddəs Mələksima Knyaginya Olqa ordenləri, UNESCO-nun “Qızıl Motsart” medalı, BMT-nin Ümumdünya Əqli Mülkiyyət Təşkilatının Qızıl medalı, Krans Montana Forumunun Qızıl medalı və “Prix de la Fondation” mükafatı, Avropa Olimpiya Komitələrinin Ali Ordeni, Beynəlxalq Ədalətli Oyunlar Komitəsinin “Xüsusi xidmətlərə görə” medalı, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Qızıl medalı, Küveyt Dövlətinin Fəxri diplomu, Ümumdünya Səhiyyə Təşkilatı İcraiyyə Komitəsinin mükafatı, “Qızıl ürək” beynəlxalq mükafatı, Beynəlxalq Olimpiya Akademiyasının “Olympic Excellence” xüsusi fəxri mükafatı, Türk-Alman Dostluq Federasiyasının fəxri mükafatı. Mehriban xanım Əliyeva, eyni zamanda, Rusiya Federasiyasının İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Fəxri professoru, Bolqarıstanın Müqəddəs Kiril və Mefodi adına Veliko Tırnovo Universitetinin fəxri doktoru seçilmişdir.
Təhsilə göstərilən qayğı kontekstində ötən illərin növbəti təşəbbüsləri xüsusi olaraq vurğulanmalıdır: “Yeniləşən Azərbaycana yeni məktəb” proqramı, “Uşaq evləri və internat məktəblərinin inkişafı” proqramı, “Təhsilə dəstək” və s. Qeyd olunan proqramların icrası nəticəsində təhsildə, habelə yeni savadlı və vətənpərvər nəslin formalaşdırılması prosesində əsaslı nailiyyətlər əldə olunmuşdur. Təkcə 2020-2021-ci tədris ilində Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə ölkəmizdə, o cümlədən Bakı, Gəncə və Mingəçevir şəhərlərində, eləcə də müxtəlif rayonlarda 100-ə qədər, ümumilikdə isə ötən dövr ərzində 3000-dən artıq təhsil müəssisəsi inşa və əsaslı təmir olunaraq müəllim və şagirdlərin ixtiyarına verilmişdir. Müasir tipli məktəblərin inşası, tədris prosesində normal şəraitin yaradılması, təhsilin keyfiyyətinin yaxşılaşdırılması son illər ərzində Azərbaycan təhsilinin beynəlxalq təhsil məkanına inteqrasiyasını gücləndirmiş və beynəlxalq fənn olimpiadalarında Azərbaycan məktəblisinin uğurlarının əsas təminatçısı olmuşdur. Orta məktəb və digər təhsil müəssisələrinin idman zalları ilə təchiz olunması, futbol meydançalarının, yeni salınan parklarda mini stadionların, idman qurğularının istifadəyə verilməsi, bölgələrdə və paytaxtda şahmat məktəblərinin, idman komplekslərinin tikilməsi Azərbaycanda idman hərəkatının genişlənməsinə səbəb olmuşdur. Sağlamlığın qorunması istiqamətində beynəlxalq tədbirlər çərçivəsində Heydər Əliyev Fondu Dünya Diabet Günü kampaniyasına qoşulmuş, əhalinin sağlamlığının qorunması, xüsusilə uşaqların fiziki cəhətdən sağlam böyüməsinə lazımi səviyyədə diqqət yetirilməsi üçün “Talassemiyasız həyat naminə” layihəsini başlamışdır. Bundan əlavə, 2010-cu ildə Heydər Əliyev Fondu və UNICEF-in birgə təşkilatçılığı ilə keçirilən anemiya və talassemiya üzrə “dəyirmi masa”da bu istiqamətdə bir çox mühüm problemlər müzakirə edilmişdir. Məhz bu xidmətlərinə görə Ümumdünya Səhiyyə Təşkilatı İcraiyyə Komitəsinin 2007-ci il yanvarın 29-da Cenevrədə keçirilən 120-ci sessiyasının yekdil qərarı ilə ana, uşaq və ailə sağlamlığının qorunması və möhkəmlənməsi işində müstəsna xidmətlərinə görə Mehriban xanım Əliyeva bu beynəlxalq təşkilatın ali mükafatına layiq görülmüşdür.
Biz bundan sonra da əminik ki, mədəniyyətimizin və təhsilimizin inkişafında daim əzmkarlıq nümayiş etdirən Mehriban xanım ictimai-siyasi, humanitar yönümlü fəaliyyəti ilə yeni-yeni zirvələr fəth edəcək, Azərbaycanımızın adını ucaldacaqdır. Bu gün Azərbaycan xalqı sevgi və qürur hissi ilə Mehriban xanım Əliyevanın fəaliyyətini diqqətlə izləyir və atdığı hər addımı dəstəkləyir.

Daha çox xəbərlər