Gündəm 

Prezidentin Moskva səfərində imzalanan bəyannamədə nələr var?

Azərbaycanla Rusiya arasında “Müttəfiqlik və qarşılıqlı fəaliyyət haqqında Bəyannamə” imzalandı; iki ölkə münasibətlərində yeni mərhələnin başlanıldığı bəyan edildi

Rusiyada rəsmi səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyev fevralın 22-də Rusiya prezidenti Vladimir Putinlə görüşüb.

Putin deyib ki, iki ölkə arasında müttəfiqlik münasibətləri barədə birgə bəyannamə imzalanacaq: “Bu, tamamilə aydındır ki, münasibətlərimizin yeni inkişaf mərhələsidir və şübhəsiz ki, o cümlədən sona qədər nizamlanmamış, amma həllində irəliləyiş əldə olunmuş məsələdə-Qarabağ nizamlanması məsələsində əldə edilmiş nailiyyətdən sonra mümkün oldu”.

Rusiya prezidenti deyib ki, Qarabağ nizamlanmasında  mübahisələr, üzərində işlənməli olan məsələlər var: “Lakin biz öz tərəfimizdən prosesin dinc vasitələrlə getməsi, dinc yollarla inkişaf etməsi, şübhəsiz ki, prosesə cəlb olunmuş bütün tərəflərin məmnuniyyətinə nail olmaq üçün hər şeyi edəcəyik”. Putin deyib ki, pandemiyaya baxmayaraq ötən il mal dövriyyəsi 16 faizdən çox artıb. Rusiya dövlət başçısı  rus dilinin dəstəklənməsinə və inkişafına görə Azərbaycan rəhbərinə tə.əkkür edib.

Putin Ukrayna istiqamətində nələrin baş verdiyi barədə danışıb: “Dərhal demək istəyirəm: biz görürük və əvvəl də görmüşük ki, bu mövzuda spekulyasiyalar olur, o mövzuda ki, Rusiya özünün imperiya sərhədləri çərçivəsində imperiyanı bərpa etməyə hazırlaşır. Bu, qətiyyən həqiqətə uyğun deyil”. Rusiya dövlət başçısı bildirib ki, Ukrayna ilə bağlı vəziyyət  qonşu ölkələrlə münasibətdən fərqlidir: “Başqa situasiya onunla bağlıdır ki, həmin ölkənin ərazisi təəssüf ki, üçüncü ölkələr tərəfindən Rusiya Federasiyasına təhdid yaratmaq üçün istifadə olunur. Məsələ ancaq bundadır. Bizim indi bütün bunlar haqda daha ətraflı danışmaq imkanımız olacaq. Mən Sizi detallar haqda məlumatlandıracağam”.

“Azərbaycan və Rusiya arasında münasibətlər çox dinamik inkişaf edir”. Bunu Azərbaycan Prezidenti İlham Əliyev Rusiya prezidenti ilə görüş zamanı bildirib. “Biz daimi əlaqədəyik, telefonla əlaqə saxlayırıq və təbii ki, şəxsi görüşlər hər zaman xüsusi əhəmiyyət kəsb edir. Ölkələrimiz arasında son dərəcə vacib sənədin imzalanması öncəsi isə bu, xüsusilə önəmlidir.

Bunun, sizin də qeyd etdiyiniz kimi, ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinin qeyd olunduğu bir zamanda baş verməsi simvolik xarakter daşıyır. Düşünürəm ki, bu sənəd ölkələrimiz, qarşılıqlı münasibətlərimiz, həmçinin regional təhlükəsizlik üçün birmənalı olaraq müsbət əhəmiyyət kəsb edəcək”, – dövlət başçısı deyib.

Prezident İlham Əliyev Azərbaycanın iki ölkə arasında yaranmış mehriban qonşuluq münasibətlərini yüksək qiymətləndirdiyini bildirib.

“Azərbaycanla Rusiya arasında imzalanacaq müttəfiqlik bəyannaməsi kifayət qədər əhatəli sənəddir. Orada 40-a yaxın bənd var və müxtəlif sferaları əhatə edir. Sənəd birmənalı olaraq çox müsbət əhəmiyyətə malik olacaq”, – deyə İ.Əliyev  qeyd edib. İlham Əliyev əlavə edib ki, Rusiya Azərbaycanla Ermənistan arasında müharibənin dayandırılmasında mühüm rol oynayıb. Prezident İlham Əliyev qeyd edib ki, məhz Rusiyanın səyi nəticəsində proses hərbi fazadan siyasi-diplomatik mərhələyə keçib. Sonra görüş bağlı qapılar arxasında davam edib.

****

Danişiqlardan sonra isə Azərbaycanla Rusiya arasında “Müttəfiqlik və qarşılıqlı fəaliyyət haqqında bəyannamə” imzalanıb. (Bəyannamə ilə bağlı geniş materialları Musavat.com-dan və sabahkı sayımızdan oxuya bilərsiz).

Elman Nəsirov: "Allah belələrinin cəzasını versin" » Sfera.az Azərbaycanda  özəl xəbərlər, araşdırmalar, təhlillər və müsahibələrin tək ünvanı

Elman Nəsirov

Milli Məclisin üzvü Elman Nəsirov “Yeni Müsavat”a şərhində bildirdi ki, Azərbaycan-Rusiya münasibətləri öz mahiyyəti etibarilə strateji tərəfdaşlıq münasibətləri idi. Lakin 22 fevral tarixində imzalanan bəyannamə ilə münasibətlərimiz müttəfiqlik səviyyəsinə qalxmış olur: “Yeri gəlmişkən, onu söyləyim ki, Prezident İlham Əliyev 31 dekabr Dünya Azəraycanlılarının Həmrəylik Günü ilə bağlı xalqa təbrik müraciətində Azərbaycanın xarici siyasəti ilə bağlı mövqeyini ifadə edərkən Rusiya-Azərbaycan münasibətlərinə də toxundu. O zaman Prezident qeyd etmişdi ki, bizim Rusiya ilə münasibətlərimizin bundan sonrakı inkişafına xidmət göstərəcək yeni əməkdaşlıq mühitinin formalaşdırılması ilə bağlı addımlar atılacaq. Yəni bunun anonsunu cənab Prezident vermişdi. İndiki halda isə bizim münasibətlərimizin müttəfiqlik səviyyəsinə qalxması o deməkdir ki, bütün sferalar üzrə əməkdaşlıq yeni mərhələyə qalxır və artıq yeni imzalanan sənəd Azərbaycan-Rusiya münasibətlərinin bundan sonrakı inkişafının yol xəritəsi də hesab oluna bilər. Bütün sahələrdə əməkdaşlığın bundan sonrakı inkişafı öz əksini tapıb. Hər iki tərəfin bu münasibətlərin daha da yüksəyə qaldırılmasında maraqlı olduğu öz ifadəsini tapır”.

Deputat qeyd etdi ki, bu sənədin imzalanması xüsusi bir tarixi dövrə təsadüf edir: “Azərbaycanla Rusiya arasında imzalanan sənəd iki ölkənin münasibətlərini müttəfiqlik səviyyəsinə qaldırmaqla həm də heç bir halda üçüncü tərəfi hədəfə almır. Bu, heç bir halda NATO-ya qarşı deyil, ABŞ-a qarşı deyil, Avropaya qarşı deyil. Azərbaycan dövləti və Prezidenti ilk növbədə müstəqil siyasət, milli maraqlara söykənən siyasət həyata keçirir və bu siyasət üçüncü tərəfi hədəfə almayan siyasətdir”.

Ceyhun Məmmədov: "Əks təqdirdə, Azərbaycan İrana..."

Ceyhun Məmmədov

Milli Məclisin deputatı Ceyhun Məmmədov isə bildirdi ki, iki ölkə arasında münasibətlərin yeni mərhələsinin başlandığının şahidiyik: “Bu gün Rusiya-Qərb münasibətlərində çox kəskin qarşıdurma var. Ukrayna müstəvisində biz bunu görürük. Görünən odur ki, Rusiyanın bölgədə çox ciddi maraqları var. Azərbaycan həmişə Rusiya ilə yaxın münasibətlərin inkişafına maraq göstərib. Cənab Prezidentin həyata keçirdiyi siyasətin uğurlarından biri odur ki, biz Rusiya ilə Türkiyənin münasibətlərini uzlaşdıra bilmişik. Bu uzlaşdırmanın nəticəsində münasibətlərin yeni bir mərhələyə qədəm qoyduğunu görürük. Rusiya ilə münasibətlərin kəskinləşdirilməsinin keçmiş SSRİ respublikalarına nəyin bahasına başa gəldiyini görürük, bilirik. Biz Rusiya ilə yaxın əməkdaşlıq münasibətlərini qururuq. Azərbaycan cəmiyyətində müəyyən narahatlıqlar var. Buna əsas yoxdur. Azərbaycanla Türkiyə arasında Şuşa Bəyannaməsi imzalanıb və bu fərqli sənəddir. Rusiya ilə imzalanan sənəd isə ümumiyyətlə, siyasi, təhlükəsizlik, iqtisadi sahədə əməkdaşlığı ehtiva edir. Bu gün dünyada yeni yanaşmaları görürük. Bu gün Azərbaycanın qarşısında dayanan mühüm vəzifələrdən biri təhlükələrdən özünü sığortalamaqdır”.

Deputat qeyd edib ki, Rusiya ilə bəyannamənin imzalanması əlaqələri daha da gücləndirəcək, Qarabağda baş verən təxribatların qarşısını alacaq, Ermənistan-Azərbaycan münasibətlərində də yeni bir mərhələyə qədəm qoyulduğunun şahidi olacağıq.

Politoloq Elçin Mirzəbəyli isə bildirib ki, Rusiya ilə strateji tərəfdaşlıq haqqında Bəyannamə 2008-ci ildə, iyulun 3-də imzalanıb: “Rusiya ilə strateji tərəfdaşlıq haqqında Bəyannamə Azərbaycanın xarici siyasət kursunun təməl prinsiplərinə, ölkəmizin siyasi, iqtisadi və hərbi cəhətdən müstəqilliyinə hər hansı bir təsir göstərmədi. Əksinə, Rusiya ilə münasibətlərin daha etimadlı müstəviyə daşınmasına zəmin yaratdı ki, bu da özünü 44 günlük Vətən müharibəsində qabarıq şəkildə nümayiş etdirdi.

Elçin Mirzəbəyli: Azərbaycan döyüş meydanında olduğu kimi hüquq  müstəvisində də Ermənistanı məğlub etdi - AZƏRTAC – Azərbaycan Dövlət  İnformasiya Agentliyi

 Elçin Mirzəbəyli 

Qeyd edim ki, sözügedən bəyannamədə təhlükəsizlik sahəsində sıx əməkdaşlıqdan, hətta birgə fəaliyyətdən başlayaraq, beynəlxalq təcrübədə mövcud olan bütün əməkdaşlıq istiqamətləri öz əksini tapıb. Bu bəyannamədən sonra Azərbaycan-Rusiya sərhədlərinin delimitasiya və demarkasiya prosesi uğurla, ziddiyyətlərə, fikir ayrılığına yol verilmədən başa çatdırıldı. “Xəzərin hüquqi statusu haqqında” Konvensiyanın hazırlanması və qəbul edilməsi istiqamətində ciddi addımlar atıldı. Azərbaycanın mövqeyi və maraqları hər iki ölkənin iştirak etdiyi proseslərdə nəzərə alındı və ölkəmizin suveren hüquqlarını məhdudlaşdıracaq, iqtisadi və siyasi maraqlarımıza zərbə vura biləcək ciddi, tutarlı faktlar nəzərə çarpmadı.

Bu baxımdan, baş verənlərin mahiyyətinə varmadan, proseslərin gedişatının bizi hansı müstəviyə daşıyacağını təxmin etmədən, hətta yeni imzalanan sənədin məzmununun nədən ibarət olacağını belə bilmədən sosial şəbəkələrdə “tufan qoparan” “icazəli qəhrəman”ların nə istədiklərini anlaya bilmirəm. Səbrinizi basın! Və Azərbaycanın nəhəng bir coğrafiyanın parlaq ulduzuna çevrildiyinə şahidlik edin”.

Daha çox xəbərlər