Milli maraqlarımızı təmin edən tarixi zəfər
Bir filosofun fikridir: Savaş nifrət etdiklərimizi öldürərək deyil, sevdiklərimizi qurtararaq qazanılır. Bu fikrin ən bariz nümunəsi Azərbaycan xalqıdır. Biz öldürməyi, dağıtmağı, qan tökməyi sevən xalq deyilik, amma sevdiklərimizi canımızla, qanımızla qorumağı, qurtarmağı bacarırıq. Və bacardıq.
2020-ci ilin payızında son 200 illik tariximizin yeni səhifəsini açdıq. Yenidən döndük həyata, Azərbaycanın Şuşa dövrü başladı, Laçın dövrü başladı, Qarabağ dövrü başladı. Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə qalib xalq kimi, Dəmir Yumruq kimi. Zəfərimizin boyu, ölçüsü o qədər böyük idi ki, inanmaq belə çətindi.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının yeni səfəri, burada qəbul edilən «Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında» Bəyannamə mənə, Ulu Öndərin: “İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri İlham Əliyev başa çatdıra biləcək!” fikrini xatırlatdı. Çünki İlham Əliyev, Ulu Öndərin nəticələrini aydın gördüyü, lakin sona çatdıra bilmədiyi işləri tamamlayır.
Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə Rusiyada rəsmi səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fevralın 22-də olan görüşlərində çox mətləblərə aydınlıq gətirildi. Görüş zamanı V.Putin Rusiya ilə Azərbaycan arasında iqtisadi əlaqələrin çoxşaxəli olmasından söhbət açdı. Azərbaycanda rus dilinin inkişafına verilən dəstəyə görə də İlham Əliyevə təşəkkür etməyi unutmadı. Həmçinin regional əlaqələrin aktiv şəkildə inkişaf etdiyini vurğuladı. Qeyd etdi ki, istənilən halda təkcə orada yaşayan bütün insanların təhlükəsizliyinin təminatı baxımından deyil, həm də iqtisadi-ticarət əlaqələrin inkişafı, nəqliyyat əlaqələrinin açılması baxımından razılaşmalar var. Bilirəm ki, mübahisəli məqamlar var, üzərində işlənəsi məsələlər var. Amma biz öz tərəfimizdən hər şeyi edəcəyik ki, bu proses sülh vasitəsi ilə, sülh yolu ilə inkişaf etsin. Və həmçinin prosesə qoşulan bütün tərəflərin razı qalmasına çalışacağıq.
Yeni qəbul edilmiş bəyannamə haqqında danışan Rusiya lideri vurğuladı ki, bu, tam aydındır ki, bizim münasibətimizin inkişafında yeni mərhələdir.
Rusiyaya rəsmi səfərə dəvətə görə Vladimir Putinə minnətdarlıq edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iki ölkə arasında olan münasibətlərin çox dinamik şəkildə inkişaf etdiyini qeyd etdi. Qəbul olunan bəyannaməni ölkələrimiz, qarşılıqlı əlaqələrimiz, həmçinin regional təhlükəsizlik üçün birmənalı olaraq çox müsbət əhəmiyyət kəsb edəcəyini bildirdi. Ölkə Başçımız dedi: – Qarşılıqlı müttəfiqlik haqqında bəyannamənin imzalanması son illərdə bizim necə fəal işlədiyimizi və qarşılıqlı əməkdaşlığın potensialını artırmağımızı çox yaxşı illüstrasiya edir. Bu, sadəcə sözlər, sadəcə niyyət deyil. Həm də konkret işlər olub. Bəyannamə yetərincə genişdir.
Sənəddə göstərilən öhdəliklər daha çox Rusiyaya aiddir və Azərbaycan dövlətinin, xalqının maraqlarına tam uyğundur. Bir sözlə Rusiya ilə Azərbaycan arasında müttəfiqlik fəaliyyəti haqqında bəyannamə Azərbaycanın müstəqil siyasətini təsbit edir. Görməmək mümkün deyil ki, sənədin mahiyyətinə əsasən Rusiyanın Azərbaycana təsir imkanları azalır, ölkəmiz əlavə təminatlar almaqla daha da güclənir.
Moskva şəhərində iki ölkə başçısı arasında baş tutan bu görüş ulu öndər Heydər Əliyevin ən layiqli siyasi davamçısı möhtərəm Prezident İlham Əliyevin artıq təkcə regionumuzda deyil, dünyada sayılıb-seçilən siyasi liderlərdən olduğunu bir daha sübut etdi.
Qarşıdan gözəl günlərimiz gəlir. Heç birimizin şübhəsi yoxdur ki, XXI əsr bizim əsrimiz olacaq. Başımızda Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə yurdumuzu yenidən tikəcək, quracaq, yaradacaq, Azərbaycanı dünyanın lider dövlətinə çevirəcəyik.
Əminə YUSİFQIZI,
Əməkdar jurnalist,
Heydər Əliyev prospekti 47 ərazi partiya təşkilatının sədri
Yevlax

