Əsas səhifə 

Kadrların düzgün seçilməsi işlərin uğurla getməsinə şərait yaradacaq

Prezident İlham Əliyev Coşqun Cəbrayılovu Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinin başçısı, Elgin Həbibullayevi Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı və Elxan İbrahimovu Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı təyin olunmaları ilə əlaqədar videoformatda qəbul edərkən bir daha bildirmişdir ki, insanları narahat edən problemlərin həlli həm Bakıda, həm bölgələrdə ön planda olmalıdır

«Son vaxtlar özəl sektorun inkişafı nəticəsində biz daha böyük uğurlara nail olmuşuq. Bu sahə deyə bilərəm ki, ilk günlərdən mənim Prezident kimi fəaliyyətimdə önəmli yer tuturdu və məhz bunun nəticəsində biz ümumi daxili məhsulumuzun əsasını, əksər hissəsini indi özəl sektor tərəfindən, qeyri-neft sektoru tərəfindən təmin edirik. Ancaq indiki şəraitdə, xüsusilə postmüharibə dövründə özəl sektorun üzərinə daha böyük vəzifələr düşür. Əlbəttə ki, ilk növbədə, onlar azad edilmiş torpaqlara fikir verməlidirlər və orada öz işlərini qurmalıdırlar. Bu məsələ ilə bağlı mən artıq dəfələrlə öz fikirlərimi demişəm və eyni zamanda, fəaliyyət göstərdikləri bütün bölgələrdə fəal olmalıdırlar.» Prezident İlham Əliyev Coşqun Cəbrayılovu Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinin başçısı, Elgin Həbibullayevi Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı və Elxan İbrahimovu Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı təyin olunmaları ilə əlaqədar videoformatda qəbul edərkən bir daha bildirmişdir ki, Prezident kimi həmişə sahibkarlara dəstək olmuş, güzəştli şərtlərlə kreditlər verilmiş və digər addımlar atılmışdır. Yerlərdə onlara elə şərait yaradılmalıdır ki, həvəslə investisiya qoysunlar, iş yerləri yaratsınlar: «Bir sözlə, onlara maneçilik törətmək yox, əksinə, kömək göstərmək lazımdır. Özəl sektorun inkişafı ümumi iqtisadi siyasətimizin istiqamətlərini nəzərə almalıdır.»

Hər zaman bu reallıq diqqətə çatdırılır ki, zaman amili islahatların sürətini, dərinliyini, səmərəliliyini təmin etmək, ölkənin inkişafı, xalqın rifahının yüksəldilməsi istiqamətində qarşıya qoyulmuş vəzifələrin vaxtında icrasına nail olmaq üçün başlıca faktorlardan biridir. Hakimiyyətin hər üç qolunda – icra, qanunvericilik və məhkəmə-hüquq sistemində həyata keçirilən təkmilləşmələr həm Azərbaycanın bugünkü inkişaf səviyyəsinə, həm də müasir dövrün çağırışlarının və qarşıda duran vəzifələrin vaxtında və yüksək keyfiyyətlə yerinə yetirilməsinə adekvat olmalıdır.

Dövlət başçısı İlham Əliyev çıxışlarında bu məqamı da xüsusi qeyd edir ki, Azərbaycan özünü dünyada güclü, məsuliyyətli ölkə kimi təqdim edir. 44 günlük İkinci Qarabağ müharibəsi Azərbaycanın potensialının nədən ibarət olduğunu nümayiş etdirdi. Azərbaycan döyüş meydanında qələbə qazandı. Əgər güclü iqtisadiyyat yaratmasaydıq, güclü ordu da qura bilməzdik. Ona görə bütün amillərin sintezi həm Qələbəni şərtləndirdi, həm də bundan sonra bizim inkişaf dinamikamızı da şərtləndirəcək. Hətta pandemiya dövründə də qeyri-neft sənayemiz artmışdır. Nəyə görə? Texnoloji inkişaf, sənayeləşmə, investisiyalar, güzəştli şərtlərlə kreditlərin verilməsi, dövlət-özəl sektor tərəfdaşlığı – bütün bu amillər öz rolunu oynayır. Texnologiyalar, telekommunikasiya sahələrində artıq bir çox yerli şirkətlər yaranmışdır və onlar həm Azərbaycanda, həm də xaricdə fəaliyyət göstərirlər.

Müasir dövrün informasiya-kommunikasiya texnologiyaları əsri olduğunu nəzərə alan Prezident İlham Əliyev 2003-cü ildə «Neft kapitalını insan kapitalına çevirək!» tezisini irəli sürərkən bu məqamı xüsusi qeyd etmişdir ki, inkişaf etmiş ölkələrə diqqət yetirsək görərik ki, onları irəli aparan bilikdir, savaddır, yeni texnologiyalardır. Azərbaycan da bu yolla irəliləyəcək. Hər yerdə islahatlar gedir. İslahatlar labüddür və ölkə qarşısında yeni vəzifələr dayanır. İslahatlar yenilik, yeni yanaşma, mövcud problemlərin həlli deməkdir. Dünyanın, o cümlədən Azərbaycanın koronavirus infeksiyası ilə mübarizə apardığı dövrdə hər bir ölkə malik olduğu imkanları ortaya qoydu. Azərbaycanın iqtisadiyyatını düzgün əsaslar üzərində qurması hər bir çətinliyin öhdəsindən layiqincə gəlməsinə əsas yaradır. Dövlət başçısı İlham Əliyev mübarizə tədbirlərinə başlandığı gündən insanların sağlamlığının təmin olunması ilə yanaşı, dayanıqlı inkişafı qorumaq, yüksək rifahı təmin etmək istiqamətində də əhəmiyyətli addımları ilə diqqət çəkdi. İlk gündən bildirildi ki, heç bir sosial layihə təxirə salınmayacaq, islahatlar daha da dərinləşdiriləcək. Özünüməşğulluq proqramına minlərlə insanın cəlb olunması təmin edildi. Bu məqsədlə beynəlxalq maliyyə qurumları, xüsusilə Dünya Bankı ilə birgə tədbirlərə start verildi. Azərbaycanın pandemiyaya qarşı mübarizə dövründə 30-dan artıq ölkəyə humanitar yardım göstərməsi də ölkəmizin iqtisadi imkanlarının təqdimatında əhəmiyyətli rol oynayır.

2003-cü ildən iqtisadi artımın qeyri-neft sektorunun hesabına olmasını qarşıya mühüm vəzifə kimi qoyan ölkə Prezidenti İlham Əliyevin bu məqsədə yüksək səviyyədə nail olmaq üçün regionların malik olduğu potensial imkanlardan səmərəli istifadəyə yol açan regional inkişaf proqramlarını təsdiqləməsi və uğurlu icrasına xüsusi diqqət göstərməsi bugünkü inkişafı şərtləndirən əsas amillərdəndir. Dövlət başçısı sözügedən videoformatda görüşdə də bu məqamı xüsusi qeyd etmişdir ki, 2004-cü ildə qəbul edilmiş birinci Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının və sonrakı dövrdə buna oxşar proqramların qəbul edilməsi bölgələrdə vəziyyəti böyük dərəcədə müsbətə doğru dəyişdirdi. Qarşıda duran əsas vəzifələr icra edildi, infrastrukturla bağlı olan məsələlər, sosial obyektlərin təmiri, tikintisi, iş yerlərinin yaradılması, işsizliyin aradan qaldırılması, yəni, bütün bu göstəricilər, eyni zamanda, aparıcı beynəlxalq maliyyə qurumları tərəfindən qeyd edilir və Azərbaycan ümumi inkişaf indeksinə görə inkişafda olan ölkələr arasında qabaqcıl yerlərdədir, birinci üçlükdədir: «Amma bu, o demək deyil ki, biz əldə olunan nailiyyətlərlə kifayətlənək. Ölkə qarşısında hələ də problemlər var və bu problemlər həll olunmalıdır.» Bölgələrə gəldikdə isə dövlət başçısı bildirmişdir ki, regionlarda canlanma və inkişaf Azərbaycanın bütün bölgələrində genişmiqyaslı işlər aparılmasına geniş imkanlar yaratdı.

Onu da qeyd edək ki, təkmil islahatların şərtləndirdiyi iqtisadi tərəqqi güclü sosial siyasətin həyata keçirilməsini təmin edir. Minimum əməkhaqqının, minimum pensiyanın artırılması, 44 günlük İkinci Qarabağ müharibəsindən sonra dövlət başçısı İlham Əliyevin şəhid ailələrinin, qazilərin, müharibə iştirakçılarının sosial müdafiəsinin gücləndirilməsinə xidmət edən addımları da sosial siyasətin prioritetliyini önə çəkir. Ölkə Prezidenti daim vətəndaşının yanında olduğunu, həyata keçirilən siyasətin təməlində vətəndaş amilinin dayandığını nümayiş etdirir. Bunun üçün təbii ki, ilk növbədə iqtisadi tərəqqinin təmin oluması əsasdır. Azərbaycanın malik olduğu təbii resurslarından səmərəli istifadəsi neft gəlirlərinin artmasında, bu isə öz növbəsində ölkəmizin hərtərəfli inkişafı üçün mühüm sosial-iqtisadi layihələrin həyata keçirilməsində aydın ifadəsini tapır. 2003-cü ildə cənab İlham Əliyevin vədləri sırasında yoxsulluq kimi sosial bəlanın aradan qaldırılacağı xüsusi qeyd edilmişdi. Son 18 ildə ölkəmizdə yoxsulluq 5, işsizlik 4,8 faiz səviyyəsinə düşmüşdür. Dövlət başçısı İlham Əliyev bildirir ki, bu, “qara qızıl”ın insan kapitalına çevrildiyini göstərir. Bu mühüm məqam da diqqətə çatdırılır ki, hər şey Azərbaycan vətəndaşı üçün edilir. Dövlətimiz nə qədər güclü olsa, insanlar da özlərini o qədər rahat hiss edəcəklər, təhlükəsizlik şəraitində yaşayacaqlar.

Azərbaycanın dayanıqlı inkişafının təmin edilməsində idarəçilik sisteminin təkmilləşdirilməsi əhəmiyyətli rol oynayır. Son illərdə təkmilləşmə istiqamətində atılan addımlara diqqət yetirmək kifayətdir. O da məlumdur ki, dövlət başçısı İlham Əliyevin Fərmanı əsasında «Dövlət Nəzarəti İnformasiya Sistemi» yaradılmışdır ki, burada da məqsəd ölkə Prezidentinin Fərman və sərəncamlarının, tapşırıqlarının icrasına, yerli icra hakimiyyəti orqanlarının fəaliyyətində səmərəliliyin artırılmasına nəzarətin təmin edilməsidir. Yeni texnologiyaların inkişaf etdiyi, daha dəqiq desək, bütün reallıqların ictimaiyyətə çatdırılmasında dəstək missiyasını yerinə yetirən yeni texnologiyalardan istifadə etməklə bu nəzarəti vaxt itkisi olmadan həyata keçirmək və hədəfə qısa zamanda nail olmaq mümkündür. Azərbaycan Prezidenti hər bir yeniliyin ölkəmizdə tətbiqinə maraq göstərir. Dövlət başçısı videoformatda keçirilən görüşdə bu çağırışı da etmişdir ki, biz böyük uğurlara nail olmuşuq, lakin ölkə qarşısında problemlər də kifayət qədər çoxdur və yerlərdəki bu problemlərin həlli böyük dərəcədə məmurlardan asılıdır. Çünki dövlət və hökumət öz üzərinə nə düşürsə, onu edir. Eyni zamanda, qanunvericilik orqanı – Milli Məclis qanunlar qəbul edir. Prezident sərəncamlar imzalayır, Dövlət proqramları qəbul edilir. Hökumət gündəlik fəaliyyətdə islahatların dərinləşməsi ilə bağlı addımlar atır. Yəni, bütün lazımi tədbirlər görülür. Uğurlu siyasətimiz nəticəsində əldə edilmiş maliyyə resursları buna imkan verir. Azərbaycan indi dünyada nadir ölkələrdəndir ki, heç kimdən asılı deyil. İqtisadi cəhətdən tamamilə müstəqildir, heç bir kreditə ehtiyacı yoxdur. Qarabağı və Zəngəzuru dirçəltmək üçün heç kimdən yardım almamışıq. Yerlərdə işlər düzgün təşkil olunduqda problemlər də öz həllini tapacaq.

İlklərə imza atan Azərbaycanın brendi kimi tanınan «ASAN xidmət», DOST kimi layihələrimiz insanlara rahat, səmərəli xidməti həyata keçirir, süründürməçilik halları ilə üzləşmədən hər kəs bu mərkəzlərin yaratdığı imkanlardan bəhrələnir. Aparılan sorğular əsasında vətəndaş məmnunluğunun 100 faiz olması bu yeniliklərin həyatımızda xoş ab-hava yaratdığının nümayişidir.

Hər bir yenilik, islahatların dərinləşməsi öz növbəsində kadr tələbatını aktuallaşdırır. Çünki yeni texnologiyaların tətbiqi öncə bunları dərindən bilən və tətbiq etməyi bacaran kadrların olmasını tələb edir. «Kadr sahəsində kadrların düzgün seçilməsi böyük dərəcədə işlərin uğurla getməsinə şərait yaradacaq» söyləyən ölkə Prezidenti bildirir ki, ona görə kadrların seçilməsində insanların iş qabiliyyəti, dövlətçiliyə, dövlətə sədaqət, vətənpərvərlik nəzərə alınmalıdır: «Tanışlıq, qohumluq əlaqələri və hansısa başqa prinsiplər tamamilə aradan qaldırılmalıdır. Elə kadrlar seçilməlidir ki, bu kadrlar dövlət məmurları qarşısında duran vəzifələri şərəflə yerinə yetirsinlər. Eyni zamanda, qeyd etdiyim kimi, vətənpərvər insanlar, dövlətə, xalqa bağlı olan insanlar, əlbəttə ki, ön plana çıxmalıdır və kadr təyinatları aparılanda bu, nəzərə alınmalıdır.»

Göründüyü kimi, postmüharibə dövrünün prioritetləri islahatların daha da dərinləşdirilməsini, kadr potensialının artırılmasını bir zərurət kimi ortaya qoyur. Əvvəldə də qeyd etdiyimiz kimi, bütün imkanların səfərbər edilməsi fonunda hədəflərə qısa zamanda nail olacaq, 30 il işğal altında qalan, ermənilər tərəfindən tamamilə yerlə-yeksan edilən torpaqlarımızda həyat bərpa ediləcək, Azərbaycan dayanıqlı inkişafı, cənnətməkana çevriləcək Qarabağımızla dünyanın diqqətində olacaq.

Davamlı inkişafda məmur-vətəndaş münasibətlərini xüsusi qeyd etməliyik. Aparılan islahatların əsas xətlərindən birini korrupsiya ilə mübarizənin daha da sərtləşdirilməsi və vətəndaş-məmur münasibətlərinin daha sağlam prinsiplər üzərində qurulması təşkil edir. Dövlət başçısı həmişə çıxışlarında ölkəmizin uğurlu inkişafı üçün vətəndaş-məmur münasibətlərinin mühüm əhəmiyyət kəsb etdiyini vurğulayır. Prezident daim qeyd edir ki, məmurlar xalqın xidmətçisi olduqlarını unutmamalıdırlar:“Siz daim insanlarla təmasda olmalısınız, onların problemlərini onlardan eşitməlisiniz, laqeyd olmamalısınız. Yəni, bütün məmurlar qarşısında mənim tərəfimdən qoyulan vəzifələr bundan ibarətdir. Çünki hər bir dövlət məmuru Prezident başda olmaq şərti ilə xalqın xidmətçisidir.»

Bir sözlə, ölkədə dövlət idarəçiliyinin optimallaşdırılması, şəffaflaşdırılması, onun operativliyinin və səmərəliliyinin yüksəldilməsi Prezident İlham Əliyev tərəfindən həyata keçirilən islahatların mühüm tərkib hissəsidir. Əvvəldə də qeyd etdiyimiz kimi, müxtəlif vaxtlarda yerli və mərkəzi icra orqanlarının strukturu, fəaliyyət istiqamətləri, prinsipləri, vəzifə və öhdəliklərinin dəqiqləşdirilməsi, paralelliyin aradan qaldırılması, qərarların çevik qəbul olunması və vəzifələrin mümkün qədər səmərəli icrası ilə bağlı qanunvericilik təşəbbüsləri irəli sürülüb və hazırda həyata keçirilən islahatlar paketinin mühüm tərkib hissəsi kimi Milli Məclis, Prezident Administrasiyası, Nazirlər Kabinetində həyata keçirilən struktur dəyişiklikləri öz müsbət nəticələrini verir. Bu gün dövlət orqanlarının fəaliyyətində müşahidə olunan operativlik, ictimai rəyə, vətəndaşların problemlərinə həssas yanaşma, bürokratik əngəllərin, korrupsiya, rüşvətxorluq və digər neqativ hallara qarşı kəskin mübarizə əhali tərəfindən təqdir olunur, yeni idarəetmə fəlsəfəsi ictimai rəydə daha çox rəğbət qazanır. Dövlət başçısı İlham Əliyev regionlara səfərləri zamanı «ASAN xidmət» mərkəzlərinin açılışlarında iştirak edərkən bu fikri xüsusi qeyd edir ki, Azərbaycanın dünyaya səs salan layihələri vətəndaş məmnunluğunun artmasında əhəmiyyətli rol oynayır. “ASAN xidmət” mərkəzlərinin yaradılması müstəqillik tariximizdə informasiya-kommunikasiya texnologiyalarının ən son nailiyyətlərinin istifadə olunduğu əsl yenilikdir. “ASAN xidmət”in əhəmiyyətini artıran həm də bu brendin ideya mərkəzində Azərbaycan vətəndaşlarının dayanmasıdır.

Atılan hər addımın təməlində vətəndaş amili dayanır. Dövlət başçısı İlham Əliyev bütün çıxışlarında bildirir ki, sosial-iqtisadi göstəricilər yalnız rəqəmlərdə deyil, insanların gündəlik həyatında öz əksini tapmalıdır. Ölkə Prezidenti İlham Əliyev Coşqun Cəbrayılovu Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinin başçısı, Elgin Həbibullayevi Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı və Elxan İbrahimovu Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı təyin olunmaları ilə əlaqədar videoformatda qəbul edərkən bir daha bildirmişdir ki, insanlar sizdən razı olsalar, mən də sizin işinizdən razı olacağam.

Daha çox xəbərlər