Cəmiyyət 

Xocalı həftəsi başladı – soyqırımının 30-cu ili xüsusi qeyd olunacaq

ABŞ-da Xocalı ilə bağlı mitinq planlaşdırılıb

Xocalı soyqırımının 30-cu ili dövlət səviyyəsində bir sıra tədbirlərin keçirilməsi ilə qeyd olunacaq. Prezident İlham Əliyevin  Xocalı soyqırımının otuzuncu ildönümü ilə əlaqədar tədbirlərin keçirilməsi haqqında imzaladığı sərəncama əsasən Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına Xocalı soyqırımının otuzuncu ildönümü ilə əlaqədar tədbirlər planı hazırlayıb onun həyata keçirilməsini təmin etmək tapşırılıb.

“Yeni Müsavat”ın əldə etdiyi məlumata görə, PA sərəncamdan irəli gələn məsələlərin həyata keçirilməsi istiqamətində işləri intensiv şəkildə həyata keçirir. Bu həftə “Xocalı həftəsi” olduğu üçün rayonlarda, təhsil müəssisələrində Xocalı soyqırımına həsr olunan konfranslar, müxtəlif məzmunlu tədbirlər keçiriləcək. Reallaşdırılan bütün tədbirlərdə dünya birliyinə, beynəlxalq təşkilatlara Xocalı soyqırımına ədalətli yanaşma üçün müraciətlər qəbul olunacaq. Müraciətlərin bir qismi beynəlxalq təşkilatların və bəzi dövlətlərin Bakıdakı nümayəndəliklərinə, səfirliklərinə göndəriləcək.

Yerli televiziya kanallarında isə Xocalı soyqırımı ilə bağlı proqramlar, filmlər efirə veriləcək.

Fevralın 26-da dövlət rəhbərliyinin də iştirakı ilə Bakıdakı Xocalı soyqırımı abidəsinin önündə anım mərasimi təşkil olunacaq.

Xaricdə də Xocalı soyqrımının 30-cu ildönümü tədbirləri keçiriləcək. Xarici ölkələrdəki Azərbaycan səfirlikləri və ölkəmizdən kənarda fəaliyyət göstərən diaspor təşkilatlarımız Xocalı qətliamının anım günü ilə bağlı müxtəlif tədbirlər planlaşdırıb. Niderlandda, Almaniyada, Polşada, Moldovada, Misirdə, Türkiyədə, Gürcüstanda, İtaliyada və digər ölkələrdə diaspor təşkilatlarımızın Xocalı soyqırımının 30-cu ildönümü ilə bağlı tədbirləri nəzərdə tutulub.

ABŞ-ın paytaxtı Vaşinqton şəhərində isə Xocalı faciəsinin 30 illiyi ilə əlaqədar Ümumamerika Qarabağ mitinqi keçiriləcək. Mitinqdə ABŞ-ın bütün ştat və şəhərlərində yaşayan azərbaycanlıların iştirakı planlaşdırılır. Bunun üçün paytaxt Vaşinqtona müxtəlif marşrutlar üzrə avtobuslar təşkil olunacaq. Dinc mitinq keçirməkdə məqsəd dünya ictimaiyyətinin diqqətini ermənilərin Xocalıda törətdiyi qanlı cinayətə yönəltməkdir.

Qeyd edək ki, Xocalı soyqırımı Azərbaycan tarixinin ən faciəvi hadisələrindən biridir. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı birləşmələri keçmiş SSRİ-nin Xankəndi şəhərində yerləşdirilmiş 366-cı motoatıcı alayının ağır texnika və şəxsi heyətinin dəstəyi ilə Xocalı şəhərini işğal ediblər. İndiyədək görünməmiş qəddarlıq nəticəsində 613 nəfər qətlə yetirilib, onlardan 106 nəfəri qadın, 63-ü azyaşlı uşaq, 70-i qocalardır, 8 ailə tamamilə məhv edilib, 487 nəfər əlil olub, 1275 nəfər əsir götürülüb, 150 nəfər isə itkin düşüb.

Ermənistan silahlı qüvvələri tərəfindən Xocalı şəhərinin işğal edilməsi nəticəsində Azərbaycana dəymiş maddi ziyan isə 170 milyon dollardan artıq məbləğdə qiymətləndirilir.

Azərbaycanın tarixi  torpaqlarında məskunlaşdırılan ermənilər dəfələrlə xalqımıza qarşı xəyanətlərə əl atıblar. Belə ki, “böyük Ermənistan” xülyası ilə yaşayan ermənilər öz çirkin məqsədlərinə çatmaq üçün xarici himayədarlarının köməyi ilə müxtəlif vaxtlarda azərbaycanlılara qarşı terror və soyqırımı həyata keçirməklə etnik təmizləmə siyasəti aparıblar. Xocalı soyqırımı isə ötən əsrin sonlarında Ermənistanın Azərbaycana qarşı yürütdüyü işğalçılıq və terror siyasətinin ən qəddar, ən qandondurucu səhifəsidir.

Ermənilərin azərbaycanlılara qarşı həyata keçirdikləri Xocalı soyqırımı təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir. Xocalıya hücum çəkən ermənilər bir gecənin içində bütün şəhəri yerlə-yeksan etdilər. Xocalı faciəsi dünya tarixində dinc əhalinin kütləvi qətliamı kimi dərin iz qoymuş Xatın, Holokost, Ruanda və Serebrenitsa kimi soyqırımları ilə bir sırada dayanır. Ona görə də Xocalı qətliamı bütün dünya tərəfindən genosid kimi tanınmalıdır. Azərbaycan dövləti buna nail olmaq fəaliyyətini davam etdirir. Bütövlükdə bundan sonra da hər birimiz Xocalı faciəsinin tanıdılması və onu törədənlərin layiqli cəzalarını almaları üçün var qüvvəmizlə çalışmalıyıq. Bu məsələdə diasporumuzun da üzərinə böyük vəzifələr düşür. Xocalı soyqımının dünyada tanınması üçün hamımız səfərbər olmalıyıq.

Eyni zamanda Azərbaycan dövlətinin qarşısında duran ən vacib işlərdən biri hələ də separatçı ermənilərin nəzarətində olan Xocalıda Azərbaycanın idarəçiliyinin reallaşmasına nail olmaqdır.

Daha çox xəbərlər